Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Cəbrayılın Qələbə Günü

0


  • Cəbrayıl... bu ad bir vaxtlar nisgillə çəkilirdi. Bu ad deyildikcə illərlə həsrət çəkən insanların baxışlarında kədər, gözlərində yaş görünürdü. Bəlkə də gənc nəsil bu adın altında nə qədər böyük bir dərd olduğunu bilmirdi, amma Cəbrayıldan didərgin düşən hər kəsin qəlbində bir yanğı vardı. Torpaq itkisinin nə olduğunu ancaq onu itirən bilər.

    1993-cü ilin avqust ayı idi... Azərbaycan yeni müstəqil olmuşdu, amma düşmən fürsətdən istifadə edib ərazilərimizi işğal edirdi. Cəbrayıl rayonu da həmin il, avqustun 23-də Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olundu. O vaxt Cəbrayıl 1 şəhər, 4 qəsəbə, 92 kənddən ibarət idi. On minlərlə insan öz doğma yurd-yuvasından didərgin düşdü.

    Amma təkcə evlər yox, tarix də dağıldı. 132 tarixi abidə, 72 məktəb, 150-dən artıq mədəniyyət ocağı yerlə-yeksan edildi. Dəymiş ziyan milyardlarla dollarla ölçüldü. Amma bizim üçün o evlər, o torpaqlar pulla ölçüləcək qədər ucuz deyildi. O torpaqlarda uşaqlığımız, keçmişimiz, ata-ana nəfəsi, nənə-nəvə xatirəsi vardı.

    Və illər keçdi... Gözləntilər uzandı, dualar bir ömür boyu davam etdi. Amma xalq ümidini itirmədi. Nə vaxtsa Cəbrayıl qayıdacaq – deyə hər kəs inanırdı.

    Nəhayət, 2020-ci ilin payızında Azərbaycan Ordusu tarix yazdı. İkinci Qarabağ müharibəsində – 27 ildən sonra, 4 oktyabrda Cəbrayıl şəhəri işğaldan azad olundu. Həmin gün təkcə Cəbrayıl yox, bütün Azərbaycan ağladı – bu dəfə sevincdən. Həmin gün şəhid anaları diz çöküb dua etdi, qazilər göz yaşları ilə gülümsədi.

    O gündən sonra Cəbrayıl yenidən dirçəlməyə başladı. Qalib ölkənin əsgərləri bu torpağa yeni həyat gətirdilər. İnfrastruktur qurulur, yollar salınır, evlər tikilir. O torpaq bu gün sükutda deyil, səs-küydədir. Uşaqların gülüşü, texnikanın səsi, həyatın nəfəsi var artıq Cəbrayılda.

    Bu gün Cəbrayıl təkcə azad olunmuş bir şəhər deyil, həm də xalqın əyilməz ruhunun simvoludur. Hər bir daşında dözüm, hər bir küçəsində qəhrəmanlıq, hər qarışında şəhid qanı var. Və biz bu torpağa sahibik. Onu qoruyacağıq, quracağıq, yaşadacağıq.

    Çünki Cəbrayıl artıq geri dönüb – əbədi olaraq!

    Xocalı rayon ziyalısı Samirə Samira Abbasova
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi2 ay öncə
    İzlənib27 dəfə
    Cəbrayılın Qələbə Günü

    Maraqlı gələ bilər
    92
    160
    94
    101
    164
    222