Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
“Dağ-mədən və metallurgiya sənayesinin inkişafı Azərbaycanın iqtisadi potensialını daha da gücləndirəcək”.

0

  • ★
  • ★
  • ★
  • ★
  • ★
  •  



    Azərbaycanın iqtisadi siyasətinin əsas istiqamətlərindən biri qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, iqtisadiyyatın şaxələndirilməsi və ölkənin mövcud təbii sərvətlərindən səmərəli istifadə olunmasıdır. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə çıxışı bu baxımdan qarşıdakı dövr üçün mühüm vəzifə və hədəfləri müəyyənləşdirir. Dövlət başçısının qeyd etdiyi kimi, dağ-mədən və metallurgiya sənayesi ölkə iqtisadiyyatı, xüsusilə qeyri-neft sektorunun inkişafı üçün böyük perspektivə malikdir. Bu sahənin inkişafı nəticəsində Azərbaycanda yeni və müasir sənaye istiqamətinin formalaşdırılması, beş mindən çox daimi iş yerinin yaradılması və təbii resursların emalını əhatə edən tam istehsal zəncirinin qurulması nəzərdə tutulur.



    Son illərdə Azərbaycanda müxtəlif istiqamətlər üzrə qəbul edilən dövlət proqramları ölkənin sosial-iqtisadi inkişafının davamlılığının təmin edilməsində mühüm rol oynayır. Bu proqramların konkret məqsədlərə əsaslanması, onların maliyyə təminatının və icra mexanizmlərinin əvvəlcədən müəyyənləşdirilməsi qarşıya qoyulan vəzifələrin sistemli şəkildə həyata keçirilməsinə imkan verir. Kənd təsərrüfatı, nəqliyyat, su təsərrüfatı və digər sahələr üzrə nəzərdə tutulan tədbirlər iqtisadi inkişafla yanaşı, vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasına və müasir infrastrukturla təminatına xidmət edir. Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair yeni Dövlət Proqramının da 2027–2030-cu illər ərzində həyata keçirilməsi nəzərdə tutulur.



    Ötən dövr ərzində regionların sosial-iqtisadi inkişafına dair həyata keçirilmiş dövlət proqramları nəticəsində bölgələrdə geniş infrastruktur imkanları yaradılıb. Müasir yolların, enerji və sosial infrastrukturun qurulması yeni iqtisadi layihələrin həyata keçirilməsi üçün əlverişli zəmin formalaşdırıb. Bu gün Azərbaycanın enerji imkanlarının əhəmiyyətli dərəcədə genişlənməsi də yeni sənaye sahələrinin inkişafına mühüm dəstək verir. Prezident İlham Əliyevin çıxışında ölkədə qazlaşma səviyyəsinin 96 faizə çatdığı və 25 milyard kubmetrdən çox qazın ixrac edildiyi qeyd olunub. Eyni zamanda, elektrik enerjisi sahəsində böyük generasiya imkanlarının yaradılması ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir.



    Azərbaycan iqtisadiyyatının gələcək inkişafında əsas diqqət qeyri-neft sektorunun daha da gücləndirilməsinə yönəldilir. Dövlət başçısının çıxışında cari ilin səkkiz ayında qeyri-neft sektorunun 5,4 faiz artdığı bildirilib. Dağ-mədən və metallurgiya sənayesinin inkişaf etdirilməsi də məhz iqtisadiyyatın neft amilindən asılılığının azaldılması və yeni gəlir mənbələrinin formalaşdırılması baxımından əhəmiyyətlidir. Yeni istehsal və emal müəssisələrinin yaradılması qeyri-neft sənayesinin davamlı inkişafına əlavə imkanlar açacaq.



    Dövlət Proqramının mühüm istiqamətlərindən biri işğaldan azad edilmiş ərazilərdə yerləşən təbii sərvətlərin iqtisadi dövriyyəyə cəlb olunmasıdır. Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis və molibden yataqları bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin çıxışında Ağdərə rayonunda artıq işlərə başlanıldığı, yaxın gələcəkdə Kəlbəcər və Zəngilanda da müvafiq fəaliyyətə başlanmasının nəzərdə tutulduğu bildirilib. Bununla yanaşı, mövcud yataqların ehtiyatlarının müasir geoloji üsullarla yenidən dəqiqləşdirilməsi qarşıya qoyulan mühüm vəzifələr sırasındadır.



    İşğaldan azad edilmiş ərazilərin təbii ehtiyatlarının səmərəli şəkildə istifadəyə cəlb olunması Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafının sürətləndirilməsi baxımından yeni imkanlar yaradır. Burada yaradılacaq müəssisələr və həyata keçiriləcək layihələr yeni iş yerlərinin açılmasına, məşğulluğun artırılmasına və regionların ölkə iqtisadiyyatındakı rolunun daha da güclənməsinə şərait yaradacaq. Eyni zamanda, geoloji kəşfiyyat işlərinin genişləndirilməsi yeni yataqların müəyyənləşdirilməsi və Azərbaycanın mineral-xammal bazasının daha ətraflı öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.



    Yeni sənaye siyasətində diqqət çəkən əsas məqamlardan biri təbii sərvətlərin yalnız xammal kimi ixrac edilməməsi, onların ölkə daxilində emal olunaraq daha yüksək əlavə dəyərə malik məhsullara çevrilməsidir. Dövlət başçısının çıxışında yeni yataqların istismarı zamanı hasilatla yanaşı, zənginləşdirmə və emal zəncirinin də yaradılmasının vacibliyi vurğulanıb. Belə yanaşma ölkədə yeni müəssisələrin fəaliyyətə başlamasına, sənaye istehsalının genişlənməsinə və ixrac olunan məhsulların çeşidinin artırılmasına imkan verəcək.



    Dağ-mədən sənayesinin inkişafında dövlət və özəl sektorun imkanlarından birgə istifadə olunması nəzərdə tutulur. Dövlət xətti ilə “AzerGold”un müvafiq layihələrdə iştirak etməsi, bununla yanaşı, özəl sektor və xarici investorlar üçün də imkanların açıq olması bu sahəyə əlavə sərmayələrin cəlb edilməsinə şərait yaradır. Prezident İlham Əliyevin çıxışında yerli və xarici investorlara müraciət edilərək bu sahənin investisiyalar üçün açıq olduğu bildirilib.



    Qərb bölgəsində sənaye potensialının daha səmərəli istifadəsi də qarşıya qoyulan mühüm məqsədlərdəndir. “Daşkəsən” filiz yatağının istismarı və yaxın ərazilərdə nəzərdə tutulan layihələr Qərb Sənaye Parkının yaradılmasını şərtləndirən amillərdəndir. Burada müvafiq infrastrukturun yaradılması, filiz hasilatı ilə yanaşı, müxtəlif zavodların fəaliyyətə başlaması və son məhsula qədər tam istehsal zəncirinin qurulması nəzərdə tutulur.



    Sənayenin inkişafı ilə yanaşı, ətraf mühitin qorunması da əsas tələblər sırasında dayanır. Prezident İlham Əliyevin çıxışında maksimum ekoloji ekspertizanın aparılmasının, bütün ekoloji normaların gözlənilməsinin və təbiətin qorunmasının vacibliyi xüsusi qeyd edilib. Dövlət başçısının təbiətin yeraltı sərvətlərdən də qiymətli olduğunu vurğulaması iqtisadi layihələrin həyata keçirilməsində ekoloji məsuliyyətin prioritet məsələlərdən biri olduğunu göstərir.



    Dağ-mədən sənayesi ilə paralel olaraq metallurgiya sahəsinin inkişafı da mühüm əhəmiyyət daşıyır. Dövlət Proqramı çərçivəsində alüminium istehsalının genişləndirilməsi, yeni zavodların yaradılması və 2030-cu ilin sonunadək istehsalın 100 min tona çatdırılması nəzərdə tutulur. Bu tədbirlər metallurgiya sənayesinin ölkə iqtisadiyyatındakı rolunun artırılmasına, daxili istehsalın genişləndirilməsinə və ixrac imkanlarının gücləndirilməsinə xidmət edəcək.



    Dövlət Proqramının icrası nəticəsində əldə olunacaq iqtisadi göstəricilərlə yanaşı, onun sosial əhəmiyyəti də böyükdür. Beş mindən çox yeni daimi iş yerinin yaradılmasının nəzərdə tutulması regionlarda məşğulluğun artırılmasına mühüm töhfə verəcək. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda yeni iqtisadi fəaliyyət sahələrinin yaradılması həmin ərazilərdə məskunlaşan insanların məşğulluq imkanlarının genişləndirilməsinə şərait yaradacaq. Eyni zamanda, yeni müəssisələrin fəaliyyəti nəticəsində dövlət büdcəsinə vergi daxilolmalarının artması və ölkənin ixrac potensialının daha da gücləndirilməsi gözlənilir. Dövlət başçısının çıxışında bu layihələrin gözlənilən illik müsbət maliyyə təsirinin bir milyard manatdan çox ola biləcəyi qeyd edilib.



    Bütün bunlar göstərir ki, 2027–2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi Azərbaycanın iqtisadi inkişafında yeni imkanların formalaşmasına xidmət edəcək. Təbii sərvətlərdən səmərəli istifadə, müasir texnologiyaların tətbiqi, emal sənayesinin genişləndirilməsi, yerli və xarici investisiyaların cəlb olunması, yeni iş yerlərinin yaradılması və ixrac potensialının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsini daha da sürətləndirəcək. Qarşıya qoyulan məqsədlərin reallaşdırılması həm regionların sosial-iqtisadi inkişafına, həm də Azərbaycanın qeyri-neft sənayesinin uzunmüddətli və dayanıqlı inkişafına mühüm töhfə verəcəkdir.


    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi13 saat öncə
    İzlənib19 dəfə
    “Dağ mədən və metallurgiya sənayesinin inkişafı Azərbaycanın iqtisadi potensialını daha da gücləndirəcək”.
    Maraqlı gələ bilər
    238
    457