Enerji təhlükəsizliyi və nəqliyyat dəhlizləri: Azərbaycanın qlobal strateji rolu.
XIII Qlobal Bakı Forumunda çıxışı zamanı Prezident İlham Əliyev qlobal iqtisadiyyat və təhlükəsizlik sistemində enerji amilinin artan roluna xüsusi diqqət çəkdi. Dövlət başçısı bildirdi ki, enerji təhlükəsizliyi bu gün ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilib.
Prezident qeyd etdi ki, dünya enerji bazarlarında baş verən dalğalanmalar yalnız istehlakçı ölkələr üçün deyil, istehsalçı və ixracatçı dövlətlər üçün də müəyyən risklər yaradır. Bu səbəbdən enerji bazarında sabitliyin qorunması və balanslaşdırılmış qiymət siyasəti böyük əhəmiyyət kəsb edir. Azərbaycan beynəlxalq enerji bazarında məsuliyyətli tərəfdaş kimi fəaliyyət göstərir və bu istiqamətdə qlobal əməkdaşlığa töhfə verir.
Azərbaycanın enerji strategiyası yalnız neft və qaz hasilatı ilə məhdudlaşmır. Ölkə neft məhsulları, neft-kimya sənayesi və elektrik enerjisi istehsalı sahəsində də geniş potensiala malikdir. Son illərdə Azərbaycanın təbii qaz ixrac etdiyi ölkələrin sayı sürətlə artıb. Bir il əvvəl 12 ölkə Azərbaycan qazını idxal edirdisə, hazırda bu göstərici 16-ya çatıb. Bu fakt Azərbaycanın Avropa və region üçün etibarlı enerji təchizatçısı olduğunu bir daha təsdiqləyir.
Prezident İlham Əliyev çıxışında nəqliyyat və logistika sahəsində həyata keçirilən layihələrə də toxundu. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan enerji sektorundan əldə etdiyi gəlirləri strateji infrastruktur layihələrinə yönəldərək regionun əsas tranzit mərkəzlərindən birinə çevrilib.
Bu gün Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə mühüm logistika qovşağı rolunu oynayır. Orta Dəhliz layihəsi çərçivəsində həyata keçirilən investisiyalar Avropa ilə Asiya arasında ticarət əlaqələrinin genişlənməsinə yeni imkanlar yaradır.
Ermənistanla sülh əldə edildikdən sonra regionda yeni nəqliyyat istiqamətlərinin formalaşdırılması üzərində də iş aparılır. Bu marşrutlar Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək və regionda iqtisadi əməkdaşlıq üçün yeni perspektivlər yaradacaq.
Beləliklə, Azərbaycanın enerji və nəqliyyat siyasəti təkcə milli iqtisadi inkişafın təmin edilməsinə deyil, həm də regional sabitliyin və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xidmət edir. Ölkəmiz qlobal enerji təhlükəsizliyinin təmin olunmasında və beynəlxalq logistika şəbəkələrinin inkişafında mühüm rol oynamaqda davam edir.
Xocalı rayon gənci Xaliq Cəfərquliyev.