0
9 oktyabr 2026-cı il tarixində Xocalı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə valideyn himayəsindən məhrum olmuş məzunların sosial müdafiəsi, hüquqlarının qorunması və cəmiyyətə inteqrasiyası məsələlərinə həsr olunmuş maarifləndirici tədbir keçirilib.
Tədbirdə Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva, Gənclər və İdman Sektorunun müdiri Elməddin Bağırov, Xocalı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aqil Məmmədov, eləcə də Xocalı Rayon Təhsil Sektorunun əməkdaşı iştirak edərək mövzu ətrafında çıxış ediblər.
Tədbirin əsas məqsədi valideyn himayəsindən məhrum olmuş məzunların sosial müdafiəsinin gücləndirilməsi, onların üzləşə biləcəyi sosial problemlərin diqqətdə saxlanılması, hüquq və imkanları barədə məlumatlılığının artırılması, həmçinin müstəqil həyata uyğunlaşmalarına dəstək göstərilməsinin əhəmiyyətini vurğulamaq olub.
Tədbirdə çıxış edən Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin təmin edilməsinin, onların hüquq və qanuni mənafelərinin qorunmasının, cəmiyyətə inteqrasiyası üçün əlverişli şərait yaradılmasının vacibliyini diqqətə çatdırıb. O, valideyn himayəsindən məhrum olmuş məzunların ehtiyaclarının öyrənilməsinin, onların sosial problemlərinə həssas yanaşılmasının və müvafiq dəstək imkanları barədə məlumatlandırılmasının əhəmiyyətini vurğulayıb.
Gənclər və İdman Sektorunun müdiri Elməddin Bağırov çıxışında gənclərin cəmiyyətə inteqrasiyası, asudə vaxtlarının səmərəli təşkili, idman və müxtəlif ictimai fəaliyyətlərə cəlb olunması məsələlərindən bəhs edib. Qeyd olunub ki, gənclərin sosial fəallığının artırılması, onların bacarıq və potensialının inkişaf etdirilməsi, sağlam həyat tərzinin təşviqi müstəqil həyata hazırlanma prosesində mühüm rol oynayır.
Xocalı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aqil Məmmədov çıxışında sağlamlığın qorunması, tibbi xidmətlərdən vaxtında və maneəsiz istifadə, sağlam həyat tərzinin təşviqi və profilaktik tədbirlərin əhəmiyyəti barədə danışıb. O, sosial müdafiəyə ehtiyacı olan şəxslərin sağlamlıq məsələlərinə diqqətlə yanaşılmasının və onların tibbi xidmətlər barədə məlumatlandırılmasının vacibliyini qeyd edib.
Xocalı Rayon Təhsil Sektorunun əməkdaşı isə çıxışında təhsilin, peşə bacarıqlarının formalaşdırılmasının və biliklərin artırılmasının gənclərin gələcək həyatında mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Təhsil və peşə hazırlığının məşğulluq imkanlarının genişləndirilməsinə, şəxsi inkişafın təmin edilməsinə və cəmiyyətə uğurlu inteqrasiyaya verdiyi töhfələr diqqətə çatdırılıb.
Tədbirdə valideyn himayəsindən məhrum olmuş məzunların yaşayış yeri, məşğulluq, təhsil, sosial təminat və digər ehtiyaclarının öyrənilməsinin vacibliyi qeyd edilib. Bu sahədə aidiyyəti dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsi, müvafiq sosial xidmətlər barədə məlumatlandırmanın aparılması və ehtiyacı olan şəxslərin dəstək mexanizmlərindən yararlanmasına kömək göstərilməsinin əhəmiyyəti vurğulanıb.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 avqust tarixli 4059 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nda valideyn himayəsindən məhrum olmuş məzunların müəyyən edilməsi və onların sosial müdafiəsi ilə bağlı müvafiq tədbirlər nəzərdə tutulur. Bu istiqamətdə görülən işlər həmin şəxslərin hüquqlarının qorunmasına, sosial rifahının yaxşılaşdırılmasına və müstəqil həyata hazırlanmasına xidmət edir.
Sonda bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsi ilə bağlı maarifləndirmə işlərinin davam etdirilməsinin, onların ehtiyaclarının diqqətdə saxlanılmasının və aidiyyəti qurumlarla birgə fəaliyyətin əhəmiyyəti qeyd olunub.
| Bölmə | Qəzet |
| Kateqoriya | Xocalı rayonu |
| Yerləşdirdi | |
| Yerləşdirildi | 9 saat öncə |
| İzlənib | 3 dəfə |