Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Laçın ziyarəti - sevinc, qürur, qəzəb və kədər hisləri bir yerdə

0

  • Avqust ayının 13-ü. Bu gün mənim həyatımda ən uğurlu, ən yadda qalan günlərdən biri oldu. Sözün həqiqi mənasında Murovun o üzünü – Kəlbəcəri, Laçını görmək üçün ruhum qanadlanırdı. Xocalı rayon Meşəli kənd ziyalısı İlham Kazımovun Laçına, doğma yurdu olan Nurəddin kəndinə gedəcəyinin xəbərini alar-almaz onunla tez əlaqə saxladım. Sağ olsun, xahişimi nəzərə aldı. Kürəkəni Adil Behbudovun avtomobilində bir nəfər üçün yer olduğunu deyəndən sonra on-larla Göygöl şəhərində görüşdük. Bundan sonra yolumuza birlikdə davam etdik.
    Səfər əsnasında gördüyümüz quruculuq işləri bizi heyrətə gətirdi. Bu qədər sürətli və mütəşəkkil quruculuq işləri bəlkə də dünyanın heç bir yerində yoxdur. Çəkilən yollar, neçə-neçə tunellər, Laçın Beynəlxalq Hava Limanı böl-gənin sosial-iqtisadi inkişafının, turizm potensialının artırılmasından xəbər verir.
    Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun gözəlliyi onu deməyə əsas verir ki, Kəlbəcər tez bir zamanda turizm şöhrəti ilə məşhur olacaq. Dövlətimizin başçısının tapşırığına əsasən avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-4 hərəkət zolaqlı inşa edilir. Burda qış fəslində güclü qar və şaxtalı hava şəraitində yolun təhlükəsiz istismarının mümkün ola bilməyəcəyi ehtimalı nəzərə alınaraq çətin relyefə malik ərazidə 31.5 km-lik yolun tikilməsi əvəzinə bu hissənin Murovdağ silsiləsinin altından 11,6 km-lik tunel ilə keçilməsi daha məqsədəuyğun hesab edilib. Tunel bir istiqamət üzrə 2 hərəkət zolaqlı və 12 metr enində olacaq.
    Ömər aşırımına qalxdıqca göz yaşlarımı saxlaya bilmədim. Vaxtilə düzülmüş düşmən postlarının yerini gördükcə məni qəzəb boğurdu. Həyasız düşmənlər yüksəklikdə yerləşən postlardan Gəncəbasara rahatlıqla baxa bilirmiş...İndi it kimi qovulan düşmənin izləri torpaqlarımızdan silinir.
    Çox şükür, Ömər aşırımına qalxmaq qismətimiz oldu. Oradan Murovun hər iki üzünü seyr etdik. Həyəcanla döyünən ürəyimizdə şəhidlərimizə minnətdarlıq hissi, torpaqlarımıza qayıtmağın sevinci, qüruru, eyni zamanda düşmənə olan qəzəb və hikkədən doğu-lan hislər Murovun başında küləklərin oynatdığı buludlar kimi bir-birinə dəyirdi. Bu qəribə duyğuların qəlbimizə dolması səbəbindən gözlərimizdən yaşlar axırdı.
    Bu duyğular içində yolumuzu davam etdirərək axşamüstü Laçının Nurəddin kəndinə gəlib çatdıq. Doğma kəndlərində arı təsərrüfatı saxlayan Behbudov Adil və Elşən qardaşlarının qurduğu çadırda üç gün ərzində qonaq olduq. Behbudov qardaşlarının bizə göstərdiyi xoş münasibətin, qayğının timsalında bütün laçınlıların qonaqpərvərliyini duyduq. Heç bir yerdə işləməyən bu iki qardaş əl-ələ verərək arıçılıq sahəsi ilə məşğul olurlar. Vətənpərvər, əməlisaleh qardaşların süzdükləri bal təmiz və keyfiyyətlidir.
    Nurəddin kəndi Laçının ucqar kəndlərindən biridir. Qırxqız yaylağının ətəyində yerləşən bu səfalı kənd Xocalı rayonunun Meşəli və Kosalar kəndlərinə yaxın ərazidə yerləşir. Başqa sözlə, Qırxqızın bir üzü Nurəddin kəndi, o biri üzü Xocalı rayon ərazisidir. Kənd güney yamacda salınıb. Kəndin aşağı hissəsindən öz adını daşıyan kiçik çay axır. Çayı keçdikdən sonra quzey yamacdan meşə çiyələyi, moruq toplaya bilərsən.
    Kəndin ən qiymətli sərvətlərindən biri də qazlı şəkildə yerdən qaynayaraq çıxan turş sudur. Müalicəvi əhəmiyyəti böyük olan bu suyun, mədə-bağırsaq, dəri və s. xəstəliklərə faydası çoxdur. Yaxşı olardı ki, Nurəddindəki turş suyun tərkibi daha yaxşı öyrənilsin, onun şöhrəti artırılsın.
    Nurəddin kəndində səhəri Qırxqızın min dərdə dəva çiçəklərin-dən şirə toplamaq üçün yuvalarından çıxmağa tələsən arıların vızıltısı və kəndin aşağısından – Turş-su bulağı tərəfindən əks-səda verən erkək əliklərin bəyirtisi ilə aşdıq.
    Bu anı yaşamaq xoşbəxtlikdir. İlham Kazımov da bu xoşbəxtliyin fərqinə varan bəxtiyar insanlardan biridir. 31 ildən sonra öz doğma yurduna qovuşan İlham müəllim sevincə qərq olmuşdu. Ancaq onun kəndi dolaşdıqca gözləri dolur, evlərin yanına gələrkən əzizlərini, qayğılı uşaqlıq çağlarını yada saldıqca kövrəlirdi. Həm sevincli, qürurlandırıcı, həm də kədərli hislərə qərq olan İlham Kazımov dağılmış kəndin yandırılmış evlərini mənə bir-bir göstərərək tanış etdi. Unudulmayan, kövrək duyğuların qanadında əbə-di yuva salaraq bir ömrə yoldaş olan xatirələrdən də danışdı:
    - Bura mənim ata yurdumdur. Görünən dağılmış evlər doğmalarımın, yaxınlarımın evləridir. Mənim uşaqlığım burada keçib. Dayılarım burada yaşayıb. Bu guneylərdə çox qoyun-quzu otarmışam. Məlum hadisələr zamanı kəndin yuxarısında – Qırxqız dağında post quruldu. Mən də kəndin müdafiəsində iştirak etdim. Təəssüf ki, erməni quldurları öz havadarları ilə birləşərək Laçını da işğal edə bildilər. O zamandan buraların həsrətilə və bir gün dö-nəcəyimizin inamı ilə yaşadım. Bu gün arzularım gerçəkləşdi. Çox gözəl hislərdir. Sevincli gündür. Bizə bu günləri yaşadan şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qazilərimizə cansağlığı arzulayıram. Uca Rəbbim Ali Baş Komandanımızı qorusun.
    Nurəddinə və qonşu Fərraş kəndinə getməyimizin səbəblərindən biri də Meşəli soyqırımı şəhidlərinin, həmçinin bu qəbiristanlıqda uyuyan həmvətənlərin məzarlarını ziyarət etmək idi. Kəndlə “görüş”dükdən sonra qəbiristanlığa üz tutduq. Qeyd etmək istəyirəm ki, kəndə və qəbiristanlığa yolun çəkilməsində Adil Behbudov təşəbbüskar olub. Ata yurdunda yurdçu olan Adil bu əməli ilə böyük xeyirxahlıq edib.
    Meşəli soyqırımında erməni quldurları tərəfindən qətlə yetirilən iki şəhidimiz - İlham Kazımovun atası Kazımov Xəlil Mahmud oğlu və yandırılaraq kül edilən 14 yaşlı Allahverdiyev Vidadi Müsül oğlu Nurəddin kənd qəbiristanlığında dəfn edilib. Həsrətli illərdə el-obasından didərgin düşən insanlar həm də doğmalarının məzarını ziyarət etmək arzusu ilə yaşadılar. Bu arzunu gözlərinə çıraq edən İlham müəllimin ata qəbri üstündə tökdüyü göz yaşları insanın ürəyini parçalayırdı.
    Sonra qəbiristanlıqda dəfn edilmiş kənd sakinlərinin məzarlarını ziyarət etdik. Ancaq burada gördüyümüz mənzərə bizi dəhşətə gətirdi. Mənfur düşmənlər bütün qəbirləri təhqir ediblər. Erməni barbarlarının atdığı güllə izləri qəbirdaşlarında açıq-aşkar görünür. Mərmər daşları oğurlanıb və sındırılıb. Xalqımıza niftət hissi bəsləyən bədnam qonşular qəbirlərdən də qisas almağa çalışıb.
    Səhəri gün Fərraş kənd qəbiristanlığında dəfn edilmiş 14 şəhidimizin məzarlarını da ziyarətə getdik. Şəhidlərimizin ruhuna dualar oxuduq. Burada dəfn edilmiş şəhidlərimizə Qazi Bakirdən xatirə lövhəsi qoyulub. Fərraş kənd qəbiristanlığında da eyni mənzərəni gördük: güllələnmiş qəbirlər, dağıdılmış daşlar. Hətta qızıl diş niyyəti ilə xüsusi aparatla axtarış etdikdən sonra məzarları goreşən kimi qazıblar.
    İnanırıq ki, torpaqlarımızın azadlığı ilə bütün şəhidlərimizin, bir vaxt qəbirləri düşmən tapdağında qalan həmvətənlərimizin ruhları bu gün şaddır. Bir müddət əvvəl Meşəli cəlladı Vaqif Xaçaturyanın Laçın sərhəd-keçid məntəqəsində saxlanılması Meşəli və Xocalı soyqırımının digər cinayətkarlarının da həm ilahi ədalət, həm də qanunlarımız qarşısında cavab verəcəyindən xəbər verir.
    Bu ziyarət, bu gözəl yoldaşlq yaddaşımdan heç bir zaman silinməyəcəkdir. İfadə etməyə sözlərimin yetmədiyi təəssüratlarım məni mənən gücləndirir, fərəhləndirir. Qəlbimdə rahatlıq, dilimdə şükür və dualarla belə bir ziyarətin Xocalımıza da olmasını və hər kəsə doğma el-obasını ziyarət etməsini Allahdan diləyirəm.
    Qalib BƏYMƏMMƏDOĞLU
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi8 ay öncə
    İzlənib27 dəfə
    laçın ziyarəti sevinc qürur qəzəb kədər hisləri bir yerdə

    Maraqlı gələ bilər