28 May 2025-ci il Laçın şəhərində baş tutan Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli Zirvə görüşü təkcə diplomatik əhəmiyyət daşımır, eyni zamanda tarixi və mənəvi dəyərlərlə zəngin olan bir hadisə kimi tarixə düşdü. Prezident İlham Əliyevin çıxışı bu görüşün siyasi mesajını ortaya qoydu: Azərbaycan artıq yalnız öz gücünə deyil, həm də qardaş ölkələrin birliyi və dəstəyi ilə regionda yeni bir reallıq formalaşdırır. Azərbaycan, Türkiyə və Pakistan – bu üç dost və qardaş dövlətin həmrəyliyi, hərbi, siyasi və mənəvi baxımdan bir-birinə arxa durması, bölgənin gələcəyinə yön verən əsas amillərdən birinə çevrilib.
Laçının 30 il işğaldan sonra azad olunması və burada qardaş ölkələrin liderlərinin bir araya gəlməsi mühüm simvolik məna daşıyır. Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan xalqı Türkiyə və Pakistanın dəstəyini dərindən hiss edib. Bu dəstək təkcə siyasi yox, həm də mənəvi baxımdan mühüm idi və Azərbaycanın haqq savaşında qələbəyə inamını daha da gücləndirdi. Bu gün isə həmin birlik daha da dərinləşir və yeni əməkdaşlıq səhifəsi açılır.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümündə keçirilən bu tədbir tarixi davamlılıq baxımından da böyük əhəmiyyət daşıyır. Prezidentin xatırlatdığı kimi, sovet dövründə Azərbaycanın ərazilərinin zəbt edilməsi, Qərbi Zəngəzurun Ermənistana verilməsi kimi ədalətsizliklər xalqın yaddaşında qalıb və bu gün həmin tarixi ədalətin bərpası uğrunda aparılan mübarizənin nəticələri göz önündədir. Bu nəticələr təkcə hərbi yox, siyasi, iqtisadi və mənəvi gücün vəhdəti ilə əldə olunub.
Ermənistanın işğalçılıq siyasətinin Azərbaycan üçün hansı faciələrlə nəticələndiyi də Prezidentin çıxışında xüsusi yer tutdu. Xocalı soyqırımı, Laçın və digər bölgələrin işğalı xalqımızın yaddaşına silinməz izlər buraxıb. Amma Azərbaycan bu acılara boyun əymədi, illərlə güc toplayaraq, beynəlxalq müstəvidə mövqeyini möhkəmləndirdi və nəhayət, 44 günlük Vətən müharibəsi ilə tarixi ədaləti bərpa etdi.
Bu gün azad olunmuş torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Laçında və digər rayonlarda müasir infrastruktur, sosial obyektlər, nəqliyyat xətləri və hava limanları inşa edilir. Artıq on minlərlə insan öz doğma yurdlarına qayıdıb və bu proses sürətlə davam edir. Bu, təkcə fiziki qayıdış deyil, həm də tarixi, mədəni və mənəvi bir dirçəlişdir.
Azərbaycanın gücü təkcə öz ordusunda və iqtisadiyyatında deyil, həm də qardaş ölkələrlə birliyindədir. Türkiyə və Pakistan liderlərinin Laçında iştirakı bu birliyin bariz nümunəsi oldu. Prezident İlham Əliyev vurğuladı ki, bu üçtərəfli birlik artıq bölgədən kənara çıxaraq qlobal səviyyədə yeni güc mərkəzinin formalaşmasına təkan verir. Laçından dünyaya verilən mesaj aydındır: Azərbaycan öz müstəqilliyini qorumaqda, ərazi bütövlüyünü bərpa etməkdə qərarlıdır və bu yolda tək deyil.
Sonda Prezident İlham Əliyev əminliklə bildirdi: “Artıq dörd ildən çoxdur ki, biz müzəffər xalq və dövlət kimi yaşayırıq və əbədiyyətə qədər yaşayacağıq.” Bu ifadə Azərbaycanın yaxın tarixinin, bu gününün və sabahının ən güclü siyasi və mənəvi tezislərindən biri kimi yadda qalacaq. Azərbaycanın, Türkiyənin və Pakistanın birliyi regionda sabitliyin, sülhün və inkişafın təminatçısı olacaq. Yaşasın bu üç qardaş ölkənin sarsılmaz dostluğu və strateji birliyi!
Xocalı rayon ziyalısı Məmməd Nağıyev