Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
21 noyabr 1992 – Yeni Azərbaycan Partiyasının təsisi: milli məsuliyyətin, dövlətçilik iradəsinin və xalq birliyinin tarixi nümayişi

0


  • 1992-ci ilin 21 noyabrı Azərbaycan xalqının yaddaşına həm çətinliklərin, həm də xilasa aparan siyasi müdrikliyin birləşdiyi tarixi gün kimi həkk olunmuşdur. O zaman ölkədə anarxiya, idarəetmədə xaos, iqtisadi və siyasi böhran hökm sürürdü. Dövlətçiliyin gələcəyi böyük təhlükə altında idi. Belə bir dövrdə Azərbaycanın ziyalıları, ictimai-siyasi həyatında nüfuz sahibi olan “91-lər” Ulu Öndər Heydər Əliyevə müraciət etməklə ölkəni böhrandan çıxara biləcək yeganə düzgün qərarı qəbul etdilər. Onların bu müraciəti sadəcə siyasi təşəbbüs deyildi – bu, xalqın ümumi iradəsinin, dövlətçilik düşüncəsinin səsi idi. Ulu Öndər Heydər Əliyevin həmin müraciətə verdiyi cavabda Yeni Azərbaycan Partiyasının yaradılmasını “obyektiv zərurət” kimi qiymətləndirməsi tariximizin ən həlledici məqamlarından biri oldu.
    21 noyabr 1992-ci ildə Naxçıvanda keçirilmiş təsis konfransı Azərbaycanın siyasi həyatında dönüş nöqtəsi oldu. Konfransa ölkəmizin bütün regionlarından 550 nümayəndə qatılmış, partiyanın Nizamnaməsi və Proqramı qəbul edilmiş, Heydər Əliyev yekdilliklə partiyanın sədri seçilmişdir. Bununla da Yeni Azərbaycan Partiyası yaranaraq müstəqil Azərbaycanın gələcək inkişaf modelini müəyyən edən əsas siyasi xəttin təməlini qoydu. Bu addım yalnız yeni bir siyasi təşkilatın formalaşması demək deyildi – bu, dövlətin xilası və gələcək inkişafı üçün strateji qərar idi. Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və xalqın ona olan inamı sayəsində YAP qısa zamanda ölkənin aparıcı siyasi qüvvəsinə çevrildi.
    Partiyanın yaranmasından sonra cəmiyyətin bütün sahələrində yeni siyasi mədəniyyət formalaşdı. YAP demokratik dəyərlərə, siyasi plüralizmə, milli həmrəyliyə və qanunun aliliyinə söykənən fəaliyyət strategiyası ilə dövlət idarəçiliyinə sistemlilik, ardıcıllıq və sabitlik gətirdi. Partiya ötən illər ərzində müstəqil Azərbaycan dövlətinin qurulmasında, onun möhkəmləndirilməsində, siyasi sabitliyin və dayanıqlı inkişafın təmin edilməsində əvəzolunmaz rol oynadı. YAP-ın qısa müddətdə ümumxalq partiyasına çevrilməsi onun ideoloji əsaslarının, liderlik institutunun və cəmiyyətə verdiyi mesajların nə qədər doğru olduğunu sübut etdi.
    2005-ci ildə keçirilmiş III qurultayda Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının sədri seçilməsi siyasi varisliyin və dövlətçilik ənənələrinin davamlılığını təsdiqlədi. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunu davam və inkişaf etdirərək partiyanı və ölkəni yeni zirvələrə yüksəltdi. Dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf, sosial rifah, beynəlxalq nüfuzun artması və modern idarəçilik modeli qısa müddətdə Azərbaycanın yeni simasını formalaşdırdı. Prezident İlham Əliyevin VII qurultayda səsləndirdiyi “Həyat göstərdi ki, biz son 17 il ərzində tarixi uğurlara imza atdıq” fikri bu dövrün mahiyyətinə verilən ən dolğun qiymətdir.
    YAP bu gün 730 mindən çox üzvü ilə Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır. Partiyanın üzvlərini birləşdirən əsas dəyərlər – vətənə sədaqət, dövlətçilik maraqlarına bağlılıq, yüksək siyasi mədəniyyət, cəmiyyətə xidmət və etik davranış prinsipləridir. Çoxmillətli və tolerant Azərbaycan cəmiyyətinin bütün təbəqələrindən olan insanlar YAP ətrafında birləşməklə ölkənin inkişafına töhfə verməkdədir.
    2021-ci ildə keçirilmiş VII qurultay partiyanın yeni hədəflərini, struktur islahatlarını və fəaliyyət istiqamətlərini müəyyən etdi. Mehriban xanım Əliyevanın YAP sədrinin birinci müavini təyin olunması dövlətçilik ənənələrinin inkişafında, siyasi idarəçilikdə gender bərabərliyinin təminində və Azərbaycan qadınının siyasi nüfuzunun artmasında mühüm hadisə oldu. Yeni Proqramın qəbul edilməsi isə partiyanın müasir dövrün çağırışlarına uyğunlaşmasını, siyasi fəaliyyətinin daha sistemli və strateji əsaslar üzrə qurulmasını təmin etdi. Proqramda müəyyən olunmuş siyasi dəyərlər, prinsiplər, 11 strateji hədəf və partiyadaxili meyarlar YAP-ın gələcək inkişaf kursunun ideoloji çərçivəsini təşkil edir.
    YAP həmçinin ölkədə siyasi dialoq mühitinin formalaşmasında da mühüm rol oynayır. Prezident İlham Əliyevin “Ümummilli məsələlərdə fərqli fikir ola bilməz” fikri siyasi həmrəyliyin və milli birlik xəttinin mahiyyətini ifadə edir. YAP-ın təşəbbüsü ilə formalaşan yeni siyasi konfiqurasiya ölkədə sağlam rəqabətin, konstruktiv müzakirələrin və tərəfdaşlığın əsasını qoymuşdur.
    Son seçkilərin nəticələri xalqın Yeni Azərbaycan Partiyasına olan sarsılmaz etimadını bir daha təsdiq etmişdir. 2024-cü il prezident seçkilərində cənab İlham Əliyevin 92,12 faiz səslə qalib gəlməsi, həmin ilin parlament seçkilərində YAP-ın 68 deputatla təmsil olunması və 2025-ci il bələdiyyə seçkilərində partiyanın üstünlük qazanması YAP-ın xalqın siyasi iradəsini tam şəkildə ifadə etdiyini göstərir.
    Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycan dövlətinin xilası, sabitliyin bərqərar olması və müstəqilliyin möhkəmlənməsi üçün tarixi bir mərhələ olmuşdur. Bu partiya Ulu Öndər Heydər Əliyevin siyasi iradəsinin və dövlətçilik düşüncəsinin məhsulu, Prezident İlham Əliyevin isə müasir dövrün çağırışlarına uyğun şəkildə inkişaf etdirdiyi, gələcəyə yönəlmiş güclü siyasi təşkilatdır. 21 noyabr 1992-ci ildə başlanan böyük yol bu gün də yeni zirvələrə doğru inamla davam edir və YAP Azərbaycanın tərəqqisinə, milli birliyinə və dövlətçilik ideyalarının əbədi yaşamasına xidmət edir.
    Xocalı rayon ziyalısı Ulduz Əsgərova
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi2 həft. öncə
    İzlənib22 dəfə
    21 noyabr 1992 Yeni Azərbaycan Partiyasının təsisi: milli məsuliyyətin dövlətçilik iradəsinin xalq birliyinin tarixi nümayişi

    Maraqlı gələ bilər
    101
    22