Azərbaycanın inkişafında gənclərin rolu müstəsna əhəmiyyət daşıyır. Müstəqilliyimizin bərpasından sonra Ulu Öndər Heydər Əliyev gənclər siyasətini dövlətin əsas prioritetlərindən biri kimi müəyyənləşdirib. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması, 1996-cı ildən etibarən gənclər forumlarının keçirilməsi, "Qızıl kitab" təşəbbüsü və digər mühüm addımlar Azərbaycan gəncliyinin inkişafına təkan verib. 2 fevral 1997-ci ildən etibarən qeyd edilən Gənclər Günü isə bu siyasətin rəsmi təzahürüdür.
Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət daha da inkişaf etdirilib. Gənclərin sosial rifahının yaxşılaşdırılması, təhsilin dəstəklənməsi, onların dövlət idarəçiliyində və ictimai sektorda fəal iştirakı üçün geniş imkanlar yaradılıb. Azərbaycan gəncləri təkcə ölkə daxilində deyil, beynəlxalq arenada da uğurlar qazanaraq dövlətin qüdrətini nümayiş etdirirlər.
Bu gün gənclər ölkənin müxtəlif sahələrində aktiv iştirak edir, innovativ layihələr həyata keçirir, elmi və texnoloji inkişafda böyük rol oynayırlar. Dövlətin göstərdiyi dəstək nəticəsində gənclər Azərbaycanın gələcəyini daha parlaq etmək üçün səylə çalışırlar. Azərbaycan gəncləri öz bilik və bacarıqları ilə ölkənin inkişafına mühüm töhfələr verən qüvvəyə çevriliblər.
Xocalı rayon gənci Şəhriyar Quliyev