Bütün dünyada son dərəcə mürəkkəb ictimai təhlükəli hadisə sayılan narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi bəşəriyyəti öz əsarətinə almışdır. Narkomaniyanı “ağ ölüm” də adlandırırlar, lakin bəşəriyyətin böyük bəlasının nə cür adlandırılmasından asılı olmayaraq, onun insanlığa vurduğu saysız-hesabsız ziyanın həcmi heç bir ölçü vahidi ilə ölçülə bilmir. Belə ki, hazırda bütün dünyanı ciddi şəkildə narahat edən narkomaniya ağrılı bir problem olmaqla yanaşı, əhatə dairəsini getdikcə genişləndirərək ümumbəşəri bəlaya çevrilmişdir. Narkotik vasitələrə aludəçilik cinayətkarlıq, zorakılıq və digər neqativ hallar üçün münbit zəmin yaradan mühüm amillərdən biri olaraq məhsuldar qüvvələrin inkişafına mənfi təsir göstərməklə gəncləri sosial-iqtisadi və siyasi proseslərdən uzaqlaşdırır, ailələrin və bütövlükdə cəmiyyətin inkişafını ləngidən çətin bir prosesə çevrilir. Narkotik asılılığın və narkotik dövriyyəsinin artımı həm sosial, həm də hüquqi gündəmin mərkəzində dayanan ən ciddi problemlərdən biridir. Belə ki, məsələ təkcə bir şəxsin həyatını alt-üst edən şəxsi faciə deyil, bu qanunvericiliyi sərtləşdirən, polis əməliyyatlarını artıran, eyni zamanda cəmiyyəti narahat edən genişmiqyaslı bir təhlükədir.
Ümumbəşəri bəlaya çevrilmiş narkomaniyaya qarşı dövlətimizin normativ-hüquqi aktlarının tələblərinə əsasən qətiyyətlə mübarizə aparılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 26-cı fəsli narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər adlanır. Cinayət Məcəlləsinin həmin fəslində narkotik vasitələrlə əlaqədar çoxsaylı cinayət hüquq normaları təsbit olunmuşdur. Belə ki, buraya qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını talama və ya hədə-qorxu ilə tələb etmə, narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etmə və ya saxlama, narkotik vasitələri və psixotrop maddələri əldə etmək hüququ verən reseptləri tibbi göstəricilər olmadan qanunsuz vermə və ya saxtalaşdırma, güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər daxildir.
Şəxsi istehlak üçün az miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 22-ci fəsli ilə tənzimlənir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci fəsli narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar inzibati xətalar adlanır. Yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsi yetkinlik yaşına çatmayanların narkotik vasitələr və ya psixotrop maddələr qəbul etməsinə səbəb olduqda İnzibati Xətalar Məcəlləsinin 189.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət yaradır. Belə bir təsir tədbiri cəmiyyətin digər və mühüm qolu olan ailə tərəfindən vəzifələrinin həyata keçirilməsini şərtləndirir ki, bu da narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasına yönəlmişdir.
Qeyd etmək lazımdır ki, bu qəbildən olan cinayətlərin istintaqının aparılması əsasən daxili işlər orqanlarının səlahiyyətlərinə aiddir. Son dövrlərdə narkotik vasitələrin və psixotrop maddələrin geniş yayılması fonunda prokurorluq, daxili işlər orqanları və digər hüquq mühafizə orqanları tərəfindən bu istiqamətdə çox ciddi tədbirlər görülmüşdür. Xüsusilə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərin müəyyən olunaraq istintaqa cəlb edilməsi təqdirəlayiq hal kimi qiymətləndirilməlidir.
Nəzərə almaq lazımdır ki, sözügedən kateqoriya cinayət əməllərinə qarşı mübarizə aparmaq metodu təkcə həmin əməllərlə məşğul olan şəxslərin müəyyən olunaraq istintaqa cəlb edilməsi ilə yekunlaşa bilməz. Hər bir şəxs nəzərə anlamalıdır ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparmaq hər kəsin ümumi vətəndaşlıq borcudur. Belə ki, bu qəbildən olan cinayət əməllərinin geniş yayılmasının qarşısı təkcə hüquq mühafizə orqanları tərəfindən tədbirlər görülməsi ilə alınmayacaq, sadəcə bir müddət həmin cinayətlərin sayının azalması ilə nəticələnəcəkdir. Odur ki, narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə qarşı mübarizə aparmaq üçün bunun vacibliyi bütün cəmiyyətə aşılanmalı, ictimailəşdirilməli və narkotik vasitələrin və psixotrop maddələrin ortaya çıxardığı fəsadlar hər kəsə nümayiş etdirilməlidir.
BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən 26 iyun Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Ümumdünya Mübarizə Günü kimi qeyd olunur.
Azərbaycan “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Beynəlxalq Vyana Konvensiyasına 1992-ci ildə qoşulsa da, narkotizmlə və narkobizneslə mübarizənin əsası ölkə tarixində ilk dəfə olaraq Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Müdrik şəxsiyyətin 26 avqust 1996-cı ildə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri haqqında” imzaladığı fərmandan sonra bu problemin həlli üçün həyata keçirilən tədbirlər kompleksi keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Həmin fərman əsasında 2000-ci ilədək narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə ümummilli Proqram hazırlanmış, bu məqsədilə Dövlət Komissiyası yaradılmışdır. Azərbaycan 1998-ci ildə BMT-nin “Narkotik vasitələr haqqında” 1961-ci il və “Psixotrop maddələr haqqında” 1971-ci il konvensiyalarına qoşulmuş, Milli Məclisin 18 iyun 1999-cu il tarixdə qəbul etdiyi Azərbaycan Respublikasının qanununa müvafiq olaraq, ölkəmizdə narkotik tərkibli bitkilərin kultivasiyası, narkotik vasitələrin və psixotrop maddələrin istehsalı, dərman preparatlarının və xammalın hazırlanması qadağan edilmişdir. Ulu Öndərin 15 iyul 2000-ci il tarixli fərmanı ilə 2000-2006-cı illərədək narkomanlığın yayılmasına, narkotik vasitələrin, psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə üzrə daha bir Milli Proqram qəbul edilmiş, bu proqramın tələblərindən irəli gələn məsələlərin həlli, həmçinin aidiyyəti dövlət orqanları arasında qarşılıqlı əlaqələrin təşkil edilməsi və nəzarət mexanizminin həyata keçirilməsi məqsədilə xüsusi Dövlət Komissiyası yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005, 2007 və 2013-cü illərdə verdiyi tarixi fərman və sərəncamlar da “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizə üzrə Dövlət Proqram”larının həyata keçirilməsi istiqamətində atılmış mühüm addımlar olmuşdur. 17 oktyabr 2011-ci ildə BMT-nin dəstəyi ilə “Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda Bakı şəhərində keçirilən ikigünlük beynəlxalq konfrans da bu cəhətdən böyük əhəmiyyət kəsb etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” aidiyyəti orqanlar qarşısında konkret vəzifələr qoymaqla bu təhlükəli təzahürlərin qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir.
Həmin Dövlət Proqramının Qeyd hissəsinə əsasən nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində Azərbaycan Respublikasının Baş Prokurorluğunun iştirakı tövsiyə edilmişdir.
Dövlət Proqramının ölkə üzrə icrası, eləcə də 26 iyun “Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Ümumdünya mübarizə günü” ilə əlaqədar yerli icra hakimiyyəti orqanları ilə birlikdə hüquq mühafizə orqanlarının, o cümlədən prokurorluq orqanlarının məsul əməkdaşlarının iştirakı ilə ölkə üzrə keçirilmiş seminarlarda və dəyirmi masalarda yeniyetmələr, gənclər və müəllimlər yaxından iştirak etmiş, mütəxəssislər tərəfindən onlara narkomaniya, onun doğurduğu fəsadlar, narkotiklərin cəmiyyətə və insan sağlamlığına ziyanı, törətdiyi sosial bəlalar barədə izahat xarakterli məlumatlar verilmişdir.
Prokurorluq ölkənin müvafiq hüquq-mühafizə orqanları ilə birlikdə narkotiklərlə mübarizə sahəsində qabaqcıl dünya təcrübəsinə əsaslanan kompleks tədbirlərin davamlı olaraq sistemli şəkildə həyata keçirilməsi üçün fəaliyyət göstərir.
Bu istiqamətdə ciddi mübarizə aparılmasını zəruri edən əsas amil ölkə ərazisinin narkotik ticarəti üçün cəlbedici olmasıdır. 10 milyon nəfər əhalisi olan, eyni zamanda, quru sərhədlər üzrə Rusiya, İran, Türkiyə, Gürcüstan və Ermənistan, su sərhəddi ilə Xəzəryanı ölkələrlə həmsərhəd olan Azərbaycan Respublikasının əlverişli coğrafi mövqeyi, narkotiklərin “istehsalçısı” olan Asiya və “istehlakçısı” olan Avropa ölkələri arasında yerləşməsi, avtomobil, su, hava və dəmir yolları şəbəkəsi vasitəsilə daşınan yüklərin həcminin, nəqliyyat vasitələrinin və sərnişinlərin sayının ilbəil artması, həmçinin uğurla həyata keçirilən çoxsaylı irimiqyaslı iqtisadi layihələr nəticəsində hər il dünya ölkələri ilə qurulan ticarət və logistika sahəsindəki əlaqələr təəssüflə qeyd edilməlidir ki, iri narkotik ticarətçilərini də özünə cəlb edir.
Narkomaniya – qarşısında bəşəriyyətin aciz qaldığı ən arzuolunmaz yoluxucu xəstəlik, sağlamlığın, mənəviyyatın, sevincin, səadətin, ən ülvi hisslərin, bir sözlə, insanlığın qənimidir. Ona görə də dinindən, dilindən, irqindən, milliyyətindən asılı olmayaraq hər bir bəşər övladının ən müqəddəs borcu –insanlığa qənim olan bu bəla ilə fəal mübarizə aparmaq olmalıdır. Çünki, yalnız mütərəqqi bəşəriyyətin səylərini birləşdirmə yolu ilə gələcək nəsilləri üçüncü minillikdə narkomaniyanın qorxunc təhlükəsindən qorumaq mümkün olacaqdır.
Narkotizmlə mübarizə uzunmüddətli və çoxşaxəli, geniş maliyyə vəsaiti tələb edən dinamik bir proses olsa da, öz ictimai təhlükəliliyi ilə fərqlənən, həmişə gizli şəraitdə baş verdiyi üçün ictimai nəzarətdən kənarda qalıb durmadan artan bu cinayətkar prosesə qarşı səylə mübarizə aparmaq hər bir Azərbaycan vətəndaşının əsas vəzifəsinə çevrilməli, gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik hallarının yüksələn xətlə artmasının qarşısı qətiyyətlə alınmalıdır.
GÜLÜŞ SƏMƏDLİ,
Xocalı rayon prokurorluğunun
müstəntiqi, II dərəcəli hüquqşünas