Göygöl Milli Parkının direktor müavini Fuad Quliyev öz YouTube kanalında Xocalının qəhrəman kəndi olan Kosalardan maraqlı bir video paylaşıb. Qeyd edək ki, Fuad Quliyev özü Xocalı sakinidi və ondan uşaqlıqdan ayrılıb.
Fuad müəllim deyir ki, hər dəfə Xocalıya, Kosalar kəndinə geləndə evimizin həyətinə baş çəkirəm. Hər dəfə də doğma kəndimizdən ayrıca bir zövq alıram. Bu gün də bax, bu poçt qutusuna rast gəldim. Bu dəmir, paslanmış qutunu görəndə qəlbimdə çox xatirələr, xəyallar canlandı... İnsan öz doğma torpağına gələndə necə gözəl duyğular yaşayır... Yarım qalmış arzular, yaşamadığımız həyat sanki yenidən canlanır. O vaxt bu poçt qutusuyla adamlar bir-biri ilə ünsiyyət qurardı, indi onları elektron poçtlar əvəz edir: “İnşallah, evlərimiz bərpa olunar, kənddə yenidən həyat canlanar. Biz bu poçt qutusunu da simvolik olaraq saxlayarıq. İndi mən bu poçt qutusu vasitəsilə gələcəyə məktub göndərirəm”. Fuad Quliyev bunları deyib məktubu qutuya salır. Deyir, bu gün doğma Kosalarda yenidən zövq aldım, sanki təzədən həyata qayıtdım. Sonra poçt qutusunu ağaca bərkidir. Deyir ki, qoy bu evimizin həyətində gördüyümüz ilk iş olsun, inşallah yazda gəlib həyəti abadlaşdırarıq.
Fuad müəllim sonra həyətlərindən əkin yerlərində istifadə edilən kotan dişini tapır. Deyir, bunun bura necə gəlib düşdüyünü bilmirəm. Amma çox maraqlıdı, o kotan dişini də torpağa bərkidir: “Bu da elimizə-obamıza bərəkət gətirər, - düşünürəm...”
45 il əvvəl çəkilmiş su xətti
“Bax, bu evimizin həyətinə gələn su borusudu. Atam onu Qızılqaya deyilən yerdən çəkib gətirib. Boruda onun əl izləri, zəhməti var. Atam qışda su donmasın deyə borunun üzərinə şüşəli pambıqdan üz çəkib.
Qar çiçəyi
Bu da Kosalar meşəsinin gözəli qarçiçəyidir. Yazda meşələr bütünlüklə onun ətrinə boyanır. Qış günündə meşədə xəzan yarpaqlarının arasından boylanan ağ, bənövşəyi, üzərində səhər jaləsi olan qarçiçəyini görmək isə başqa bir tamaşadı.
Fuad müəllim qəhrəman Kosalar kəndini dolanır. Qarşıdan Xankəndi görünür. Bu biri tərəfdən Xocalının kəndləri qəhrəman əsgərlər kimi sıraya düzülüb. Ondan uzaqda Böyük Qafqaz dağları, lap uzaqda isə dumanlı şəkildə başı qarlı dağlar, Murovdağın zirvələri görünür...
Kosalar çox gözəl kənddi
Fuad Quliyev deyir ki, Kosalar çox gözəl kənddi, həm də strateji bir ərazidi. Buradan ətraf yaxşı görünür. Birinci Qarabağ döyüşlərində Kosaların qəhrəman oğullarının şücaəti bütün ölkəyə yayılıb. Şükür, indi kəndimiz öz əlimizdədi: “Şükürlər olsun, bu gözəl günlərə, nə deyim... Bundan da gözəl, bundan xoş nə ola bilər ki... Qəhrəman oğullarımıza Allah rəhmət eləsin. Var olsun, Ali Baş Komandanımız! Artıq biz Kosalarda, Şuşada rahat gəzib dolanırıq, doğma yurdumuza qayıdırıq. Bu torpaqlara doya-doya baxırıq, yaşamadığımız o gözəl günləri sanki yenidən yaşamağa başlamışıq...
Vidionun sonunda Kosalar kəndini əhatə edən dağları seyr edirik. Dağlar sanki dil açıb danışır. Kosaların necə bir qəhrəman kənd olduğundan söhbət açır, necə bir igidliklərə şahid olduğunu söyləyir...
Mina RƏŞİD