Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə postmünaqişə dövrünün əsas istiqamətlərindən biri kimi regional sabitliyin möhkəmləndirilməsi və nəqliyyat–kommunikasiya xətlərinin bərpası xüsusi vurğulanmışdır. Dövlət başçısı qeyd etmişdir ki, Ermənistan–Azərbaycan münaqişəsinin həm hərbi, həm də siyasi baxımdan tam başa çatması regionda yeni geosiyasi və geoiqtisadi reallıqlar formalaşdırmışdır. Bu reallıqların mərkəzində isə Zəngəzur dəhlizinin açılması və regional inteqrasiyanın təmin edilməsi dayanır.
Zəngəzur dəhlizi Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa və təhlükəsiz nəqliyyat əlaqəsinin yaradılmasını nəzərdə tutur. Bu məsələ təkcə iqtisadi və logistik əhəmiyyət daşımır, eyni zamanda tarixi ədalətin bərpası və ölkənin ərazi bütövlüyünün funksional təminatı baxımından strateji xarakter daşıyır. Prezident İlham Əliyevin vurğuladığı kimi, dəhlizin adının fərqli olması mümkündür, lakin onun mahiyyəti dəyişməz qalır
Bu dəhlizin reallaşması ilə Naxçıvan Muxtar Respublikasının uzun illər davam edən blokada vəziyyətinə faktiki olaraq son qoyulacaq, ölkədaxili iqtisadi, sosial və humanitar əlaqələr daha da güclənəcəkdir. Eyni zamanda, Azərbaycanın tranzit ölkə kimi regional və qlobal əhəmiyyəti əhəmiyyətli dərəcədə artacaqdır.
Prezident İlham Əliyev müsahibəsində Zəngəzur dəhlizinin açılmasının artıq beynəlxalq səviyyədə təsdiqləndiyini, o cümlədən ABŞ Prezidenti tərəfindən də bu məsələyə açıq dəstək ifadə olunduğunu bildirmişdir. Bu fakt layihənin yalnız regional deyil, qlobal maraqlara da cavab verdiyini göstərir. Dəhliz Şərq–Qərb və Şimal–Cənub nəqliyyat marşrutlarının bir-birini tamamlamasına xidmət etməklə beynəlxalq ticarətin təhlükəsizliyinə və sürətlənməsinə töhfə verəcəkdir.
Bu baxımdan Zəngəzur dəhlizi regionda əməkdaşlıq, qarşılıqlı etimad və iqtisadi asılılıqların güclənməsi üçün mühüm vasitə kimi çıxış edir. Prezidentin qeyd etdiyi kimi, artıq Azərbaycan vətəndaşları arasında bu layihənin reallaşacağına dair heç bir şübhə yoxdur.
Postmünaqişə mərhələsində Ermənistanla münasibətlərin normallaşdırılması Azərbaycanın xarici siyasətində əsas istiqamətlərdən biridir. Paraflanmış sülh sazişi və imzalanmış birgə Bəyannamə tərəflər arasında qarşılıqlı öhdəlikləri müəyyən etməklə regionda uzunmüddətli sülhün əsasını qoyur. ABŞ Prezidentinin şahid qismində bu Bəyannaməyə imza atması sənədin beynəlxalq siyasi çəkisini daha da artırmışdır.
Prezident İlham Əliyev xüsusi vurğulamışdır ki, normallaşma prosesi Azərbaycanın milli maraqları və postmüharibə reallıqları əsasında aparılır. Ermənistanla əlaqələrin bərpası məhz bu prinsiplərə uyğun şəkildə irəliləyir və Azərbaycanın istədiyi formatda həyata keçirilir.
Zəngəzur dəhlizinin açılması region ölkələri üçün yeni iqtisadi imkanlar yaradır. Nəqliyyat xərclərinin azalması, ticarət dövriyyəsinin artması, yeni logistika mərkəzlərinin formalaşması və investisiya axınının güclənməsi bu imkanların əsas istiqamətləridir. Azərbaycan bu prosesdə aparıcı rol oynayaraq regionun əsas nəqliyyat və enerji qovşaqlarından birinə çevrilməkdədir.
Dəhliz eyni zamanda postmünaqişə dövründə azad edilmiş ərazilərin bərpası və iqtisadi dövriyyəyə cəlb olunması baxımından da mühüm əhəmiyyət daşıyır. Yeni yollar, dəmir yolları və infrastruktur layihələri bu ərazilərin regional inteqrasiya prosesinə sürətli qoşulmasını təmin edəcəkdir.
Xocalı rayon gənci Ziya Əlyev.