2 Fevral – Azərbaycan Gəncləri Günü ölkəmizdə gəncliyə münasibətin sadəcə sosial yanaşma deyil, strateji dövlət siyasəti olduğunu nümayiş etdirən əlamətdar tarixdir. Bu gün Azərbaycan gəncliyinin formalaşma yoluna, cəmiyyət və dövlət qarşısındakı məsuliyyətinə, eləcə də gələcəyə yönəlmiş missiyasına bir daha nəzər salmaq üçün mühüm fürsətdir. Azərbaycan gənclərinin bu səviyyəyə yüksəlməsi Ümummilli Lider Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasətinin nəticəsidir. 1997-ci ildə Azərbaycan Gəncləri Gününün təsis olunması gənclərə olan inamın və etimadın rəsmi ifadəsi oldu.
Heydər Əliyev gəncləri yalnız gələcəyin deyil, həm də bu günün aparıcı qüvvəsi hesab edirdi. Onun siyasi fəlsəfəsində gənclər milli ideologiyanın daşıyıcısı, müstəqil dövlətin qoruyucusu və inkişafın hərəkətverici gücü kimi çıxış edirdi. Bu baxış gənclərin təhsilinə, mənəvi-əxlaqi tərbiyəsinə, fiziki sağlamlığına və sosial fəallığına kompleks yanaşmanı şərtləndirdi. Gənclər və İdman Nazirliyinin yaradılması, gənclər təşkilatlarının fəaliyyətinə dövlət dəstəyi, beynəlxalq gənclər əlaqələrinin genişləndirilməsi gənclərin potensialından səmərəli istifadəyə xidmət etdi.
Müstəqil Azərbaycanın gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun olaraq daha da inkişaf etdirilir. Dövlət başçısının gənclərə verdiyi önəm onların real qərarların qəbulunda iştirakına, təşəbbüslərinin dəstəklənməsinə və liderlik keyfiyyətlərinin formalaşmasına yönəlib. Gənclər Fondunun layihələri, innovasiya və startap ekosisteminin inkişafı, könüllülük hərəkatının genişlənməsi gənclərin cəmiyyətə inteqrasiyasını sürətləndirir. Bu gün Azərbaycan gəncliyi yalnız ölkə daxilində deyil, beynəlxalq arenada da fəal mövqe nümayiş etdirir.
Xüsusilə Vətən müharibəsi dövründə Azərbaycan gəncliyi üzərinə düşən tarixi məsuliyyəti layiqincə yerinə yetirdi. Döyüş meydanında canını fəda edən şəhid gənclər, arxa cəbhədə birliyi və həmrəyliyi təmin edən könüllülər, informasiya müharibəsində haqq səsimizi dünyaya çatdıran gənc fəallar dövlətə sədaqətin və vətən sevgisinin bariz nümunəsini göstərdilər. Bu reallıq bir daha sübut etdi ki, illər boyu aparılan gənclər siyasəti təsadüfi deyil, məqsədyönlü və nəticəyönümlüdür.
Bu gün Azərbaycan gəncliyi milli dəyərlərə bağlı, müasir dünyagörüşlü, rəqabətqabiliyyətli və təşəbbüskar bir nəsil kimi formalaşıb. Onlar elmdə, təhsildə, mədəniyyətdə, idmanda və texnologiyada qazandıqları uğurlarla ölkənin inkişafına töhfə verirlər. 2 Fevral – Azərbaycan Gəncləri Günü bu baxımdan yalnız bayram deyil, gənclərin üzərinə düşən milli məsuliyyətin və qlobal missiyanın simvoludur. Bu gün bir daha təsdiqləyir ki, Azərbaycanın gələcəyi güclü dövlətçilik düşüncəsinə malik, savadlı və vətənpərvər gəncliyin əlindədir.
Xocalı rayon ziyalısı Mətanət Zamanova