Regional sabitlik, sülh və yeni nəqliyyat imkanları.
Prezident İlham Əliyev çıxışında regionda yaranmış yeni siyasi reallıqlara və sülh prosesinə də toxunmuşdur. Dövlət başçısı bildirmişdir ki, Azərbaycan uzun illər davam edən münaqişədən sonra regionda sabitliyin və əməkdaşlığın bərqərar olması üçün ardıcıl addımlar atır. Prezident qeyd etmişdir ki, Ermənistanla paraflanmış sülh sazişi regionda yeni əməkdaşlıq imkanları yaradır və artıq bunun ilk nəticələri görünməyə başlayıb.
Dövlət başçısı vurğulamışdır ki, Azərbaycan müstəqilliyini 1991-ci ildə bərpa etsə də, faktiki olaraq yalnız son aylarda regionda sülh şəraitində yaşamaq imkanı əldə etmişdir. Buna baxmayaraq, artıq iqtisadi və nəqliyyat sahəsində əməkdaşlıq imkanları genişlənməyə başlayıb. Azərbaycan Ermənistan istiqamətində bir sıra mühüm addımlar ataraq bu ölkəyə neft məhsullarının təchizatına başlamış və digər ölkələrdən Ermənistan ərazisinə yönələn yüklərin Azərbaycan ərazisindən tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırmışdır.
Prezident İlham Əliyev qeyd etmişdir ki, bu addımlar Azərbaycanın sülhə sadiqliyini və regionda sabitliyin təmin edilməsinə verdiyi töhfəni göstərir. Dövlət başçısının sözlərinə görə, əgər hər iki tərəf siyasi iradə nümayiş etdirərsə, bu proses regionda dövlətlər və xalqlar arasında barışığın təmin olunmasına gətirib çıxara bilər.
Eyni zamanda, Orta Dəhlizin inkişafı və yeni nəqliyyat marşrutlarının açılması regionun iqtisadi potensialını artıracaq. Azərbaycan Avropa ilə Asiya arasında mühüm nəqliyyat və logistika mərkəzi kimi çıxış edərək beynəlxalq ticarətin inkişafına töhfə verməkdə davam edir. Prezident İlham Əliyev vurğulamışdır ki, sülh və əməkdaşlıq regionun inkişafı üçün əsas şərtdir və Azərbaycan bu istiqamətdə bütün tərəfdaşları ilə fəal işləməyə hazırdır.
Xocalı rayon gənci Orxan Məmmədov.