Tarixə nəzər saldıqda, İran və Azərbaycan arasında münasibətlərin müxtəlif mərhələlərdən keçdiyini görmək olar. Səfəvilər dövründən başlayan yaxınlıq, XX əsrdə siyasi dəyişikliklərlə müəyyən fasilələrə uğrasa da, Azərbaycan Respublikasının 1991-ci ildə müstəqillik qazanmasından sonra bu münasibətlər yenidən qurulmağa başladı. İran Azərbaycanın ilk tanıyan ölkələrindən biri oldu və Bakı ilə Tehran arasında diplomatik münasibətlər qısa zamanda quruldu. Lakin zaman-zaman fərqli siyasi baxışlar və regional məsələlərdəki yanaşma fərqlilikləri bu münasibətləri sınağa çəkdi.
Son illərdə isə münasibətlərdə nəzərəçarpacaq bir istiləşmə müşahidə olunur. Xüsusilə nəqliyyat-logistika, energetika və sərhəd infrastrukturunun inkişafı sahəsində atılan addımlar ortaq maraqlara xidmət edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursunda qonşu dövlətlərlə münasibətlərin möhkəmləndirilməsi prioritet istiqamətlərdən biri kimi dəyərləndirilir. İran tərəfi də son prezident dəyişikliyindən sonra Azərbaycanla münasibətlərin daha da dərinləşməsinə açıq olduğunu nümayiş etdirir.
Zəngəzur dəhlizi məsələsində tərəflərin ortaq maraqları getdikcə daha aydın şəkildə üzə çıxır. İran bu layihəni regionun bütün ölkələri üçün iqtisadi imkanlar yaradan strateji təşəbbüs kimi qiymətləndirir. Eyni zamanda, Araz çayı üzərində aparılan birgə layihələr və ticarət körpülərinin inşası iqtisadi inteqrasiyanın konkret nümunələridir.
Diplomatik cəhətdən də Azərbaycan və İran ortaq maraqlara əsaslanan qarşılıqlı hörmət prinsipini ön planda saxlayırlar. Hər iki ölkə Cənubi Qafqazda sülh və təhlükəsizlik mühitinin qorunmasına önəm verir və bu məqsədlə ikitərəfli mexanizmlərin aktivləşdirilməsi gündəmdədir. Tərəflər həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi davam etdirirlər.
Hazırkı mərhələdə Azərbaycan–İran münasibətləri təkcə ikitərəfli deyil, regionun sabitliyi və inkişafı baxımından da mühüm rol oynayır. Tarixi əlaqələrə əsaslanan, diplomatik baxımdan möhkəmlənmiş və iqtisadi sahədə konkret əməkdaşlıqla dəstəklənən bu münasibətlər qarşıdakı illərdə daha da genişlənmək potensialına malikdir.
Xocalı rayon gənci Vasif Bagirov.