Azərbaycan ilə Gürcüstan arasında dostluq və mehriban qonşuluq əlaqələri tarixin dərinliklərindən gəlir. Bu münasibətlər zamanın sınaqlarından keçərək bu gün regionda sarsılmaz tərəfdaşlıq nümunəsinə çevrilmişdir. Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşündə iki ölkə arasındakı münasibətlərin yüksək səviyyəsi bir daha təsdiqləndi.
İrakli Kobaxidzenin seçkilərdən sonra ilk xarici səfərini Azərbaycana etməsi hər iki ölkənin dostluğunun möhkəmliyini və əlaqələrin dərinliyini əks etdirir. Prezident İlham Əliyev bu addımı yüksək qiymətləndirərək Gürcüstanın uğurlu siyasi və iqtisadi siyasətinin regional sabitlik və inkişaf üçün əhəmiyyətli olduğunu vurğuladı.
Azərbaycan-Gürcüstan əlaqələri siyasi, iqtisadi, enerji və nəqliyyat sahələrində mühüm uğurlara imza atmışdır. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyaraq, qonşu ölkədə müsbət iqtisadi mühitin formalaşmasına töhfə vermişdir. Gürcüstanın sərmayə dostu siyasəti hər iki ölkənin iş adamları arasında əməkdaşlığı gücləndirmiş, bu isə regionda iqtisadi inteqrasiyanın inkişafına şərait yaratmışdır.
Enerji sahəsində Azərbaycan və Gürcüstanın birgə reallaşdırdığı layihələr qlobal əhəmiyyət daşıyır. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi və digər layihələr təkcə iki ölkə üçün deyil, Avropa və Asiyanın enerji təhlükəsizliyi üçün də mühüm rol oynayır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Gürcüstan vasitəsilə Azərbaycanın təbii qazı 11 ölkəyə ixrac edilir və bu göstərici ildən-ilə artır. Azərbaycan, həmçinin Gürcüstanın təbii qaz ehtiyacının böyük hissəsini qarşılayaraq, regionun enerji mərkəzi kimi öz mövqeyini möhkəmləndirir.
Nəqliyyat və logistika sahəsində də Azərbaycan və Gürcüstan sıx əməkdaşlıq edir. Orta Dəhliz layihəsi hər iki ölkənin Asiya və Avropa arasında strateji körpü rolunu təsdiqləyir. Hər iki ölkənin nəqliyyat infrastrukturunun müasirləşdirilməsi bu layihənin gələcəkdə daha da genişlənməsinə zəmin yaradır.
İki ölkə arasında mədəni-humanitar əlaqələr də xüsusi əhəmiyyət daşıyır. Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycandakı gürcü icmaları hər iki xalq arasında mədəniyyət və dostluq körpüsü rolunu oynayır. Beynəlxalq təşkilatlar çərçivəsində də Azərbaycan və Gürcüstan daim bir-birinə dəstək göstərərək, regional və qlobal məsələlərdə vahid mövqe nümayiş etdirir.
İrakli Kobaxidzenin bu səfəri və aparılan müzakirələr Azərbaycan-Gürcüstan əlaqələrinin daha da möhkəmlənəcəyini və gələcəkdə yeni nailiyyətlərə imza atılacağını göstərir. Tarixdən gələn dostluq bağları, müasir dövrün strateji əməkdaşlığı ilə tamamlanaraq, bu münasibətləri daha da əhəmiyyətli edir. Azərbaycan və Gürcüstan xalqları üçün bu əlaqələr sülh, sabitlik və rifahın təminatçısı olaraq qalmaqdadır.
Xocalı rayon ziyalısı Aqil Məmməqdov