Xocalı faciəsi təkcə Azərbaycan xalqının deyil, bütövlükdə bəşəriyyətin tarixində qanla yazılmış ən ağır cinayətlərdən biridir. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə baş verən bu soyqırımı, erməni silahlı qüvvələrinin insanlığa sığmayan vəhşiliyinin ən dəhşətli nümunəsidir. O gecə Xocalı şəhərində dinc əhali amansızlıqla qətlə yetirildi, minlərlə insan doğma torpağından didərgin düşdü, yüzlərlə ailə məhv oldu. Qadınlar, uşaqlar, qocalar heç bir mərhəmət göstərilmədən işgəncələrlə öldürüldü. Bu hadisə təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı törədilmiş qanlı cinayət kimi yaddaşlara həkk olundu.
Xocalı soyqırımı nəticəsində 613 nəfər xüsusi qəddarlıqla öldürüldü, 1275 nəfər əsir götürüldü, 150 nəfərin taleyindən isə indiyədək xəbər yoxdur. Onların əksəriyyəti günahsız mülki insanlar idi. Həmin gecə 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Bütün bu rəqəmlər sadəcə bir statistika deyil, yüzlərlə ailənin məhv edilməsi, minlərlə insanın ürəyində sağalmayan yaralar, dağılan talelər deməkdir. Xocalı soyqırımı zamanı törədilmiş vəhşiliklər bəşəriyyət tarixində Holokost, Xatın faciəsi kimi insanlığa qarşı cinayətlər sırasında yer alır.
Bu faciənin yaddaşlardan silinməməsi üçün Azərbaycan dövləti, Xocalı sakinləri və bütün vətəndaşlarımız daim mübarizə aparır. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclis Xocalı soyqırımı haqqında qərar qəbul etdi və hər il fevralın 26-sı ölkəmizdə bu hadisə anılır. 1997-ci ildən etibarən isə saat 17:00-da Xocalı şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilib. Bu, yalnız bir anlıq susqunluq deyil, xalqımızın Xocalı qurbanlarının ruhuna hörməti və ədalət axtarışının bir simvoludur.
Son illərdə Azərbaycan dövləti Xocalı faciəsini beynəlxalq aləmdə tanıtmaq üçün genişmiqyaslı fəaliyyət həyata keçirir. "Xocalıya ədalət" kampaniyası bu istiqamətdə atılan mühüm addımlardan biridir. Bu təşəbbüs, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilərək Xocalı soyqırımı haqqında həqiqətləri dünyaya çatdırmaq məqsədi daşıyır. Artıq dünyanın bir çox ölkəsi və beynəlxalq təşkilatları Xocalı faciəsini soyqırımı kimi tanıyıb, bu cinayəti pisləyib.
Azərbaycan xalqı üçün Xocalı faciəsinin ən böyük ədaləti, torpaqlarımızın azad olunması oldu. 2020-ci il Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusu düşməni darmadağın edərək 30 illik işğala son qoydu. Xocalı şəhəri 2023-cü ilin sentyabrında antiterror tədbirləri nəticəsində tam azad edildi və Azərbaycanın suverenliyi tam bərpa olundu. Bu, şəhidlərimizin ruhuna ehtiramın, Xocalı qurbanlarının qanının yerdə qalmadığının ən bariz sübutudur.
Bu gün Xocalı şəhərində yenidənqurma işləri aparılır, dağıdılmış evlər, məhv edilmiş abidələr bərpa edilir, şəhidlərimizin xatirəsinə ucaldılan memorial yenidən tariximizin unudulmaz səhifəsi kimi xalqa təqdim olunur. Azərbaycan xalqı Xocalı faciəsini heç zaman unutmayacaq və bu soyqırımı bir daha baş verməməsi üçün daim mübarizə aparacaq.
Xocalı rayon ziyalısı Xalidə Əmraslnova