1993-cü ilin 3 oktyabrı – bu tarix bizim yaddaşımıza qızıl hərflərlə yazılıb. Elə bir gün idi ki, xalqın ümidləri boşa çıxmadı. Hər kəsin qəlbində bir sual vardı: “Görəsən sabahımız necə olacaq?” Elə bu sualın cavabı da o gün sandıqlardan çıxdı – Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Xalq öz xilaskarına səs verdi.
O dövrdə vəziyyət çətindi, düzünü desək, heç kim sabaha əmin deyildi. Ölkədə daxili çaxnaşmalar, bölgələrdə qarşıdurmalar, iqtisadi vəziyyətin ağırlığı – hər şey üst-üstə gəlmişdi. Amma bir ad vardı ki, hamı ona inanırdı. Heydər Əliyev adı xalq üçün güvən idi, sabitlik idi, gələcək ümidi idi. Çünki bu insan təkcə siyasətçi deyildi, bu insan xalqı tanıyırdı, xalq da onu tanıyırdı.
Xatırlayıram, o günlərdə yaşlısı da, gənci də bir nəfəsə səs verdi. “Bu vətənin yiyəsi lazımdı!” – deyirdi insanlar. Sanki bir ailənin başçısı yox idi və onu gözləyirdik. Heydər Əliyev Prezident seçiləndə, sanki ailənin böyüyü evə qayıtdı. Xalq rahat nəfəs aldı, çünki bilirdi ki, artıq bu ölkə sahibsiz deyil.
Heydər Əliyevin hakimiyyətə qayıdışı təkcə bir siyasi hadisə deyildi, bu, milli dirçəliş idi. O, hər addımında xalqı düşünürdü, vətəni düşünürdü. Onun qətiyyəti, uzaqgörənliyi, dövlətə və millətə olan sevgisi sayəsində Azərbaycan ağır günlərdən keçib ayağa qalxdı. Hər sahədə sistem quruldu, ordu gücləndi, dövlət quruculuğu əsaslı şəkildə başlandı.
Bu gün arxaya baxanda görürük ki, o 3 oktyabr sadəcə bir seçki tarixi deyildi. O gün Azərbaycan öz tale yolunu seçdi. Heydər Əliyevin “Dövlətçilik – mənim həyatımın mənasıdır” deməsi təkcə söz deyildi, bu, onun bütün fəaliyyəti ilə sübut olundu.
Və biz o günü heç vaxt unutmamalıyıq. Çünki o gün olmasaydı, bu gün bəlkə də olmayacaqdı. Heydər Əliyev bu xalqın taleyində böyük iz qoydu. Onun xidmətləri sözlə bitməz. Amma bir şeyi demək bəs edir: bu millət onu unutmadı, unutmayacaq da. Çünki o, xalq üçün yaşadı, xalqın qəlbində yaşamağa da davam edir.
Xocalı rayon ziyalısı Nazim Qədirov