Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xankəndidən dünyaya çağırış: Azərbaycan gücünü, ədalətini və inkişafını nümayiş etdirir

0

  • İyulun 4-də Xankəndidə baş tutan İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü Azərbaycanın həm siyasi iradəsini, həm də beynəlxalq nüfuzunu bir daha sübut etdi. Prezident İlham Əliyevin bu toplantıda etdiyi çıxış, Azərbaycanın tarix qarşısındakı mövqeyini, haqq savaşını və gələcəyə yönəlmiş inkişaf strategiyasını açıq və qətiyyətli şəkildə ortaya qoydu.
    Azərbaycan ilk dəfə deyil ki, ECO-nun Zirvə görüşünə ev sahibliyi edir. Lakin bu dəfə seçilən məkan – Qarabağ torpağının qəlbi Xankəndi – həm tarixi, həm siyasi baxımdan xüsusi simvolikaya malikdir. Prezidentin sözləri ilə desək, burada görüşün keçirilməsi təkcə təşkilati deyil, həm də mənəvi əhəmiyyət daşıyır. Bu torpaqlarda Azərbaycan əsgərinin qanı bahasına qazanılmış qələbə, indi sülh və əməkdaşlıq simvoluna çevrilir.
    İşğaldan azad olunmuş torpaqlarda həyata keçirilən tədbirlər sadəcə fiziki bərpa deyil, həm də milli kimliyin və tarixi yaddaşın dirçəldilməsidir. Prezident İlham Əliyev Xankəndidəki çıxışında erməni işğalı dövründə törədilmiş vəhşilikləri bir daha xatırladaraq, dağıdılmış məscidlərdən, təhqir olunmuş qəbiristanlıqlardan, talan edilmiş şəhər və kəndlərdən danışdı.
    Azərbaycan xalqı isə nə ədalətsizliyə boyun əydi, nə də işğalla barışdı. 2020-ci ildə baş tutan Vətən müharibəsi, illərlə gözlənilən qisasın və ədalətin təcəssümü oldu. Ermənistanın kapitulyasiya etməsi ilə bölgədə yeni reallıqlar formalaşdı. Bu reallıqlar içərisində ən vacibi isə Azərbaycan xalqının öz torpaqlarına sahib çıxması və həmin ərazilərdə həyatın yenidən qurulmasıdır.
    Bu gün Azərbaycan yalnız öz şəhərlərini deyil, həm də beynəlxalq münasibətləri yenidən formalaşdırır. Prezident qeyd etdi ki, işğaldan azad olunmuş ərazilərdə artıq 16 şəhər və kəndə keçmiş məcburi köçkünlər qayıdıb, 50 mindən çox insan doğma torpaqlarında yeni həyat qurur. “Böyük Qayıdış” proqramı ölkənin prioritetlərindən biridir və bu proses artıq gerçək nəticələr verir.
    Prezident həmçinin Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının müdafiəsinə də toxundu. İslam Əməkdaşlıq Təşkilatının son qərarlarında bu məsələyə yer verilməsi, Azərbaycan diplomatiyasının növbəti uğurudur.
    Tədbirdə həmçinin Azərbaycanın iqtisadi potensialı və beynəlxalq əməkdaşlıq imkanları diqqətə çatdırıldı. Ölkəyə son 20 ildə yatırılmış 350 milyard dollarlıq sərmayə, təbii qaz ixracının genişlənməsi və enerji təhlükəsizliyində Azərbaycanın oynadığı əsas rol – bütün bunlar Prezidentin nitqində vurğulandı.
    Azərbaycanın təşəbbüsü ilə keçirilən “ECO Həftəsi” çərçivəsində Şuşada Biznes Forumu, Ağdamda Gənclər Forumu və Laçında Qadınlar Forumu kimi tədbirlər regionun yenidən beynəlxalq əlaqələrin mərkəzinə çevrildiyini göstərdi. Eyni zamanda, ECO Tədqiqat Mərkəzinin və Təmiz Enerji Mərkəzinin yaradılması istiqamətində görülən işlər Azərbaycanın təşkilatla əməkdaşlığı daha da dərinləşdirmək istədiyinin sübutudur.
    Sonda Prezident İlham Əliyev bir daha qeyd etdi ki, Azərbaycan bu regionda sabitliyin, tərəqqinin və əməkdaşlığın təməlini qoyub. Xankəndidən verilən bu mesaj sadəcə ECO üzvlərinə deyil, bütün dünyaya ünvanlandı: Azərbaycan öz gücünü, əzmini və iradəsini sübut edib və bundan sonra da ədalətə əsaslanan yoluna davam edəcək.
    Xocalı rayon gənci Ramil Salahov
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi3 həft. öncə
    İzlənib16 dəfə
    Xankəndidən dünyaya çağırış: Azərbaycan gücünü ədalətini inkişafını nümayiş etdirir

    Maraqlı gələ bilər
    143
    204
    71