0
Xocalı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə işğaldan azad edilmiş Xocalı şəhərində fəaliyyət göstərən ümumtəhsil müəssisəsində “Sağlam qidalanma və qida təhlükəsizliyi – sağlam gələcəyin əsası” mövzusunda maarifləndirici tədbirin keçirilməsi nəzərdə tutulur.
Tədbirin əsas məqsədi məktəblilər arasında sağlam qidalanma vərdişlərini formalaşdırmaq, qida məhsullarının seçilməsi, saxlanılması və istehlakı zamanı təhlükəsizlik qaydalarına əməl olunmasının əhəmiyyətini izah etməkdir.
Maarifləndirmə zamanı şagirdlərə meyvə və tərəvəzlərin istehlakdan əvvəl axar su altında yaxşı yuyulması, qida məhsullarının saxlanma şəraitinə və istifadə müddətinə diqqət yetirilməsi, qablaşdırılmış məhsulların etiket məlumatlarının yoxlanılması, həmçinin mənşəyi və keyfiyyəti şübhə doğuran qidalardan istifadə edilməməsi barədə məlumat verilməsi nəzərdə tutulur.
Bununla yanaşı, gündəlik qida rasionunda meyvə və tərəvəzlərə, zülal və digər faydalı qida maddələri ilə zəngin məhsullara yer ayrılmasının, səhər yeməyinin əhəmiyyətinin və şəkərli içkilərin həddindən artıq istehlakından çəkinməyin vacibliyinin izah olunması planlaşdırılır.
Tədbir çərçivəsində şagirdlərlə interaktiv müzakirələrin aparılması, onların mövzu ilə bağlı suallarının cavablandırılması və qida təhlükəsizliyi qaydalarını əks etdirən maarifləndirici materialların təqdim edilməsi nəzərdə tutulur.
Qida təhlükəsizliyi və düzgün qidalanma ilə bağlı biliklərin məktəb yaşlarından formalaşdırılması uşaqların sağlamlığının qorunması və sağlam həyat tərzinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd olunan tədbir Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2019-cu il tarixli 1143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın 10.12.4-cü bəndinin məqsədlərinə uyğun maarifləndirmə istiqamətinə xidmət edir.
| Bölmə | Qəzet |
| Kateqoriya | Xocalı rayonu |
| Yerləşdirdi | |
| Yerləşdirildi | 8 saat öncə |
| İzlənib | 3 dəfə |