0
Bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirlərinin davamı olaraq Xocalı Rayon İcra Hakimiyyəti başçısının aparatında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən “Kibermaariflənmə və süni intellekt bacarıqları” mövzusunda təlim keçirilmişdir.
Təlimin əsas məqsədi dövlət qulluğunda çalışan əməkdaşların kibertəhlükəsizlik sahəsində biliklərinin artırılması, informasiya sistemlərindən təhlükəsiz istifadə vərdişlərinin formalaşdırılması, xidməti və fərdi məlumatların qorunması istiqamətində maarifləndirmə işinin gücləndirilməsi, eləcə də süni intellekt texnologiyalarından səmərəli və məsuliyyətli istifadənin təşviq edilməsi olmuşdur.
Təlim çərçivəsində iştirakçılara müasir kibertəhdidlər, internet mühitində yarana biləcək təhlükələr, elektron məlumatların mühafizəsi, güclü şifrələrdən istifadə, şübhəli elektron məktubların və zərərli keçidlərin müəyyən edilməsi, habelə kiberdələduzluq hallarından qorunma üsulları barədə məlumat verilmişdir. Dövlət qurumlarında istifadə olunan informasiya sistemlərinin təhlükəsizliyinin qorunması, məxfi və xidməti məlumatlarla işləyərkən təhlükəsizlik qaydalarına ciddi riayət olunmasının vacibliyi diqqətə çatdırılmışdır.
Maarifləndirici təlimdə süni intellekt texnologiyalarının müasir dövlət idarəçiliyində rolu və tətbiq imkanları da diqqət mərkəzində olmuşdur. Bildirilmişdir ki, süni intellekt alətləri məlumatların təhlili, sənədlərlə işin təşkili, gündəlik fəaliyyətin optimallaşdırılması və iş proseslərinin səmərəliliyinin artırılması baxımından yeni imkanlar yaradır. Bununla yanaşı, həmin texnologiyalardan istifadə zamanı məlumatların məxfiliyinin qorunması, təqdim edilən informasiyanın düzgünlüyünün yoxlanılması və informasiya təhlükəsizliyi tələblərinə əməl edilməsi xüsusi əhəmiyyət kəsb edir.
Təlim zamanı dövlət qulluqçularının rəqəmsal mühitdə məsuliyyətli davranışı, kiberhücumların qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi və informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması kimi məsələlərə də toxunulmuşdur. Vurğulanmışdır ki, müasir texnoloji imkanlardan düzgün istifadə dövlət orqanlarında işin keyfiyyətinin yüksəldilməsinə, operativliyin və şəffaflığın artırılmasına xidmət edir.
Belə maarifləndirici tədbirlərin keçirilməsi dövlət qulluqçularının peşəkar bilik və bacarıqlarının təkmilləşdirilməsi, rəqəmsal yeniliklərə uyğunlaşması və informasiya təhlükəsizliyi sahəsində məsuliyyətinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Xocalı Rayon İcra Hakimiyyətində keçirilən təlim dövlət idarəçiliyində rəqəmsal savadlılığın gücləndirilməsi, kibertəhlükəsizlik qaydalarına əməl olunması və süni intellekt texnologiyalarının yaratdığı imkanlardan düzgün istifadə edilməsi istiqamətində maarifləndirməyə töhfə vermişdir.
| Bölmə | Qəzet |
| Kateqoriya | Rayon tədbirləri |
| Yerləşdirdi | |
| Yerləşdirildi | 1 gün öncə |
| İzlənib | 14 dəfə |