İşğaldan azad olunan Xocalıda 32 ildən sonra ilk Bilik günü keçirilib. Bu münasibətlə təşkil olunan tədbirdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, elm və təhsil naziri Emin Əmrullayev, Qarabağ Regional Təhsil İdarəsinin müdir müavini Anar Məcidov, məktəb kollektivi və valideynlər iştirak ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib. Ardınca ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər yeni tədris ilinin başlanması münasibətilə şagird və müəllimləri təbrik edib, onlara uğurlar arzulayıblar.
Sonra məktəbdə Bilik gününün zəngi səslənib, şagirdlər sevinc hissi ilə sinif otaqlarına daxil olublar.
Sonda tədbir iştirakçıları Xocalı şəhər 1 nömrəli tam orta məktəbdə tədris prosesi ilə yaxından tanış olublar. Bildirilib ki, ikimərtəbəli məktəb binası 132 şagird yerlikdir. Məktəbin bir korpusu tədrisə aiddir, digər korpus idman zalı, akt zalı və kitabxanadan ibarətdir. Məktəbdə kimya, biologiya, fizika, informatika, hərbi hazırlıq kabinələri, STEAM otağı yaradılıb. Təhsil ocağı bütün avadanlıqlarla təmin olunub. Məktəbdə 16 nəfərlik heyət şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olacaq. Şagirdlərdən 8 nəfəri I sinif, 21 nəfəri isə II-XI sinif üzrə təhsil alacaq. 5 nəfər isə məktəbəhazırlıq qruplarında tədrisə cəlb olunacaq.