Azərbaycan tarixində 20 oktyabr xüsusi bir səhifə kimi qeyd olunur. Bu gün Zəngilan şəhərinin işğaldan azad edildiyi, torpaqlarımızın bütövlüyünün bərpa olunduğu, xalqımızın 30 illik həsrətinə son qoyulduğu gündür. 2023-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə bu tarix “Zəngilan şəhəri günü” kimi təsis edilib və hər il böyük qürur hissi ilə qeyd olunur. Qədim Zəngilan torpaqları Azərbaycan mədəniyyətinin, təbiətinin və tarixi yaddaşının parlaq bir hissəsidir. XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra aparılan inzibati bölgü nəticəsində Zəngilan Zəngəzur qəzasının tərkibinə daxil edilmişdi. Bu bölgə qədim türk yurdları ilə zəngin idi – Zəngilan, Qubadlı, Laçın, Sisyan və Qafan bu qəzanın əsas hissələrini təşkil edirdi. 1920-ci ilin 28 aprelində Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalından sonra Zəngəzur qəzasının yuxarı hissəsi zorla Ermənistana verilmiş, Zəngilan, Qubadlı və Laçın isə Azərbaycanın tərkibində qalmışdı. Bu hadisə Azərbaycan tarixində milli faciə ilə yadda qaldı. Zəngilan rayonunun təbiəti olduqca zəngindir. Ərazidən Araz, Oxçuçay, Həkəri və Bəsitçay çayları axır. Dağlıq və dağətəyi relyefə malik olan bu torpaq tikinti daşı, qızıl, mərmər və əhəng kimi faydalı qazıntılarla doludur. Zəngilan strateji mövqeyinə görə də mühüm əhəmiyyət daşıyır – şimaldan Qubadlı, şərqdən Cəbrayıl, cənubdan İran, qərbdən isə Ermənistanla sərhəddir. 1993-cü ilin payızında Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra Zəngilan 67 gün tam mühasirədə qaldı. Rayon sakinləri qəhrəmanlıqla vuruşaraq, son ana qədər düşmənə müqavimət göstərdilər. Lakin qüvvələr nisbətinin bərabər olmaması nəticəsində Zəngilan işğal olundu. 235 nəfər şəhid və itkin verən zəngilanlılar Araz çayını keçərək İrana, oradan isə Azərbaycanın müxtəlif rayonlarına pənah apardılar. İşğal illərində erməni vandalları Zəngilanın bütün tarixi və dini abidələrini məhv etdilər. XVII əsrə aid İmam Hüseyn məscidi, XIV əsrdə tikilmiş Səkkizguşəli türbə, yüzlərlə ziyarətgah, alban kilsələri və memarlıq abidələri yerlə-yeksan edildi. Qədim Məmmədbəyli türbəsi, Bartaz Qız qalası, Şərifan abidələri kimi tarixi dəyərlər vandalizmə məruz qaldı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Azərbaycan Ordusu bir-birinin ardınca Cəbrayıl, Füzuli və digər rayonları azad edərək Zəngilan istiqamətində irəlilədi. 20 oktyabr 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciət edərək Zəngilan şəhərinin, həmçinin Havalı, Şərifan, Məmmədbəyli, Zərnəli, Həkəri və Birinci Muğanlı kəndlərinin azad olunduğunu elan etdi. Bu qələbə ilə Azərbaycan-İran sərhədi boyunca 132 kilometrlik xətt tam bərpa edildi. Zəngilan döyüşlərində göstərdikləri igidliyə görə minlərlə əsgər və zabit “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olundu. İşğaldan azad edildikdən sonra Zəngilan “Böyük Qayıdış” proqramının simvoluna çevrildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə burada bərpa və quruculuq işləri geniş vüsət aldı. İlk pilot layihə – “Ağalı Ağıllı Kəndi” də məhz Zəngilanda icra edildi. Bu kənd müasir texnologiyalar əsasında “yaşıl enerji”, ağıllı idarəetmə, ekoloji dayanıqlılıq və sosial rifah prinsiplərinə əsaslanaraq qurulub. Günəş panelləri, mini su elektrik stansiyaları, ekoloji təmiz istilik sistemləri, “GPON” internet şəbəkəsi və rəqəmsal xidmətlər Ağalını dünyanın ən müasir kəndlərindən birinə çevirmişdir. Hazırda yüzlərlə ailə Ağalıya qayıdıb, kənddə məktəb, uşaq bağçası, tibb məntəqəsi, ASAN və DOST xidmətləri fəaliyyət göstərir. 2023-cü ilin oktyabrında təsdiqlənmiş Zəngilan şəhərinin 2040-cı ilədək Baş Planı bu bölgənin gələcək inkişafının əsas yol xəritəsidir. Bu plana əsasən, Zəngilan yaxın illərdə müasir şəhərsalma prinsipləri ilə inşa ediləcək, yaşıl enerji, turizm, aqrar və sənaye istiqamətləri üzrə regional mərkəzə çevriləcək. Zəngilan həm də mühüm nəqliyyat qovşağıdır. Burada inşa edilən Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın hava nəqliyyatı infrastrukturunun əsas hissəsini təşkil edir. Hava limanı 2023-cü ildə istifadəyə verilib və Zəngəzur dəhlizinin hava bağlantısını təmin edir. Bununla yanaşı, Horadiz–Zəngilan–Ağbənd dəmir yolu və avtomobil magistralları regionu iqtisadi cəhətdən canlandıracaq. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Zəngilan şəhər məscidi bərpa olunub. XIX əsrdə tikilmiş bu tarixi məscid işğal zamanı dağıdılmış, tövlə kimi istifadə olunmuşdu. Bərpadan sonra məscid iki minarə ilə ucaldılıb, daxili naxış və nəqqaşlıq işləri ilə bəzədilib. Eyni zamanda bölgənin turizm potensialı da inkişaf etdirilir. 2024-cü ildə “Ağalı” hotelinin açılması, “Dost Aqropark” layihəsinin genişləndirilməsi, meyvə bağlarının salınması və kənd təsərrüfatının müasir texnologiyalarla yenilənməsi Zəngilanı yeni iqtisadi mərkəzə çevirir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva dəfələrlə Zəngilana səfər edərək aparılan bərpa işləri ilə tanış olublar. 2020-ci ildə Zəngilanda bayrağın ucaldılmasından başlayaraq, “Ağıllı kənd”in, “Dost Aqropark”ın, Zəngilan Hava Limanının, məscidin və məktəbin açılışına qədər bir çox mühüm hadisə bu səfərlərlə tarixə düşüb. Bu səfərlər Zəngilanın təkcə coğrafi deyil, həm də siyasi və mənəvi baxımdan Azərbaycan dövlətçiliyinin dirçəliş simvolu olduğunu göstərir. Bu gün Zəngilan azad, müasir və yenidən doğulan bir torpaqdır. Bura təkcə Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının qürur mənbəyinə çevrilib. Zəngilanın hər daşı, hər ağacı, hər tikilisi bir mesaj verir: “Bu torpaqlar əbədi Azərbaycanındır.” Zəngilanın bərpası – dövlətin gücünün, xalqın birliyinin və Zəfərin əbədiliyinin təcəsssümüdür.
Xocalı rayon ziyalısı Zülfü Quliyev