Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
1992-ci il 21 noyabr – Yeni Azərbaycan Partiyasının təsis konfransı: tarixi məsuliyyət, milli yaddaş və dövlətçilik düşüncəsinin təntənəsi

0



  • 1992-ci ilin 21 noyabrı Azərbaycan dövlətçilik tarixində dönüş nöqtəsi kimi yadda qalmışdır. Ulu Öndər Heydər Əliyevin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” fikri məhz o dövrün siyasi reallıqlarını aydın ifadə edirdi. Çünki Yeni Azərbaycan Partiyası Azərbaycanın ən mürəkkəb, taleyüklü günlərində xalqın xilası naminə atılmış cəsarətli və məsuliyyətli addım idi. Ölkə siyasi, hərbi və sosial-iqtisadi böhran içində idi, dövlətçilik təhlükə altına düşmüşdü. Belə bir şəraitdə Azərbaycanın ziyalıları, sözün həqiqi mənasında xalqın taleyini düşünən insanlar meydana çıxdılar və ölkəni xilas edə biləcək yeni siyasi qüvvənin yaradılmasını zəruri saydılar. “91-lər”in Ulu Öndər Heydər Əliyevə müraciəti yalnız bir qrup ziyalının çağırışı deyildi – bu, xalqın ümumi iradəsinin ifadəsi idi və həmin müraciət ölkənin gələcəyini müəyyən edən həlledici siyasi hadisəyə çevrildi.

    Ulu Öndər Heydər Əliyevin “Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur” sözləri həmin dövrün reallığını, xalqın artan narahatlığını və dövlətçilik ideallarının xilası üçün atılacaq addımın vacibliyini təsdiqləyirdi. 1992-ci il 21 noyabr tarixində Naxçıvanda keçirilmiş təsis konfransı Azərbaycanın bütün regionlarından olan 550 nümayəndəni bir araya gətirdi. Tarixi qərarlar məhz həmin konfransda qəbul edildi: YAP-ın Nizamnaməsi və Proqramı təsdiqləndi, Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi və yeni siyasi təşkilat müstəqil Azərbaycanın gələcəyinə yön verəcək böyük missiyanı öz üzərinə götürdü. Bu tarixdən başlayaraq Yeni Azərbaycan Partiyası qısa müddətdə siyasi sistemin, cəmiyyətin və dövlət idarəçiliyinin aparıcı qüvvəsinə çevrildi.

    Ulu Öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasını formalaşdırmaqla təkcə ölkəni böhrandan çıxarmadı, həm də onun müasir siyasi modelini qurdu. Onun rəhbərliyi ilə YAP cəmiyyətin bütün təbəqələrini birləşdirən, dövlətçilik ideyalarını qoruyan, milli maraqları üstün tutan ümumxalq partiyasına çevrildi. Partiyanın demokratik siyasi mədəniyyətin inkişafına töhfələri, dövlət idarəçiliyində islahatların təşviqi, siyasi dialoqun formalaşdırılması, müstəqil Azərbaycanın möhkəmlənməsinə verdiyi töhfələr tariximizin mühüm hissəsidir. Heydər Əliyev yolu və onun siyasi mirası sonrakı illərdə də YAP-ın fəaliyyətində əsas strateji istiqamət olaraq qalmaqdadır.

    2005-ci il 26 mart tarixində partiyanın yeni sədri – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin seçilməsi YAP-ın həyatında yeni mərhələnin başlanğıcı oldu. Prezident İlham Əliyev uzun illər ərzində dövlətçilik ideyalarına sədaqətlə xidmət edərək partiyanı və ölkəni yeni inkişaf zirvələrinə yüksəltdi. Onun “Xalq 2003-cü ildə Heydər Əliyev siyasətinə səs vermişdir, mən də həmin siyasətə sadiq qalacağıma söz vermişdim” fikri liderlik ardıcıllığının, varislik prinsipinin və dövlətçilik ənənələrinin davamlılığını nümayiş etdirir. Son 20 ilə yaxın dövr ərzində əldə olunan tarixi uğurlar Prezident İlham Əliyevin rəhbərliyi altında YAP-ın həm siyasi sistemdə, həm də dövlət idarəçiliyində aparıcı mövqeyini daha da möhkəmləndirmişdir.

    Partiya üzvlərini səciyyələndirən əsas göstəricilər – vətənə sədaqət, milli maraqlara bağlılıq, qanunun aliliyinə hörmət, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunda fəallıqdır. YAP irqindən, dilindən, dinindən, sosial mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşlarını ümumi ideya və məqsədlər ətrafında birləşdirir. Hazırda 730 mindən artıq üzvə malik olan Yeni Azərbaycan Partiyası təkcə ölkəmizin deyil, bütün Cənubi Qafqaz regionunun ən böyük siyasi təşkilatıdır.

    2021-ci ildə keçirilmiş VII qurultay partiyanın yeni vəzifələrini müəyyən etdi, struktur islahatları həyata keçirildi, yeni Nizamnamə və rəhbər orqanlar təsdiqləndi. Mehriban xanım Əliyevanın YAP sədrinin birinci müavini təyin olunması Azərbaycan qadınının dövlət həyatında rolunun yüksəlməsinin, partiyanın modernləşmə prosesinin və dövlət siyasətində humanizm dəyərlərinin təcəssümüdür. Yeni Proqramda müəyyən edilmiş strateji istiqamətlər – Heydər Əliyev yolu, müstəqillik, dövlətçilik, qanunun aliliyi, sosial ədalət, multikulturalizm, demokratik ənənələr və digər dəyərlər YAP-ın ideoloji xəttinin əsasını təşkil edir. Partiyanın müəyyən etdiyi 11 strateji hədəf isə Azərbaycanın davamlı inkişafının, güclü iqtisadiyyatının, ədalətli sosial siyasətinin, vətəndaş həmrəyliyinin və Böyük Qayıdışın gerçəkləşməsinə yönəlib.

    Prezident İlham Əliyevin “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz” sözləri YAP-ın milli birlik və siyasi dialoq xəttinin mahiyyətini tam ifadə edir. Partiyanın təşəbbüsü ilə formalaşmış yeni siyasi konfiqurasiya ölkədə sağlam əməkdaşlıq mühiti yaradıb, iqtidar-müxalifət münasibətlərində konstruktiv dialoqa şərait yaradıb və siyasi sabitliyin davamlılığını təmin edib.

    Son seçkilərin nəticələri xalqın Yeni Azərbaycan Partiyasına dəyişməz etimadının bariz göstəricisidir. Prezident İlham Əliyevin 2024-cü il seçkilərində 92,12 faiz səs qazanması, YAP-ın parlament seçkilərində 68 mandatla təmsil olunması və 2025-ci il bələdiyyə seçkilərində qələbə əldə etməsi partiyanın ölkənin siyasi həyatında aparıcı rolunu bir daha təsdiqləyir. Bu nəticələr YAP-ın milli iradəyə söykənən, dövlətçilik maraqlarını qoruyan, ölkəni inkişaf və tərəqqi yoluna aparan siyasi qüvvə olduğunu sübut edir.

    Yeni Azərbaycan Partiyası 1992-ci il 21 noyabrda Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə başladığı tarixi yolunu bu gün Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında uğurla davam etdirir. “Dünənin, bu günün və gələcəyin partiyası” olan YAP ölkəmizin siyasi sisteminin dayağı, milli həmrəyliyin simvolu və müasir Azərbaycan dövlətçiliyinin ideoloji sütunudur. Bu partiyanın yaranması Azərbaycanın taleyini dəyişdi, dövlətçiliyi qorudu və gələcəyə inamın möhkəm əsasını yaratdı.

    Xocalı rayon ziyalısı Nazim Kərimov
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi2 həft. öncə
    İzlənib25 dəfə
    1992 ci il 21 noyabr Yeni Azərbaycan Partiyasının təsis konfransı: tarixi məsuliyyət milli yaddaş dövlətçilik düşüncəsinin təntənəsi

    Maraqlı gələ bilər
    115
    423