Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
20 Yanvar: cəzasız qalan cinayət

0

  • Sovet qoşunlarının Azərbaycanda törətdikləri qırğınlardan 35 il ötür. Bu gün tarixdə Qara Yanvar, Qanlı Yanvar, 20 Yanvar faciəsi olaraq adlansa da, qürur, iftixar və şərəflə yad edilir. Bu gün kommunist müstəmləkəsinə, zülmünə qarşı Azərbaycanın apardığı mübarizənin rəmzi, simvolu, simgəsidir. Həmin illərin Moskvası bütün hikkəsini müttəfiq respublikanın əhalisinə göstərdi, acığını, qisasını ondan almağa çalışdı.
    Yanvarın 20-nə keçən gecə Bakı küçələrində "at oynadan" saqqallı xüsusi təyinatlı sovet hərbçiləri fərqinə varmadan hər kəsə atəş açdılar. Onlara verilən tapşırıq Azərbaycan cəmiyyətini qorxutmaq, insanların azadlıq uğrunda mübarizəsini sındırmaq idi.
    1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə saat 23:30-da Sovet İttifaqı qoşunları SSRİ Ali Sovetinin Rəyasət Heyətinin "Bakı şəhərində fövqəladə vəziyyət elan edilməsi haqqında" Fərmanına uyğun olaraq və siyasi müxalifət nümayəndələrinin təşkil etdiyi kütləvi "iğtişaşların" qarşısını almaq üçün Bakıya daxil olublar.
    Sovet ordusunun Bakıya və Azərbaycanın rayonlarına qanunsuz daxil olması və açdığı atəş nəticəsində 131 nəfər şəhid olmuş, 744 nəfər yaralanmış, 4 nəfər itkin düşmüş, 400 nəfər həbs edilmişdir. Hərbçilərin yandırıcı güllələrdən törətdikləri yanğınlar nəticəsində 200 ev və mənzil, 80 minik avtomobili, o cümlədən təcili tibbi yardım maşınları, dövlət və şəxsi əmlak məhv edilib. Ölənlər arasında qadınlar, uşaqlar və qocalar, təcili yardım xidmətinin əməkdaşları və polis əməkdaşları da var.
    Sovet hərbi gəmilərindən açılan atəş nəticəsində Azərbaycana aid "Neftqaz-18", "Neftqaz-64", "Aktau", "Şirvan-2", "Çeleken-1", "Atlet-21", "Vodoley-4" gəmiləri ciddi zədələnmişdi.
    Sovet hərbçiləri yanvarın 25-də Neftçalada və 26-da isə Lənkəranda səkkiz nəfəri şəhid etmişdi.
    67-50 АГП, 67-51 АГП, 39-97 АГС dövlət qeydiyyat nişanlı təcili yardım maşınları tanklarla atəşə tutulmuşdu. Həkim A.M.Marxevka öldürülmüşdü. Süngü-bıçaqla qətl hadisələri də olub. Belə qurbanlardan biri kor və milliyətcə rus B.V.Yefimiçevdir.
    1990-cı il yanvarın 22-də Azərbaycan SSR Ali Sovetinin növbədənkənar sessiyası keçirildi. Baş vermiş hadisələrə siyasi qiymət verildi. Ali Sovetin hadisələri araşdıran Komissiyasının Bəyanatında qeyd edilirdi ki, müttəfiq hakimiyyət orqanları Azərbaycan SSR-in suveren hüquqlarına etinasız yanaşır, SSRİ-nin yaradılması haqqında Müqavilənin şərtlərini, SSRİ Konstitusiyasını və Azərbaycan SSR Konstitusiyasını pozurlar.
    O vaxt Moskvada yaşayan Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış etdi. Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılması tələbini qoydu:
    "Bütün vəziyyətlərdə, hesab edirəm ki, məsələni siyasi cəhətdən tənzimləmək, xalqla mükaliməyə girmək üçün əlverişli imkanlar olmuşdur. Lakin onlardan səmərəli istifadə edilməmişdir. Nəhayət, 19-dan 20-nə keçən gecə sovet ordusunun, SSRİ DİN-in böyük kontingenti Bakı şəhərinə yeridilmişdir. Nəticəsi isə göz qabağındadır. Bunun törətdiyi faciələr hamımıza məlumdur".
    Mərhum Prezident Heydər Əliyev Bakıya əlavə qoşunların yeridilməsini də sərt tənqid etdi:
    "Belə qərar qəbul etmiş adamların hərəkətini siyasi qəbahət sayıram. Bəli, kobud siyasi səhv buraxılmışdır. Onlar, sadəcə olaraq, respublikadakı əsl vəziyyəti qiymətləndirə bilməmiş, Azərbaycan xalqının psixologiyasını anlamamış, əhalinin müxtəlif təbəqələri ilə əlaqələri zəiflətmişlər.
    Yeri gəlmişkən deyim ki, ölənlər arasında hərbi qulluqçuların olması haqqında da məlumatlar daxil olur. Sual olunur: ölkənin ali dövlət, partiya rəhbərliyinin səhv qərarı ucundan, olmayan qiyamı yatırtmaq adı ilə Azərbaycana göndərilmiş rus gənclərinin günahı nədir?
    Azərbaycana kənardan böyük ordu kontingenti yeridilmişdir. Respublikada neçə ordu birləşməsinin olduğu mənə yaxşı bəllidir. Azərbaycanda kifayət qədər - 4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları, DİN-in daxili qoşun birləşmələri vardır. Oraya əlavə qoşun yeritmək nəyə lazım idi? Əgər belə zərurət var idisə, orada yerləşən hərbi hissələrdən də istifadə etmək olardı... Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır...".
    O, Moskvada bütün gərginliklərə, təzyiqlərə baxmayaraq, hadisələrə belə ətraflı qiymət vermişdi. Bu, Azərbaycanda milli-azadlıq mübarizəsinə bir dəstək də sayılırdı. Həmin dövrdə Azərbaycanın güvəndiyi bir dövlət, beynəlxalq səviyyəli bir qurum belə yox idi.
    Yeri gəlmişkən, mərhum Prezident Heydər Əliyev 1998-ci il martın 31-də 1990-cı ilin yanvarında Azərbaycanın azadlığı uğrunda şəhid olanların xatirəsini əbədiləşdirmək məqsədilə "20 Yanvar Şəhidi" fəxri adının təsis edilməsi haqqında fərman vermişdi.

    Mənbə: https://news.milli.az/country/1258679.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaŞəhidlərimiz
    YerləşdirdiQalib Quliyev
    Yerləşdirildi3 ay öncə
    İzlənib29 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    Maraqlı gələ bilər
    32
    71
    83