Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Ana dili – bizim səsimiz, nəfəsimizdir

0


  • 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə düşüncələr

    Siz heç düşünmüsünüz, niyə ana dili deyirik? “Ana” – bu sözün özü bizə doğmalığın zirvəsini ifadə edir. Bəlkə də elə buna görə “ana dili” deyirik – çünki bizi var edən, bizi özümüz edən bu dildir. İlk dəfə “ana” deyə dil açdığımız gündən başlayaraq, içimizə yerləşən və bizi millət edən səsdir bu.

    Azərbaycan dili – bizim varlığımızın əsas dayağıdır. Bu dil olmasaydı, nə sazda sözümüz, nə də dastanda izimiz qalardı. Bəlkə bir xalq kimi bu qədər möhkəm də dayanmazdıq zamanın sərt küləkləri qarşısında. Çünki tarix boyu çox sayda çətinlik görmüşük – torpaqlarımızı əlimizdən alıblar, adlarımızı dəyişiblər, kimliyimizi silməyə çalışıblar. Amma dilimiz qalıb. Çünki onu sevənlər olub. Ona sahib çıxanlar olub.

    Sovet dövrünü xatırlayın. Rus dili hökm sürürdü. Azərbaycan dilində danışmaq, yazmaq, onu təbliğ etmək asan deyildi. Amma bir adam vardı – Heydər Əliyev. Onun 1978-ci ildə Konstitusiyaya Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsinə nail olması, sadəcə hüquqi akt deyildi. Bu, bir xalqın səsini qorumaq üçün atılmış ən cəsarətli addımlardan biri idi. O vaxtlar bu addımın gələcək nəsillər üçün necə böyük bir miras olduğunu çox adam anlaya bilməzdi. Amma bu gün bilirik: bu addım olmasaydı, bəlkə də bu yazını bu dildə oxuya bilməzdiniz.

    Ulu Öndər demişdi: “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir.” Bu sözlər nə qədər sadə səslənsə də, içində böyük həqiqət var. Həqiqətən də, dilimizi itirsək, kimliyimizi itirərik. Biz başqa dilləri də bilərik – bu, zənginlikdir. Amma öz dilimizi bilməmək – yoxsulluqdur, tələf olmuş dəyərlərimizin göstəricisidir.

    Müstəqillik dövründə bu sahədə atılan addımlar da az olmadı. 1995-ci il Konstitusiyası, 2001-ci il fərmanı, Dövlət Dil Komissiyasının yaradılması, elektron məkanda dilin inkişafı, media üzərindən nəzarət – bunlar hamısı bir məqsədə xidmət edirdi: Azərbaycan dilini qorumaq, inkişaf etdirmək və yaşatmaq.

    Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Onun sözləri də sadədir, amma məğzi dərindir: “Azərbaycan dilinin saflığını təmin etməliyik.” Sadəcə şüar yox, vəzifədir bu. Və bu vəzifə təkcə dövlətin yox, hər bir vətəndaşın boynundadır.

    Sual verin özünüzə: sosial şəbəkədə yazarkən ana dilinizin qaydalarına riayət edirsinizmi? Övladınıza ana dilində nağıl danışırsınızmı? Gündəlik söhbətlərinizdə yad sözləri, süni ifadələri çox istifadə etmirsinizmi?

    Bəli, bəzən deyirlər ki, “dil də inkişaf edir, dəyişir, yenilənir.” Doğrudur. Amma dəyişmək – mahiyyətini itirmək demək deyil. Əgər ana dilimiz yad sözlərin altında itib-batırsa, bu artıq inkişaf deyil, çaşqınlıqdır. Ona görə də, dilimizin zənginliyini qorumalı, onu təmiz saxlamalıyıq. Çünki bu dilin içində bizim tariximiz, mədəniyyətimiz, şeirlərimiz, nəğmələrimiz var. Bu dili qorumaq – sadəcə sözləri qorumaq deyil, kimliyimizi, ruhumuzu yaşatmaqdır.

    1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü – sadəcə bir təqvim günüdürmü? Yox! Bu gün – bir çağırışdır. Hər kəsə! Müəllimə də, şagirdə də, yazıçıya da, jurnalistə də, valideynə də, məmura da… Çağırış budur: ana dilinə sahib çıx! Bu, sənə verilən mirasdır. Bu, sənin kimliyindir.

    Unutmayaq: dilimizi itirsək, sadəcə sözləri yox, özümüzü itirərik.

    Xocalı rayon ziyalısı Ulduz Əsgərova
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi1 gün öncə
    İzlənib1 dəfə
    Ana dili bizim səsimiz nəfəsimizdir

    Maraqlı gələ bilər
    75
    168
    134