Azərbaycan qadını – tarixdən müasir dövrə qədər şərəfli yol.
Azərbaycan tarixində qadınların rolu hər zaman yüksək qiymətləndirilmişdir. Tarixin bütün mərhələlərində Azərbaycan qadını həm ailə institutunun qoruyucusu, həm də dövlət və cəmiyyət həyatının fəal iştirakçısı kimi çıxış etmişdir. Qadınlarımız yalnız məişət və ailə mühitində deyil, həm də dövlət quruculuğu, siyasi fəaliyyət, mədəniyyət, elm və hətta döyüş meydanlarında öz igidlikləri ilə seçilmişlər.
Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidələrindən biri olan “Kitabi-Dədə Qorqud” dastanında qadın obrazları yüksək mərdlik, müdriklik və qəhrəmanlıq xüsusiyyətləri ilə təqdim edilir. Dastanda qadınlar yalnız ailənin dayağı kimi deyil, həm də döyüş meydanlarında igidlik göstərən qəhrəmanlar kimi təsvir olunurlar. Tariximizdə iz qoymuş Tomris, Sara Xatun, Möminə Xatun, Nüşabə, Nigar, Həcər, Tutu Bikə kimi qadınlar Azərbaycan qadınının gücünün və müdrikliyinin rəmzinə çevrilmişdir.
Azərbaycan qadınları əsrlər boyu milli-mənəvi dəyərlərimizin qorunmasında mühüm rol oynamış, ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın etibarlı daşıyıcısı olmuşlar. Onlar cəmiyyətin inkişafında öz zəhmətləri və fədakarlıqları ilə böyük töhfələr vermiş, gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında xüsusi rol oynamışlar.
Bu gün də müasir Azərbaycan qadını zəngin intellektual potensialı, dərin zəkası və yüksək mənəvi keyfiyyətləri ilə ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirak edir. Elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə qazandıqları uğurlar Azərbaycan qadınının cəmiyyətin inkişafında əvəzsiz rolunu bir daha təsdiqləyir.
Xocalı rayon gənci Xaliq Əkbərov.