0
Azərbaycan və Türkmənistan arasında qardaşlıq əlaqələri yeni məzmunla zənginləşir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun ölkəmizə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat Azərbaycan–Türkmənistan münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini bir daha nümayiş etdirmişdir. Dövlət başçısının vurğuladığı kimi, iki ölkə arasında əlaqələr ortaq tarixə, mədəni köklərə, milli-mənəvi dəyərlərə və qarşılıqlı etimada əsaslanır.
Prezident İlham Əliyev çıxışında Azərbaycan ilə Türkmənistan arasında siyasi dialoqun ən yüksək səviyyədə olduğunu qeyd etmiş, keçirilən görüşlər zamanı əməkdaşlığın müxtəlif istiqamətləri üzrə geniş fikir mübadiləsinin aparıldığını bildirmişdir. Qeyd olunmuşdur ki, verilən tapşırıqlar və əldə edilən razılaşmalar iki ölkə arasında əməkdaşlığın gələcək inkişafına mühüm töhfə verəcəkdir.
Dövlət başçısı Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərinə göstərilən dəstəyə görə Türkmənistan rəhbərliyinə minnətdarlığını ifadə etmişdir. Xüsusilə Füzuli şəhərində məscidin tikintisinin başlanması qardaş Türkmənistanın Azərbaycan xalqına səmimi münasibətinin və mənəvi həmrəyliyinin növbəti təzahürü kimi dəyərləndirilmişdir.
Bəyanatda mədəni-humanitar əlaqələrin inkişafına da xüsusi yer ayrılmışdır. Son illərdə qarşılıqlı şəkildə keçirilən Mədəniyyət Günləri, yaradıcı kollektivlərin çıxışları və müxtəlif humanitar layihələr xalqlarımız arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir. Bakı ilə Aşqabadın, eləcə də Füzuli ilə Arkadağ şəhərlərinin qardaşlaşması bu əməkdaşlığın davamlı xarakter daşıdığını göstərir.
Prezident İlham Əliyev Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsində Türkmənistanın fəal dəstəyini yüksək qiymətləndirmişdir. Bu qərarın ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin daha da genişlənməsinə və regional əməkdaşlığın güclənməsinə xidmət etdiyi vurğulanmışdır.
Nəqliyyat və logistika sahəsində əməkdaşlıq görüşün əsas mövzularından biri olmuşdur. Qeyd edilmişdir ki, Azərbaycan və Türkmənistanın iştirakı ilə formalaşan beynəlxalq nəqliyyat marşrutları Avrasiya məkanında mühüm rol oynayır. Bu marşrutların inkişafı regional ticarətin genişlənməsinə, iqtisadi əlaqələrin dərinləşməsinə və yeni tranzit imkanlarının yaranmasına şərait yaradır.
Enerji sahəsində əməkdaşlığın perspektivləri də müzakirə olunmuş, zəngin təbii ehtiyatlara malik olan hər iki ölkənin bu istiqamətdə birgə fəaliyyətinin regional enerji təhlükəsizliyinə mühüm töhfə verəcəyi qeyd edilmişdir.
Prezident İlham Əliyev çıxışında Türkmənistanın sosial-iqtisadi inkişaf sahəsində qazandığı uğurları yüksək qiymətləndirmiş, qardaş ölkənin beynəlxalq nüfuzunun artmasını məmnunluqla qarşıladığını bildirmişdir. Azərbaycanın Türkmənistanın beynəlxalq təşəbbüslərinə və neytrallıq siyasətinə bundan sonra da dəstək verəcəyi diqqətə çatdırılmışdır.
Səfər çərçivəsində imzalanan sənədlər isə Azərbaycan–Türkmənistan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyini, qarşılıqlı əməkdaşlığın yeni istiqamətlər üzrə daha da genişlənəcəyini göstərir. Bütün bunlar iki qardaş xalqın ümumi maraqlar naminə birgə fəaliyyətinin və gələcəyə hesablanmış münasibətlərinin parlaq ifadəsidir.
Xocalı rayon ziyalısı Aqil Məmmədov.
| Bölmə | Qəzet |
| Kateqoriya | Xocalı rayonu |
| Yerləşdirdi | |
| Yerləşdirildi | 5 gün öncə |
| İzlənib | 20 dəfə |