Azərbaycanda bu güzgü ilk dəfə 1875-ci ilin 22 iyulunda Həsən bəy Zərdabinin təşəbbüsü ilə işıq üzü görən “Əkinçi” qəzeti ilə parlaqlıq qazandı. “Əkinçi” sadəcə bir qəzet deyildi – o, xalqın içindən çıxan, xalqın dili ilə danışan və xalq üçün yazan bir tribuna idi. Maarifçilik ideyalarını cəmiyyətə çatdırmaqla yanaşı, milli özünüdərk və ictimai fəallıq baxımından yeni bir mərhələnin başlanğıcı oldu. Çar senzurasının təzyiqlərinə baxmayaraq “Əkinçi”nin qaldırdığı bayraq daha sonra onlarla qəzet və jurnalla əldən-ələ keçdi və bu günə qədər uzanan bir mətbuat ənənəsi formalaşdırdı.
Milli mətbuatın inkişafı heç də yalnız texniki tərəqqi ilə ölçülməyib. O, müxtəlif dövrlərdə ideoloji təzyiqlərdən keçərək, xalqın içində formalaşan ictimai fikir üçün tribuna rolunu oynayıb. Xüsusilə XX əsrin əvvəllərində “Molla Nəsrəddin”, “Füyuzat”, “Ziya” kimi mətbu orqanlar maarifçiliyin, satiranın və müasirlik ideyalarının daşıyıcısı kimi çıxış edərək milli kimliyimizin qorunmasına və inkişafına töhfə verdilər. Hər bir yeni qəzet və jurnal, yazılan hər bir məqalə cəmiyyətin ictimai şüurunun inkişafında bir addım idi.
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra mətbuatın rolu daha da artdı. 1993-cü ildən etibarən Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə söz və mətbuat azadlığının təmin olunması sahəsində mühüm addımlar atıldı. Dövlət senzurasının ləğvi, demokratik informasiya mühitinin yaradılması, jurnalistlərin fəaliyyətini dəstəkləyən qanunvericilik təşəbbüsləri mətbuatın yeni mərhələyə qədəm qoymasına səbəb oldu. Bu kurs Prezident İlham Əliyev tərəfindən davam etdirilərək, medianın hüquqi, iqtisadi və institusional əsaslarının möhkəmləndirilməsinə yönəlmiş islahatlarla davam etdirildi.
Müasir Azərbaycan mətbuatı artıq yalnız qəzet və jurnallarla məhdudlaşmır. İnternet medianın inkişafı, rəqəmsal platformaların meydana çıxması ilə informasiya məkanımız tamamilə yeni bir mahiyyət qazanıb. Bugünkü media yalnız informasiya ötürmür, o həm də formalaşdırır, yönləndirir, təhlil edir, maarifləndirir. Bu prosesdə jurnalistlərin üzərinə düşən məsuliyyət artmaqla bərabər, onların cəmiyyətə təsiri də daha da güclənmişdir. Artıq jurnalistika yalnız hadisə haqqında xəbər vermək deyil, onun mənasını açmaq, ictimai təhlil aparmaq, cəmiyyətin inkişaf istiqamətlərini göstərmək funksiyasını da yerinə yetirir.
Mətbuat yalnız informasiyanın ötürücüsü deyil, eyni zamanda milli ideologiyanın daşıyıcısıdır. Bu baxımdan Azərbaycan mediası dövlətçiliyin, vətənpərvərliyin, milli birliyin və sosial həmrəyliyin qorunmasında əvəzsiz rol oynayır. Xüsusilə Vətən müharibəsi dövründə jurnalistlərin göstərdiyi fədakarlıq, cəbhədə və informasiya səngərlərində apardıqları mübarizə onların peşəkarlığını və Vətənə bağlılıqlarını bir daha sübut etdi. Haqq səsimizin dünyaya çatdırılmasında mətbuatımız əvəzolunmaz iş gördü və bu gün də həmin missiyasını uğurla davam etdirir.
Azərbaycanda media sahəsində son illərdə aparılan islahatlar bu sahənin gələcək inkişafının əsaslarını müəyyənləşdirmişdir. MEDİA Agentliyinin yaradılması, “Media haqqında” yeni qanunun qəbul edilməsi, jurnalistlərin sosial rifahına yönəlmiş layihələr, vergi güzəştləri, peşəkar təlimlər və beynəlxalq əməkdaşlıq imkanları bu prosesin ayrılmaz hissəsidir. Media artıq yalnız informasiyanı istehsal edən deyil, eyni zamanda ictimai şüuru formalaşdıran, gənc nəslin dünya görüşünə təsir edən bir institut kimi fəaliyyət göstərir.
150 illik milli mətbuat salnaməsi Azərbaycanın maarifçilikdən başlayaraq müasir informasiya cəmiyyətinə qədər keçdiyi yolun bir hissəsidir. Bu yol Həsən bəy Zərdabinin “Əkinçi”si ilə başlayıb və bu gün süni intellekt, rəqəmsallaşma, dezinformasiyaya qarşı mübarizə, qlobal informasiya şəbəkələri ilə davam edir. Lakin zaman dəyişsə də, mətbuatın əsas vəzifəsi dəyişmir – xalqa xidmət etmək, həqiqəti demək, milli dəyərləri qorumaq və gələcəyə işıq tutmaq. Məhz bu səbəbdəndir ki, mətbuat milli kimliyin bir sütunu, müstəqil Azərbaycanın möhkəm dayağı kimi tariximizin ayrılmaz hissəsi olaraq qalır.
Xocalı rayon ziyalısı Rafiq Quliyev