Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Milli statistika sistemi yeni tələblərə uyğun inkişaf etdirilib

0

  • Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 2015-ci il 3 iyun tarixli, 69/282 nömrəli Qətnaməsinə uyğun olaraq 2025-ci ilin 20 oktyabrında “Hər kəs üçün keyfiyyətli statistika ilə inkişafa təkan verək" şüarı altında Ümumdünya Statistika Günü elan edilmişdir. Xatırladaq ki, BMT Statistika Komissiyasının yarandığı 1947-ci ildən sonra Statistika Günü ilk dəfə 2010-cu ildə qeyd olunmuşdur. Əlamətdar haldır ki, bu qətnaməyə Azərbaycan da həmmüəllif kimi qoşulmuşdur. Bu günün qeyd olunmasında əsas məqsəd müasir qloballaşma dövründə statistikanın rolunu və əhəmiyyətini bütün rəsmi statistika istehsalçılarına, statistik məlumat istifadəçiləri də daxil olmaqla, vətəndaş cəmiyyətlərinə çatdırmaqdan ibarətdir.

    BMT Baş Assambleyasının qətnaməsində 2025-ci ilin 20 oktyabrında dördüncü dəfə Ümumdünya Statistika Günü kimi qeyd olunmasının əhəmiyyəti vurğulanaraq bütün üzv ölkələr, BMT sisteminə daxil olan və digər beynəlxalq və regional təşkilatlar, habelə vətəndaş cəmiyyətləri, qeyri-hökumət təşkilatları, tədqiqat institutları, media və bütün rəsmi statistika istehsalçıları və istifadəçiləri bu günü qeyd etməyə dəvət edilmişlər.

    Bu il Azərbaycanda rəsmi statistikanın yaradılmasının 105 yaşı tamam olur. Belə ki, 1920-ci ildə Azərbaycanda rəsmi statistikanın yaradılması ilə bağlı silsilə qərarlar qəbul edilmişdir. Əvvəlcə 1920-ci il iyul ayının 8-də Azərbaycan İnqilab Komitəsi tərəfindən statistikanın müvəqqəti kollegiyası haqqında əsasnamə təsdiq edilmişdir. Daha sonra, Azərbaycan SSR İnqilab Şurasının 9 avqust 1920-ci il tarixli dekretinə uyğun olaraq, 15 bölmədən ibarət Mərkəzi Statistika İdarəsi yaradılmışdır. Beləliklə, biz hər beş ildən bir ölkəmizdə Ümumdünya Statistika Gününü qeyd etməklə yanaşı, həm də Azərbaycanda rəsmi statistikanın yaranmasının yubiley illərini, başqa sözlə, peşə bayramımızı qeyd edirik.

    Ölkəmizdə Ümumdünya Statistika Gününün qeyd olunması ilə bağlı geniş tədbirlər planı hazırlanmışdır. Tədbirlər planına əsasən “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda 3-cü Beynəlxalq Statistika Forumunun keçirilməsi, yerli statistika orqanlarında Ümumdünya statistika gününün qeyd edilməsi, yuxarı sinif şagirdləri və ali məktəb tələbələri arasında statistik olimpiadanın keçirilməsi və qaliblərin mükafatlandırılması, “Statistika xəbərləri” elmi-praktik jurnalının Ümumdünya statistika gününə həsr olunmuş xüsusi buraxılışının nəşri, Ümumdünya statistika günü ilə əlaqədar Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində xüsusi bölmənin yaradılması, statistik maarifləndirmə məqsədilə mediada çıxışların təşkili və Ümumdünya statistika günü ilə bağlı mətbuat konfransının keçirilməsi nəzərdə tutulmuşdur.

    Dövlət Statistika Komitəsi yarandığı gündən etibarən öz işini hökumət tərəfindən qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə yönəltmişdir. 90-cı illərədək bu qurumun əsas fəaliyyəti dövlət planlarının yerinə yetirilməsindən, statistik məlumatların yığılması, işlənməsi və vaxtında respublikanın rəhbər orqanlarına, eləcə də SSRİ Mərkəzi Statistika İdarəsinə təqdim edilməsindən ibarət olmuşdur.

    Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi islahatlar çərçivəsində 18 fevral 1994-cü ildə imzalanmış "Statistika haqqında" Azərbaycan Respublikasının Qanunu statistika sahəsində yeni bir dövrün başlanmasına təkan vermişdir. Qanunda Avropa İqtisadi Komissiyasının 1992-ci il aprelin 15-də Cenevrədə keçirilən 47-ci sessiyasının qərarı ilə təsdiq edilmiş “Avropa İqtisadi Komissiyası regionunda rəsmi statistikanın əsas prinsipləri"nin bütün tələbləri nəzərə alınmışdır. Beynəlxalq standartlara cavab verən bu qanunda statistik forma və metodların demokratik prinsiplərə uyğunlaşdırılması rəhbər tutularaq rəsmi statistika sisteminin təşkili, səlahiyyət və vəzifələri, kadr təminatı və işçilərin sosial müdafiəsi ilə bağlı digər məsələlər tənzimlənmiş və beləliklə, milli statistikanın hüquqi əsasları yaradılmışdır. Bundan başqa, həmin dövrdə dövlət statistika sistemində islahatların aparılmasına dair ardıcıl olaraq iki beşillik dövlət proqramları icra edilmişdir.

    Dövlət Statistika Komitəsi fəaliyyət istiqamətlərini genişləndirmək məqsədilə artıq uzun illərdir ki, beynəlxalq təşkilatlarla (BMT və onun təşkilatları, Avropa İttifaqı, BVF, Dünya Bankı, Asiya İnkişaf Bankı, İƏİT, İƏT, Avrostat, MDB Dövlətlərarası Statistika Komitəsi və s.), həmçinin dünya ölkələrinin milli statistika xidmətləri ilə əməkdaşlıq edir. Bunun nəticəsidir ki, müasir dövrün tələblərinə uyğun olaraq statistikanın yeni sahələri - qiymət, milli hesablar, xarici ticarət, turizm statistikası və s. yaradılmış, beynəlxalq standartlara cavab verən metodoloji materiallar hazırlanmış, ölkədə xarici ticarət statistikası dünyada qəbul olunmuş qaydada - gömrük bəyannaməsi məlumatları əsasında qurulmuş, respondentlərə düşən hesabat yükünün azaldılması yönündə işlər aparılaraq onların sayı məzmunca daha zəngin olmaqla təqribən üç dəfə azaldılaraq 259-a endirilmişdir.

    1990-cı ildən keçən dövr ərzində 1999-cu, 2009-cu və 2019-cu illərdə əhalinin, 2004-cü ildə başa çatdırılmamış istehsal və qeyri-istehsal təyinatlı tikililərin və turizm obyektlərinin, 2005- ci, 2015-ci və 2025-ci illərdə kənd təsərrüfatının, 2006-cı ildə elmi təşkilatların, 2007-ci, 2015-ci və 2025-ci illərdə fərdi sahibkarların və hüquqi şəxslərin siyahıyaalınmaları keçirilmiş və əldə olunmuş məlumatlardan ölkənin sosial-iqtisadi inkişafının, demoqrafik proseslərin proqnozlaşdırılmasında geniş istifadə edilmişdir.

    Dövlət Statistika Komitəsinin işinin vacib istiqamətlərindən biri statistika fəaliyyətinin nəticələrinin səmərəli yayılmasıdır. Statistik məlumatların yayılması sahəsində siyasətin səmərəliliyi həm hazırlanan statistik məlumatların vaxtlı-vaxtında olması, həm də bu məlumatların nə dərəcədə reallığı əks etdirməsindən, onların dəqiqliyindən asılıdır. Bu baxımdan 2024-cü ildə statistik məlumatların hazırlanması və nəşr olunması qrafikinə uyğun olaraq Dövlət Statistika Komitəsi tərəfindən iqtisadiyyatın ayrı-ayrı sahələrini əks etdirən 31 adda statistik məcmuə və 50 adda statistik bülleten buraxılmışdır. İstifadəçilərin işini asanlaşdırmaq məqsədilə məcmuələr hazır olduqdan sonra onların elektron variantı Komitənin veb səhifəsinin müvafiq bölməsində yerləşdirilir.

    Dövlət Statistika Komitəsi aşağıdakı istiqamətlər üzrə elektron xidmətlər göstərir:

    - Rəsmi statistik hesabatların təqdim edilməsi;
    - Statistik məlumatların buraxılış təqviminin və mətbu məlumatların yayım təqviminin təqdim edilməsi;
    - Statistik məlumatların (göstəricilərin) verilməsi;
    - Statistik nəşrlərin (kitabların) onlayn satışı;
    - Statistik məlumatların verilməsi qaydalarının pozulmasına görə inzibati cərimələrin internet vasitəsilə ödənilməsi;
    - Sahibkarlıq subyektinə ölçüsünə görə aid olduğu kateqoriyaya dair elektron arayışın verilməsi.

    Qeyd olunan elektron xidmətlər nəticəsində statistik vahid (hüquqi və ya fiziki şəxs) bütün rəsmi statistika hesabatlarını statistika orqanlarına gəlmədən elektron formada təqdim edir, statistik məlumat istifadəçisi iqtisadiyyatın və sosial həyatın bütün sahələrinə dair hazırlanmış mətbu məlumatları, habelə onu maraqlandıran digər statistika məlumatlarını elektron formada əldə edir, statistik məcmuəni (kitabı) Komitəyə gəlmədən, dəyərini onlayn şəkildə ödəməklə alır, statistik məlumatların verilməsi qaydalarını pozduğuna görə barəsində inzibati tənbeh tətbiq edilmiş hüquqi və ya fiziki şəxs cəriməni banka getmədən, internet vasitəsilə onlayn rejimində ödəyir, eyni zamanda sahibkarlıq subyekti ölçüsünə görə aid olduğu kateqoriyaya dair arayışı elektron qaydada Dövlət Statistika Komitəsinə gəlmədən əldə edir.

    2025-ci ilin mart ayından etibarən rəsmi statistika məqsədləri üçün hüquqi və fiziki şəxslər tərəfindən təqdim edilən ilkin məlumatların məxfiliyinin təmin olunması sahəsində həyata keçirilən tədbirlər çərçivəsində “Rəsmi statistik hesabatların təqdim edilməsi” elektron xidməti üzrə “Digital login” sisteminin tətbiqinə də başlanılmışdır.

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəsmi statistikanın inkişafı ilə bağlı təsdiq etdiyi üç dövlət proqramı fəaliyyətimizin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına zəmin yaratmışdır. Gələcəkdə isə ölkə statistika sisteminin qarşısında mühüm vəzifələr durur. Bu vəzifələr Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı"ndan, Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn məsələlərin icrasından, elektron xidmətlərin sayının artırılması və kağızsız texnologiyanın geniş tətbiq edilməsindən ibarətdir.
    Dünyamin Əsədov,
    Xocalı Rayon Statistika İdarəsinin rəisi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi1 ay öncə
    İzlənib30 dəfə
    dövlət statistika komitəsinin işinin vacib istiqamətlərindən biri statistika fəaliyyətinin nəticələrinin səmərəli yayılmasıdır

    Maraqlı gələ bilər
    104