Azərbaycanın iqlim diplomatiyasında yeni bir zirvəyə yüksəlməsi, COP29-a ev sahibliyi ilə mümkün oldu. Bu tarixi konfrans Bakıda keçirilərək ölkəmizi qlobal səhnədə ön sıralara çıxardı. Azərbaycanın Prezidenti İlham Əliyevin də vurğuladığı kimi, bu böyük etimad yalnız ölkəmizin yaşıl enerji sahəsində atdığı ciddi addımlara deyil, həm də beynəlxalq ictimaiyyətin bizə olan inamına əsaslanırdı. Bakı bu möhtəşəm tədbirin təşkilində mükəmməlliyi ilə bütün dünyanı heyran qoydu.
Təsəvvür edin ki, 80 ölkənin liderləri, on minlərlə iştirakçı, dünya səviyyəsində tanınmış ekspertlər və təşkilatlar bir yerə toplaşıb iqlim problemlərinə dair kritik qərarlar verdi. Azərbaycanın təşkilatçılığı, qonaqpərvərliyi və danışıqlardakı moderatorluğu nəticəsində COP29 yalnız bir konfrans deyil, həm də dünya iqlim siyasətində dönüş nöqtəsi oldu. Bakı COP-da qəbul edilən qərarlar arasında xüsusilə Bakı Maliyyə Məqsədi diqqəti cəlb edir. Bu məqsəd çərçivəsində inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon dollar məbləğində maliyyə yardımı ayrılması razılaşdırıldı. Bu rəqəm əvvəllər görünməmiş səviyyədədir və bir çox skeptiklərin gözləntilərini aşdı.
Azərbaycanın bu konfransda ortaya qoyduğu əsas xüsusiyyətlərdən biri ədalətli vasitəçilik oldu. Biz, kiçik ada dövlətlərinin, az inkişaf etmiş ölkələrin və hətta iqlim problemlərinin daha ağır təsirlərini hiss edən icmaların yanında dayandıq. Bu ölkələrin səsi Azərbaycanın rəhbərliyi ilə daha güclü eşidildi və onlara qarşı həmrəylik nümayiş etdirildi. Bunun ən bariz nümunəsi, İtki və Zərər Fondunun təsis edilməsidir. Bu fond, iqlim dəyişikliklərindən ən çox əziyyət çəkən ölkələrə birbaşa yardım məqsədi daşıyır.
Bakı COP yalnız qərarlarla yadda qalmadı. Burada təqdim edilən yeni təşəbbüslər dünyanın iqlim mübarizəsində daha çevik, səmərəli və dayanıqlı yollar axtarmasına kömək etdi. Məsələn, rəqəmsal texnologiyalar və innovasiyalar vasitəsilə iqlimə uyğunlaşma və emissiyaların azaldılması yolları müzakirə edildi. Bu təşəbbüslərdən biri olan Yaşıl Rəqəmsal Fəaliyyət Bəyanatı 75 ölkənin dəstəyini qazandı və bu sahədə yeni qlobal standartların əsasını qoydu.
Bakıdan dünya ictimaiyyətinə güclü bir mesaj verildi: əməkdaşlıq, həmrəylik və uzaqgörənlik qlobal iqlim problemlərinin həlli üçün əsas açarlardır. Azərbaycan, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü quraraq danışıqların uğurla nəticələnməsini təmin etdi.
Bu konfrans Azərbaycanın beynəlxalq səviyyədə oynadığı rolu yenidən təsdiqlədi. Çətin müzakirələrə və fərqli maraqların toqquşmasına baxmayaraq, ölkəmiz iqlim diplomatiyasında peşəkarlığını və məsuliyyətini bir daha göstərdi. Azərbaycanın moderatorluğu ilə 2035-ci ilə qədər hər il 300 milyard dollar iqlim maliyyəsinin ayrılması razılaşdırıldı. Bu, yalnız inkişaf etməkdə olan ölkələr üçün deyil, həm də bütün dünya üçün böyük bir qələbədir.
COP29 bir daha sübut etdi ki, Azərbaycan yalnız öz regionunda deyil, qlobal miqyasda da mühüm oyunçudur. Bu konfrans Azərbaycanın gələcək illərdə də qlobal problemlərin həllində aparıcı rol oynayacağını göstərən bir siqnal oldu. Bakıdan gələn bu uğur sədası, dünya iqlim siyasətində yeni üfüqlər açacaq.
Şahsuvar Hümbətov.
Xocalı rayon ziyalısı