İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə çıxışı ölkənin gələcək inkişaf prioritetlərini müəyyən edən mühüm strateji sənəd kimi qiymətləndirilir. Prezident vurğulamışdır ki, müasir dövrdə süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və genişmiqyaslı rəqəmsallaşma prosesləri artıq dövlətlərin rəqabət qabiliyyətini və uzunmüddətli inkişaf trayektoriyasını müəyyən edən əsas amillər sırasındadır. Dünyada formalaşan yeni texnoloji reallıqlar fonunda Azərbaycan da bu istiqaməti əsas prioritetlərdən biri kimi qəbul edir və görüləcək işlərin vahid strategiya əsasında həyata keçirilməsi qarşıya mühüm vəzifə kimi qoyulur.
Dövlət başçısı qeyd etmişdir ki, Azərbaycanın bu sahədə irəliləməsi üçün möhkəm təməl və bir sıra üstünlüklər mövcuddur. İlk növbədə ölkənin əlverişli coğrafi mövqeyi, Asiya ilə Avropanı birləşdirən əsas nəqliyyat və enerji marşrutları üzərində yerləşməsi strateji imkanlar yaradır. Uzun illər ərzində həyata keçirilmiş iri infrastruktur layihələri, beynəlxalq tərəfdaşlarla qurulmuş əməkdaşlıq və toplanmış texniki təcrübə rəqəmsal transformasiya üçün də etibarlı platforma rolunu oynayır. Prezident bildirmişdir ki, mövcud nəqliyyat və energetika dəhlizləri gələcəkdə fiber-optik xətlər vasitəsilə rəqəmsal bağlantılara çevrilməli, bu istiqamətdə atılan addımlar daha da sürətləndirilməlidir.
Çıxışda transmilli şirkətlərlə əməkdaşlıq və ölkədə formalaşmış müsbət investisiya mühiti də xüsusi vurğulanmışdır. Son iyirmi ildə Azərbaycan iqtisadiyyatına yüz milyardlarla dollar sərmayə qoyulması, xarici investisiyaların qanunvericilik və praktik mexanizmlərlə etibarlı şəkildə qorunması ölkənin biznes üçün cəlbedici məkan olduğunu sübut edir. Neft-qaz layihələrində əldə edilən uğurlu təcrübənin rəqəmsal iqtisadiyyat sahəsində də tətbiqi Azərbaycanın qlobal texnologiya şirkətləri ilə münasibətlərini daha da gücləndirə bilər.
Enerji potensialının artması da rəqəmsal inkişafın əsas dayaqlarından biri kimi təqdim olunmuşdur. Son illərdə generasiya gücünün əhəmiyyətli dərəcədə yüksəldilməsi, yeni elektrik stansiyalarının istifadəyə verilməsi və bərpaolunan enerji layihələrinin genişləndirilməsi data mərkəzləri kimi yüksək enerji tələbatı olan infrastrukturların yaradılması üçün əlverişli şərait formalaşdırır. Prezident vurğulamışdır ki, Azərbaycan bu gün özünü əsas enerji mənbələri ilə tam təmin etməklə yanaşı, onları dünya bazarlarına ixrac edir və gələcəkdə bu imkanlar daha da artacaq.
Fiber-optik infrastrukturun inkişafı ilə bağlı həyata keçirilən layihələr də diqqətə çatdırılmışdır. Xəzər dənizinin şərq sahillərinə uzanacaq yeni kabel xətti ölkənin rəqəmsal bağlantılarını genişləndirəcək, eyni zamanda qərb istiqamətində yeni marşrutların yaradılması informasiya axınının təhlükəsiz və sürətli təminatına xidmət edəcək. Bu addımlar Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi məqsədinə mühüm töhfə verə bilər.
Prezident həmçinin dünyanın aparıcı maliyyə institutları və qlobal fondları ilə qurulmuş sıx əlaqələrin yeni texnoloji layihələrə investisiya cəlb olunmasına imkan yaratdığını bildirmişdir. Bu kontekstdə Azərbaycan Dövlət Neft Fondunun beynəlxalq maliyyə strukturları ilə əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, ABŞ-la imzalanmış strateji tərəfdaşlıq sənədi və Avropa ölkələri ilə mövcud əməkdaşlıq formatları rəqəmsal sahədə yeni imkanlar açır. Dövlət başçısı Azərbaycanın həm Qərb, həm də Şərq istiqamətində tərəfdaşlıqlar quraraq qlobal texnoloji zəncirin aktiv iştirakçısına çevrilmək potensialına malik olduğunu vurğulamışdır.
Çıxışda dövlət idarəçiliyində koordinasiyanın gücləndirilməsi əsas tələblərdən biri kimi göstərilmişdir. Qısa müddət ərzində konkret fəaliyyət planının hazırlanması və bu prosesə bütün dövlət qurumlarının cəlb edilməsi zəruri hesab olunur. Bu məqsədlə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin digər qurumlarla birlikdə tədbirlər planı hazırlaması tapşırılmışdır. Hər bir nazirlikdə rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə məsul şəxslərin müəyyənləşdirilməsi isə işlərin operativ və səmərəli təşkilinə xidmət edəcək.
Dövlət xidmətlərinin vahid platforma üzərindən təqdim olunması da mühüm yeniliklərdən biri kimi qeyd edilmişdir. Prezidentin fikrincə, xidmətlərin “mygov” sistemi üzərindən mərkəzləşdirilməsi vətəndaşlar üçün əlçatanlığı artıracaq, idarəetmədə çevikliyi təmin edəcək və mövcud pərakəndəliyi aradan qaldıracaq. Bununla yanaşı, indiyədək yaradılmış platformaların təcrübəsi və kadr potensialı ümumi sistemə inteqrasiya olunmalıdır.
Kadr hazırlığı məsələsinə toxunan dövlət başçısı bildirmişdir ki, rəqəmsal transformasiya uzunmüddətli prosesdir və bu sahədə peşəkar mütəxəssislərə tələbat getdikcə artacaq. Ali təhsil müəssisələrində müasir ixtisasların inkişafı, tələbələrin xaricdə təhsil imkanlarının genişləndirilməsi və orta məktəblərdə ilkin rəqəmsal biliklərin tədrisi gələcək uğurun əsas şərtlərindən sayılır.
Süni intellektin dövlət idarəçiliyində tətbiqinin genişləndirilməsi də qarşıya qoyulan prioritetlərdəndir. Prezident qeyd etmişdir ki, inkişaf etmiş ölkələrdə bu texnologiyalar artıq qərar qəbuletmə prosesinə dəstək verir və dövlət məmurlarının gündəlik fəaliyyətində mühüm rol oynayır. Özəl sektorun da bu istiqamətdə təşviq edilməsi üçün dəstək mexanizmlərinin hazırlanması planlaşdırılır.
Kibertəhlükəsizlik məsələləri xüsusi diqqət mərkəzində saxlanılmalıdır. Prezident xatırlatmışdır ki, ölkə aqressiv kiberhücumlarla üzləşmiş və bu risklərə qarşı effektiv müdafiə sistemlərinin qurulması vacibdir. Bu baxımdan Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin fəaliyyətinin gücləndirilməsi strateji əhəmiyyət daşıyır.
Ümumilikdə, müşavirədə səsləndirilən fikirlər Azərbaycanın rəqəmsal transformasiyanı milli inkişaf strategiyasının əsas istiqamətlərindən birinə çevirdiyini göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırlanacaq vahid fəaliyyət planı ölkənin texnoloji potensialını artırmağa, beynəlxalq tərəfdaşlarla əməkdaşlığı genişləndirməyə və Azərbaycanı regionun qabaqcıl rəqəmsal mərkəzlərindən birinə çevirməyə xidmət edəcək.
Xocalı rayon sakini Ulduz İsgəndərova