0
Azərbaycanın davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi, qeyri-neft sektorunun genişləndirilməsi və ölkənin zəngin təbii ehtiyatlarından səmərəli istifadə olunması dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Prezident İlham Əliyevin sədrliyi ilə 2027–2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirənin keçirilməsi də bu sahəyə verilən önəmin göstəricisidir. Dövlət başçısının müşavirədə səsləndirdiyi fikirlər qarşıdakı illərdə Azərbaycanın sənaye potensialının daha da gücləndirilməsi, yeni istehsal sahələrinin yaradılması və iqtisadiyyatın şaxələndirilməsi baxımından qarşıya qoyulan mühüm hədəfləri əks etdirir. Müşavirədən sonra Dövlət Proqramı 23 sentyabr 2026-cı il tarixli Sərəncamla təsdiq edilib.
Azərbaycan son illərdə qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində mühüm nəticələr əldə edib. Müasir infrastrukturun yaradılması, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, yeni sənaye parklarının fəaliyyətə başlaması, sahibkarlıq və investisiya mühitinin yaxşılaşdırılması iqtisadiyyatın yeni sahələrinin inkişafına geniş imkanlar açıb. Prezident İlham Əliyevin çıxışında qeyd olunduğu kimi, dağ-mədən və metallurgiya sənayesi də ölkə iqtisadiyyatı, xüsusilə qeyri-neft sektorunun inkişafı üçün böyük perspektivə malikdir. Yeni Dövlət Proqramının həyata keçirilməsi nəticəsində müasir sənaye istiqamətinin yaradılması, təbii resurslardan daha səmərəli istifadə olunması və tam istehsal zəncirinin formalaşdırılması nəzərdə tutulur.
Dövlət Proqramının əsas üstünlüklərindən biri onun konkret müddət və hədəflər əsasında hazırlanmasıdır. Proqramın 2027–2030-cu illərdə, yəni dörd il ərzində icrası nəzərdə tutulur. Bu sənəd eyni zamanda regionların sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərin davamı kimi mühüm əhəmiyyət daşıyır. Azərbaycanın bölgələrində ötən illərdə həyata keçirilmiş infrastruktur layihələri, enerji və nəqliyyat imkanlarının genişləndirilməsi yeni sənaye müəssisələrinin yaradılması üçün əlverişli zəmin formalaşdırıb.
Xüsusilə işğaldan azad edilmiş ərazilərin zəngin təbii ehtiyatlarının iqtisadi dövriyyəyə cəlb olunması yeni inkişaf mərhələsinin mühüm istiqamətlərindən biridir. Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis və molibden yataqlarının istismarı, mövcud ehtiyatların müasir geoloji üsullarla dəqiqləşdirilməsi və yeni perspektivli yataqların müəyyənləşdirilməsi qarşıya qoyulan əsas vəzifələrdəndir. Ağdərə rayonunda artıq müvafiq işlərə başlanılıb, Kəlbəcər və Zəngilanda da işlərin genişləndirilməsi nəzərdə tutulur. Bu layihələrin həyata keçirilməsi Qarabağ və Şərqi Zəngəzurda iqtisadi fəallığın və məşğulluğun artırılmasına yeni imkanlar yaradacaq.
Dağ-mədən sənayesinin inkişafında əsas məqsəd yalnız faydalı qazıntıların hasil edilməsi deyil. Qarşıya qoyulan mühüm vəzifələrdən biri xammaldan son məhsula qədər tam istehsal və emal zəncirinin Azərbaycanda yaradılmasıdır. Bu yanaşma ölkənin təbii sərvətlərindən daha yüksək əlavə dəyər əldə etməyə, yeni istehsal müəssisələri yaratmağa və ixrac imkanlarını genişləndirməyə xidmət edir. Hələ 2026-cı il aprelin 1-də Dövlət Proqramının hazırlanmasına dair verilmiş Sərəncamda da xammaldan son məhsula qədər dəyər zəncirinin inkişafının sürətləndirilməsi və yüksək əlavə dəyər yaradan metal emalının genişləndirilməsi əsas məqsədlər sırasında müəyyən edilmişdi.
Bu sahədə dövlətlə yanaşı, özəl sektorun və xarici investorların iştirakı üçün də imkanlar yaradılır. Dövlət xətti ilə “AzerGold”un fəaliyyətinin genişləndirilməsi, eyni zamanda, özəl və xarici sərmayənin yeni layihələrə cəlb edilməsi nəzərdə tutulur. Prezident İlham Əliyevin çıxışında vurğulandığı kimi, əhəmiyyətli yeni qızıl, mis və molibden yataqlarının aşkarlanması zamanı zənginləşdirmə və emal zəncirinin yaradılması vacibdir. Məqsəd təbii sərvətlərin sadəcə filiz şəklində dünya bazarlarına çıxarılması deyil, onların ölkə daxilində emal olunaraq daha yüksək əlavə dəyər yaradan məhsula çevrilməsidir.
Balakən rayonunda yerləşən “Filizçay” polimetal yatağı və “Daşkəsən” dəmir filizi layihəsi də yeni sənaye strategiyasının mühüm tərkib hissələrindəndir. Bununla yanaşı, Qərb Sənaye Parkının yaradılması da dağ-mədən sənayesinin inkişaf etdirilməsi, müasir istehsal müəssisələrinin qurulması və tam sənaye zəncirinin formalaşdırılması məqsədlərinə xidmət edir. Proqram üzrə 2027–2030-cu illərdə ümumi investisiya ehtiyacının 5,3 milyard manat həcmində qiymətləndirilməsi nəzərdə tutulan layihələrin miqyasını göstərir. Həmçinin 2030-cu ilədək sektorun ÜDM-ə töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılması hədəflənir.
Dağ-mədən sənayesinin genişləndirilməsi zamanı ekoloji təhlükəsizliyin qorunması da əsas prinsiplərdən biri kimi müəyyən edilib. Prezident İlham Əliyevin çıxışında ekoloji ekspertizanın maksimum səviyyədə aparılmasının və bütün ekoloji normaların gözlənilməsinin vacibliyi xüsusi vurğulanıb. Dövlət başçısının təbiətin əsas sərvət kimi qorunmasının zəruriliyini diqqətə çatdırması iqtisadi inkişafla ekoloji məsuliyyət arasında tarazlığın təmin edilməsinin əhəmiyyətini göstərir.
Metallurgiya sənayesinin inkişaf etdirilməsi də qarşıdakı dövrün mühüm vəzifələrindəndir. Xüsusilə alüminium istehsalının genişləndirilməsi və 2030-cu ilin sonunadək istehsalın 100 min tona çatdırılması nəzərdə tutulur. Yeni zavodların yaradılması həm daxili istehsal imkanlarını genişləndirəcək, həm də ölkənin ixrac potensialının artmasına şərait yaradacaq.
Dövlət Proqramının icrasının ən mühüm sosial nəticələrindən biri yeni iş yerlərinin yaradılması olacaq. Prezident İlham Əliyevin çıxışında beş mindən çox daimi iş yerinin açılmasının nəzərdə tutulduğu bildirilib. Yeni müəssisələrin yaradılması xüsusilə regionlarda, o cümlədən işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda məşğulluğun artırılmasına, əhalinin iqtisadi fəallığının yüksəlməsinə və bölgələrin inkişafının sürətlənməsinə şərait yaradacaq. Bununla yanaşı, dövlət büdcəsinə vergi daxilolmalarının artması və güclü ixrac potensialının yaradılması gözlənilir. Dövlət başçısının çıxışında layihələrin gözlənilən illik müsbət maliyyə təsirinin bir milyard manatdan çox ola biləcəyi qeyd olunub.
Beləliklə, 2027–2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı Azərbaycanın qeyri-neft iqtisadiyyatının genişləndirilməsi üçün yeni imkanlar yaradır. Təbii sərvətlərin müasir texnologiyalar əsasında öyrənilməsi və səmərəli istifadəsi, xammaldan hazır məhsula qədər istehsal zəncirinin yaradılması, yeni investisiyaların cəlb edilməsi, minlərlə yeni iş yerinin açılması və ixrac potensialının artırılması ölkənin iqtisadi qüdrətinin daha da möhkəmləndirilməsinə xidmət edəcək. Dövlət Proqramının icrası eyni zamanda regionların, xüsusilə Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafının sürətləndirilməsi və onların ölkə iqtisadiyyatına inteqrasiyasının daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
| Bölmə | Qəzet |
| Kateqoriya | Məqalələr |
| Yerləşdirdi | |
| Yerləşdirildi | 13 saat öncə |
| İzlənib | 16 dəfə |