0
Bu gün işğaldan azad edilmiş Füzulidə həyata keçirilən quruculuq işlərini izləyəndə insan həm sevinir, həm də böyük qürur hissi keçirir. Vaxtilə dağıdılmış, yaşayışın dayanması ilə səssizliyə qərq olmuş torpaqlarda indi müasir binalar ucalır, geniş yollar çəkilir, məktəblər və sosial obyektlər tikilir. Bütün bunlar Azərbaycanın öz torpaqlarına sahib çıxmasının, xalqımızın qurub-yaratmaq əzminin və dövlətimizin qüdrətinin bariz nümunəsidir.
Füzuli şəhəri 1993-cü ilin avqustunda işğal olunduqdan sonra ağır dağıntılara məruz qalmışdı. Uzun illər ərzində burada yaşayış binaları, ictimai obyektlər və tarixi-mədəni irs nümunələri ciddi zərər görmüşdü. 2020-ci il oktyabrın 17-də Azərbaycan Ordusunun Füzulini azad etməsi ilə şəhərin tarixində tamamilə yeni mərhələ başlandı. Artıq əsas məqsəd yalnız azad edilmiş ərazilərin bərpası deyil, həm də bu torpaqlarda insanların rahat, təhlükəsiz və firavan yaşaması üçün müasir şəraitin yaradılmasıdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Füzuli şəhərinin yenidən qurulması ardıcıl şəkildə həyata keçirilir. 2023-cü il martın 18-də Nazirlər Kabineti tərəfindən Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planın təsdiq edilməsi gələcək quruculuq işlərinin əsas istiqamətlərini müəyyənləşdirdi. Bu plan şəhərin sadəcə əvvəlki vəziyyətinə qaytarılmasını deyil, onun müasir şəhərsalma prinsiplərinə uyğun inkişaf etdirilməsini nəzərdə tutur.
Füzulidə görülən işlərin mühüm istiqamətlərindən biri nəqliyyat infrastrukturunun yenidən yaradılmasıdır. Zəfər yolu, Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolları bölgənin digər yaşayış məntəqələri ilə əlaqələrini genişləndirir. Bu yollar həm insanların rahat hərəkətinə, həm də Qarabağın iqtisadi və turizm imkanlarının inkişafına xidmət edir. Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi isə xüsusilə əlamətdar hadisədir. 2021-ci il oktyabrın 26-da Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə açılan bu hava limanı Qarabağın dünyaya açılan mühüm nəqliyyat qapılarından birinə çevrilib.
Yenidənqurma işlərinin digər mühüm tərəfi enerji və kommunal infrastrukturun formalaşdırılmasıdır. Füzulidə müasir elektrik yarımstansiyalarının, rəqəmsal idarəetmə mərkəzlərinin yaradılması, içməli su və kanalizasiya sistemlərinin qurulması şəhərin dayanıqlı inkişafı üçün vacib şərtlərdəndir. Köndələnçay su anbarları kompleksinin bərpası da bölgənin təsərrüfat həyatı və su ehtiyatlarından səmərəli istifadə baxımından xüsusi əhəmiyyət daşıyır.
Şəhərdə yeni yaşayış komplekslərinin, təhsil və səhiyyə müəssisələrinin yaradılması xüsusilə sevindiricidir. Çünki şəhəri həqiqi mənada yaşadan yalnız binalar deyil, həmin binalarda yaşayan insanlardır. Uşaqların məktəbə getməsi, ailələrin gündəlik həyatlarını qurması, gənclərin öz gələcəklərini doğma torpaqlarda planlaşdırması Füzulinin yenidən dirçəlməsinin əsas göstəriciləridir.
Füzulidə aparılan quruculuq işləri həm də xalqımızın illərlə qoruduğu ümidlərin reallaşmasıdır. İşğal dövründə öz evlərini tərk etmək məcburiyyətində qalan insanlar indi həmin yerlərdə yenidən həyat qurmaq imkanı əldə edirlər. Müasir yaşayış şəraiti ilə təmin olunan ailələrin sevincini görmək hər bir azərbaycanlı üçün mənəvi dəyər daşıyır.
Bütün bunlarla yanaşı, azad edilmiş ərazilərdə mina təhlükəsinin aradan qaldırılması da mühüm vəzifə olaraq qalır. Füzuli rayonunun geniş ərazilərinin minalarla çirkləndirilməsi bərpa işlərini mürəkkəbləşdirən əsas amillərdəndir. Buna baxmayaraq, təhlükəsizliyin təmin edilməsi və yaşayış üçün zəruri infrastrukturun yaradılması istiqamətində işlər ardıcıl davam etdirilir.
Bu gün biz Füzulinin timsalında Azərbaycanın necə böyük quruculuq potensialına malik olduğunu görürük. Bir neçə il əvvəl dağıntılarla xatırlanan şəhərin indi müasir yaşayış məkanına çevrilməsi xalqımızın gələcəyə nikbin baxmasına əsas verir. 17 Oktyabr – Füzuli Şəhəri Günü bu baxımdan yalnız zəfər tariximiz deyil, həm də yeni həyatın başlanğıcını təcəssüm etdirir.
İnanırıq ki, yaxın illərdə Füzuli daha da gözəlləşəcək, burada iqtisadi fəaliyyət genişlənəcək, yeni iş yerləri yaradılacaq və şəhər Qarabağın inkişaf edən mühüm mərkəzlərindən birinə çevriləcək. Ən böyük sevincimiz isə odur ki, bu torpaqların əsl sahibləri öz doğma yurdlarında yaşayır və gələcəklərini burada qururlar. Azad Füzulinin hər yeni binası, hər yeni küçəsi və hər qayıdan ailəsi Azərbaycanın böyük qələbəsinin davamı deməkdir.
| Bölmə | Qəzet |
| Kateqoriya | Məqalələr |
| Yerləşdirdi | |
| Yerləşdirildi | 10 saat öncə |
| İzlənib | 22 dəfə |