Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımı xalqımızın yaddaşına silinməz iz salmışdır. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə baş verən bu qanlı hadisə təkcə bir şəhərin deyil, bütöv bir xalqın taleyinə ağır zərbə vurdu. Ermənistan silahlı qüvvələrinin Xocalıya hücumu nəticəsində yüzlərlə dinc sakin yalnız azərbaycanlı olduqlarına görə amansızcasına qətlə yetirildi. Bu faciə insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalır və illər keçsə də, onun yaratdığı ağrı unudulmur.
Həmin gecə Xocalı sakinləri şəhəri tərk edərək təhlükəsiz ərazilərə çatmağa çalışsalar da, əvvəlcədən qurulmuş pusqular nəticəsində xüsusi qəddarlıqla öldürüldülər. Uşaqların, qadınların və qocaların hədəfə alınması bu hücumun hərbi əməliyyat deyil, məqsədli soyqırımı aktı olduğunu bir daha sübut edir. 613 nəfərin həyatına son qoyulması, yüzlərlə insanın əsir götürülməsi, ailələrin tamamilə məhv edilməsi faciənin miqyasını açıq şəkildə göstərir. Bu, yalnız Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş bir vəhşilik idi.
Xocalı faciəsinin əsas məqsədlərindən biri bölgədə yaşayan azərbaycanlı əhalini qorxu altında saxlamaq və onları öz doğma torpaqlarından didərgin salmaq idi. Şəhərin yerlə-yeksan edilməsi, mülki obyektlərin dağıdılması, mədəni irsin məhv olunması bu siyasətin tərkib hissəsi idi. Lakin bütün bu amansızlıqlara baxmayaraq, Azərbaycan xalqının iradəsi qırıla bilmədi. Xocalı dərdi milli birliyimizi daha da gücləndirdi və torpaqlarımızın azad olunacağına inamı artırdı.
Faciəyə ilk hüquqi-siyasi qiymətin verilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun təşəbbüsü ilə Xocalı soyqırımı dövlət səviyyəsində tanındı, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində sistemli işlərə başlanıldı. Sonrakı illərdə bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi, beynəlxalq platformalarda Xocalı həqiqətləri ardıcıl şəkildə gündəmə gətirildi. Bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində bir sıra ölkələr və beynəlxalq təşkilatlar faciəni tanıdı və pislədi.
“Xocalıya ədalət!” beynəlxalq kampaniyası da bu həqiqətlərin dünyaya çatdırılmasında mühüm rol oynadı. Müxtəlif ölkələrdə keçirilən tədbirlər, sərgilər və konfranslar sayəsində milyonlarla insan Xocalıda törədilən cinayətlər barədə məlumat aldı. Bu təşəbbüs yalnız tarixi faktların təqdimatı deyil, həm də insan hüquqlarının müdafiəsi baxımından qlobal çağırışa çevrildi. Çünki Xocalı kimi faciələrin unudulması onların təkrarlanmasına zəmin yarada bilər.
2020-ci ildə əldə edilən tarixi Qələbə və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması Xocalı qurbanlarının ruhuna ən böyük təsəlli oldu. 2023-cü ildə keçirilmiş antiterror tədbirləri nəticəsində Xocalı tam nəzarətə götürüldü və şəhərdə Azərbaycan Bayrağı ucaldıldı. Bu hadisə yalnız hərbi uğur deyil, həm də tarixi ədalətin bərpası idi. İllərlə həsrətində olduğumuz torpaqlara həyat yenidən qayıdır, dağıdılmış yurdlar bərpa olunur, yeni evlər tikilir.
Bu gün Xocalı yenidən doğulur. Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən quruculuq işləri şəhərin simasını dəyişir, keçmiş məcburi köçkünlər doğma torpaqlarına qayıtmağa hazırlaşırlar. Yeni yollar, məktəblər, xəstəxanalar və sosial obyektlər Xocalının gələcəyinin parlaq olacağından xəbər verir. Bərpa prosesi yalnız infrastrukturun yenilənməsi deyil, həm də tarixi yaddaşın yaşadılması deməkdir.
Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşında həm böyük kədər, həm də sarsılmaz iradənin simvoludur. Bu faciə bizə göstərdi ki, milli birlik və həmrəylik xalqımızın ən böyük güc mənbəyidir. Bu gün azad Xocalıda dalğalanan üçrəngli bayrağımız şəhidlərimizin qanı bahasına qazanılmış Zəfərin rəmzidir.
Xocalını anmaq yalnız keçmişi xatırlamaq deyil, həm də gələcəyə baxmaqdır. Tarixdən nəticə çıxaran xalqlar daha güclü olur. Azərbaycan xalqı Xocalı qurbanlarını heç vaxt unutmayacaq, onların xatirəsini daim uca tutacaq və belə faciələrin bir daha təkrarlanmaması üçün həqiqətləri dünyaya çatdırmaqda davam edəcək. Ağrı ilə başlayan bu yol bu gün qürur və dirçəlişlə davam edir – Xocalı artıq yalnız faciənin deyil, həm də zəfərin şəhəridir.
Xocalı rayon ziyalısı Elxan Zamanov