Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan–İtaliya strateji tərəfdaşlığı yeni mərhələyə qədəm qoyur

0

  •  



    2026-cı il mayın 4-də Ciorgia Meloninin Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyev mühüm bəyanatla çıxış edərək Azərbaycan-İtaliya münasibətlərinin strateji xarakter daşıdığını və əməkdaşlığın bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyini bildirdi. Dövlət başçısının səsləndirdiyi fikirlər iki ölkə arasında formalaşmış yüksək siyasi etimadın, iqtisadi tərəfdaşlığın və qarşılıqlı dostluq münasibətlərinin növbəti təsdiqi kimi qiymətləndirilir.



    Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan və İtaliya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsində qurulub və 2014-cü, eləcə də 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlığa dair bəyannamələr bu əlaqələrin əsasını təşkil edir. Həmin sənədlərdə əks olunan müddəalar bu gün real əməkdaşlıq layihələrində öz əksini tapır. Dövlət başçısı qeyd etdi ki, Baş nazir Ciorcia Meloninin Ermənistandakı proqramını başa vurduqdan sonra Azərbaycana gəlməsi ölkəmizə göstərilən xüsusi hörmətin və dost münasibətin təzahürüdür.



    Prezident İlham Əliyev iki ölkə arasında siyasi əlaqələrin ən yüksək səviyyədə olduğunu bildirdi. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan ilə İtaliya arasında qarşılıqlı etimada əsaslanan siyasi dialoq mövcuddur və bu münasibətlər Avropa məkanında Azərbaycanın mühüm tərəfdaşlıq modelinə çevrilib. Bu əməkdaşlıq enerji, iqtisadiyyat, nəqliyyat, təhlükəsizlik və humanitar sahələrdə uğurla inkişaf edir.



    Azərbaycan Prezidenti xüsusilə iqtisadi və enerji əməkdaşlığının əhəmiyyətinə diqqət çəkdi. Bildirildi ki, İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır və ötən il iki ölkə arasında ticarət dövriyyəsi təxminən 12 milyard dollar təşkil edib. Azərbaycan uzun illərdir ki, İtaliyanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan İtaliyanın həm neft, həm də qaz təchizatında ikinci yerdədir.



    Dövlət başçısı vurğuladı ki, ötən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib və bunun 9,5 milyard kubmetri İtaliya bazarına yönəldilib. Bu göstərici İtaliya bazarının Azərbaycan üçün strateji əhəmiyyətini bir daha nümayiş etdirir. Prezident TAP layihəsinin genişləndirilməsi məsələsinin də müzakirə olunduğunu diqqətə çatdıraraq qeyd etdi ki, Cənub Qaz Dəhlizinin inkişafı Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.



    Prezident İlham Əliyev çıxışında yeni əməkdaşlıq istiqaməti kimi hərbi-texniki sahəyə də toxundu. Dövlət başçısı qeyd etdi ki, İtaliya texnologiyalarının Azərbaycan maliyyə imkanları ilə birləşdirilməsi əsasında birgə layihələrin həyata keçirilməsi və birgə istehsalın təşkili ilə bağlı konkret təkliflər müzakirə olunub. Bu əməkdaşlıq gələcəkdə iki ölkənin sənaye və müdafiə potensialının güclənməsinə töhfə verə bilər.



    Dövlət başçısı İtaliya şirkətlərinin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirərək bildirdi ki, hazırda ölkəmizdə 130-a yaxın İtaliya şirkəti fəaliyyət göstərir. Xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələrdə İtaliya şirkətlərinin fəal iştirakı diqqət çəkir. Prezident qeyd etdi ki, İtaliya şirkətləri bu bölgələrdə 23 layihə həyata keçirib və həyata keçirməkdə davam edir.



    Prezident İlham Əliyev təhsil sahəsində əməkdaşlığı da xüsusi vurğuladı. Dövlət başçısı ötən il Bakıda fəaliyyətə başlayan İtaliya-Azərbaycan Universitetinin ölkədə təhsilin inkişafına mühüm töhfə verəcəyini bildirdi. Hazırda universitetdə 500-dən çox tələbənin təhsil aldığı qeyd olunaraq vurğulandı ki, bu gənclər gələcəkdə iki ölkə arasında dostluq və əməkdaşlıq körpüsünə çevriləcəklər.



    Xocalı rayon ziyalısı Zülfü Quliyev.


    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi1 saat öncə
    İzlənib16 dəfə
    Azərbaycan–İtaliya strateji tərəfdaşlığı yeni mərhələyə qədəm qoyur
    Maraqlı gələ bilər
    344