Hər ilin 17 oktyabrı Azərbaycan xalqı üçün həm qürur, həm də duyğu dolu bir gündür. Bu tarixdə qəhrəman Ordumuz Füzuli şəhərini düşmən işğalından azad etdi və beləliklə, uzun illər həsrət çəkdiyimiz torpaqlarda yeni bir həyatın başlanğıcı qoyuldu. Bu gün həmin tarix artıq “Füzuli şəhəri günü” kimi qeyd olunur və hər bir azərbaycanlının qəlbində xüsusi yer tutur.
Füzuli Qarabağın cənub-şərqində, Araz çayına qədər uzanan bərəkətli torpaqlarda yerləşir. Ərazisindən axan Quruçay, Köndələnçay və Çərəkən çayları bu torpağın həyat damarlarıdır. Rayonun 1386 kvadratkilometrlik ərazisi təkcə təbiəti ilə deyil, həm də zəngin tarixi ilə seçilir. XIX əsrin əvvəllərində əsası qoyulan Füzuli 1959-cu ildən böyük şair Məhəmməd Füzulinin adını daşıyır və bu ad rayonun mədəni simasını tamamlayır.
Bu torpaq tarixən abidələrlə, türbələrlə zəngin olub. XIII əsrə aid Şeyx Babi Yaqub türbəsi, XIV əsrin Mirəli türbəsi, eləcə də Əhmədalılar kəndindəki qədim qəbiristanlıqlar bu yerlərin nə qədər qədim mədəniyyət daşıyıcısı olduğunu göstərir. Təəssüf ki, 1993-cü ilin avqustunda Füzuli işğal olundu, kəndlər dağıdıldı, abidələr yerlə-yeksan edildi. Lakin bu xalqın yaddaşından Füzuli heç vaxt silinmədi.
2020-ci ilin payızı Azərbaycan tarixində dönüş nöqtəsinə çevrildi. Qəhrəman əsgərlərimizin fədakarlığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində 17 oktyabrda Füzuli şəhəri azad edildi. O ağır döyüşlərdə düşmənin qurduğu istehkamlar darmadağın edildi. Dünyanın bir çox hərbi ekspertləri belə qələbəni “mümkün olmayanın gerçəkləşməsi” adlandırdılar.
Füzuli uğrunda canını fəda edən qəhrəmanların xatirəsinə ehtiram əlaməti olaraq 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. On minlərlə əsgər və zabit bu medalla təltif olundu. 2023-cü ildə isə dövlət başçısının sərəncamı ilə 17 oktyabr “Füzuli şəhəri günü” elan edildi. Bu, həm tarixi, həm mənəvi baxımdan böyük rəmzi məna daşıyır.
Bu gün Füzuli tamamilə yenidən qurulur. 30 il dağıntı və viranlıqdan sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhər başdan-başa müasir layihələrlə bərpa edilir. Yeni yollar, su anbarları, enerji infrastrukturu, məktəblər və yaşayış kompleksləri ardıcıl şəkildə inşa olunur. Qısa müddətdə Zəfər, Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa yolları istifadəyə verilib. Füzuli Beynəlxalq Hava Limanı, Köndələnçay su anbarları, “Füzuli” yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi artıq bu torpağın dirçəliş rəmzlərinə çevrilib.
Böyük Qayıdış Proqramı çərçivəsində artıq yüzlərlə ailə doğma yurduna dönüb. Hər köç karvanı Füzuliyə həyat gətirir, hər ucaldılan bina, hər işıq dirəyi gələcəyə ümid simvoludur. Bu qayıdış təkcə fiziki deyil, həm də mənəvi bir dönüşdür – xalqın ruhunun, yaddaşının, varlığının geri qayıdışıdır.
Füzulinin bərpasında qardaş ölkələrin də dəstəyi böyükdür. Özbəkistanın inşa etdiyi Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı Uşaq Yaradıcılıq Mərkəzi bu torpaqda qardaşlığın izlərini əbədiləşdirir. Hər bir tikili, hər bir layihə türk dünyasının həmrəyliyini və dostluğunu əks etdirir.
Bu gün Füzuli təkcə bir şəhər deyil, həm də Azərbaycan xalqının qürur mənbəyidir. Burada həyat yenidən başlayır, uşaqlar məktəb yollarına düşür, ailələr evlərinə dönür, bayrağımız dalğalanır. Füzuli həm ağrının, həm də qələbənin rəmzidir.
Tarixə baxdıqda görürük ki, bu torpaq dəfələrlə sınaqlardan keçib, amma hər dəfə küldən yenidən doğulub. İndi Füzuli dirçəlişin, yenilənmənin və Böyük Qayıdışın paytaxtıdır. Bayrağımızın kölgəsində, azad torpaqlarda yüksələn bu şəhər artıq gələcəyin Qarabağının simvoludur.
Füzuli azad torpağın nəfəsidir, müstəqilliyimizin gücüdür və xalqımızın sarsılmaz iradəsinin canlı sübutudur.
Xocalı rayon ziyalısı Bəylər Bəylərzadə