Hər bir xalqın kimliyini, tarixini və mədəni irsini yaşadan, onu gələcək nəsillərə ötürən əsas vasitə onun dilidir. Dil, sadəcə ünsiyyət aləti deyil, həm də xalqın ruhunun, düşüncə tərzinin, adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin daşıyıcısıdır. Məhz bu səbəbdən dilin qorunması və inkişaf etdirilməsi hər bir millətin varlığı və gələcəyi üçün həyati əhəmiyyət daşıyır.
Minilliklər boyu formalaşan milli dəyərlər – folklor, ədəbiyyat, musiqi, incəsənət və digər mədəniyyət nümunələri dil vasitəsilə ifadə olunur və nəsildən-nəslə ötürülür. Dil vasitəsilə xalq öz tarixini, qəhrəmanlarını, yaşam tərzini, dünyagörüşünü və ən əsası da öz milli ruhunu yaşadır. Bu mənada dilin zəifləməsi və ya unudulması xalqın mənəvi köklərindən uzaqlaşması deməkdir.
Azərbaycan dili də xalqımızın keçmişini, mübarizəsini, zəngin mədəniyyətini özündə əks etdirən güclü milli daşıyıcıdır. Bu dil minilliklər boyu xalqın taleyinə şahidlik etmiş, onun sevinci, kədəri, arzuları və ümidlərini ifadə etmişdir. Azərbaycan dili vasitəsilə böyük ədiblərimiz, şairlərimiz və mütəfəkkirlərimiz xalqın mənəvi dünyasını zənginləşdirmiş, yeni nəsillərə yol göstərmişlər.
Milli mənəvi dəyərlərimizin qorunması istiqamətində ana dilinin rolu danılmazdır. Bu səbəbdən təhsil sistemində, media sahəsində, gündəlik həyatda dilin təmiz və düzgün şəkildə istifadəsi olduqca vacibdir. Eyni zamanda, qloballaşan dünyada milli dili yaşatmaq və ona sahib çıxmaq, milli kimliyə və müstəqilliyə sadiqliyin əsas göstəricisidir.
Dilin qorunması və inkişaf etdirilməsi dövlətin, cəmiyyətin və hər bir fərdin üzərinə düşən vəzifədir. Əgər bir xalq öz dilinə sahib çıxırsa, deməli, o xalq öz tarixinə, mədəniyyətinə və gələcəyinə də sahib çıxır. Dilini sevən, dilinə hörmət edən xalq heç vaxt öz milli dəyərlərini itirməz və daim inkişaf yolunda irəliləyər.
Beləliklə, hər bir xalqın varlığının əsas dayaqlarından biri onun dilidir. Dilin yaşadılması, təbliği və gələcək nəsillərə ötürülməsi milli-mənəvi dəyərlərimizin qorunması və yaşaması üçün ən möhkəm zəmin yaradır.
Xocalı rayon ziyalısı Bəxtiyar Allahverdiyev