0
Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Kəlbəcər özünəməxsus təbiəti, zəngin tarixi, maddi-mədəniyyət abidələri və əsrarəngiz coğrafi mövqeyi ilə ölkəmizin mühüm bölgələrindən biridir. Bu diyar xalqımızın çoxəsrlik tarixini, milli-mədəni dəyərlərini və zəngin dövlətçilik ənənələrini özündə yaşadan qiymətli irsə malikdir. Hər il 25 noyabr tarixinin Kəlbəcər Şəhəri Günü kimi qeyd olunması bu qədim Azərbaycan torpağının tarixində yeni mərhələnin başlanğıcını təcəssüm etdirir.
“Kəlbəcər” toponiminin qədim türk dilində “çay üstündə qala” mənasını ifadə etdiyi göstərilir. Tərtər çayı boyunca qayalıqlarda yerləşən qədim süni mağaralar, arxeoloji tapıntılar və qayaüstü təsvirlər bölgənin qədim yaşayış məskənlərindən biri olduğunu göstərir. Kəlbəcər ərazisində 30 min ildən çox tarixə malik yaşayış məskənlərinin, 6 min il əvvələ aid qaya təsvirlərinin və qədim türk əlifbası nümunələrinin aşkar edilməsi onun tarixi əhəmiyyətini daha da artırır.
Kəlbəcərin maddi-mədəniyyət abidələri müxtəlif tarixi dövrlərin xüsusiyyətlərini özündə əks etdirir. Bölgədə atəşpərəstlik, xristianlıq və İslam mədəniyyətinə aid abidələrin mövcudluğu burada əsrlər boyu zəngin mədəni mühitin formalaşdığını göstərir. Qədim qalalar, məbədlər, daş kitabələr və digər tarixi nümunələr Azərbaycanın mədəni irsinin ayrılmaz tərkib hissəsidir.
Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Bölgənin ən hündür zirvələrindən olan Camışdağ 3724 metr, Dəlidağ isə 3616 metr yüksəkliyə malikdir. Geniş meşəliklər, dağ çayları, mineral su mənbələri, zəngin flora və fauna Kəlbəcərin təbii gözəlliklərini formalaşdırır. Rayonun təbii sərvətləri onun iqtisadi, ekoloji və turizm potensialını şərtləndirən mühüm amillərdəndir.
1930-cu ildə inzibati rayon statusu alan Kəlbəcərin ərazisi 3054 kvadratkilometr təşkil edir. İşğaldan əvvəl rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud olmuş, əhalisinin sayı 53 478 nəfər təşkil etmişdir. Bölgədə kənd təsərrüfatı, heyvandarlıq, arıçılıq və digər ənənəvi təsərrüfat sahələri inkişaf etmişdir.
1993-cü il aprelin 2-də Kəlbəcərin işğal olunması nəticəsində rayonun tarixi-mədəni irsinə, təbiətinə və sosial-iqtisadi infrastrukturuna ciddi ziyan dəymişdir. Minlərlə insan öz doğma yurdundan didərgin düşmüş, çoxsaylı tarixi abidələr, təhsil və mədəniyyət müəssisələri dağıdılmışdır. Buna baxmayaraq, kəlbəcərlilər öz milli adət-ənənələrini, doğma yurda bağlılıqlarını və geri qayıtmaq ümidlərini qoruyub saxlamışlar.
2020-ci il noyabrın 25-də Kəlbəcərin işğaldan azad edilməsi bölgənin tarixi-mədəni irsinin qorunması və bərpası üçün yeni imkanlar yaratdı. Hazırda həyata keçirilən genişmiqyaslı quruculuq işləri ilə yanaşı, tarixi abidələrin öyrənilməsi, mühafizəsi və gələcək nəsillərə çatdırılması mühüm əhəmiyyət daşıyır.
Kəlbəcərin keçmişi ilə gələcəyini birləşdirən bu yeni inkişaf mərhələsi Azərbaycanın öz tarixi irsinə sahib çıxmasının ifadəsidir. Kəlbəcər Şəhəri Günü yalnız əlamətdar tarixi hadisənin qeyd olunması deyil, həm də milli yaddaşın qorunması, doğma torpağa bağlılığın möhkəmləndirilməsi və gələcək nəsillərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.
Xocalı rayon gənci Ziya Əliyev.
| Bölmə | Qəzet |
| Kateqoriya | Xocalı rayonu |
| Yerləşdirdi | |
| Yerləşdirildi | 5 saat öncə |
| İzlənib | 14 dəfə |