Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Kəlbəcərin azad olunması – hərbi-siyasi strategiyanın və tarixi Zəfərin mühüm nəticəsi.

0

  • ★
  • ★
  • ★
  • ★
  • ★
  • Azərbaycanın müasir tarixinin ən əlamətdar hadisələrindən biri 2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Qələbədir. Bu Qələbənin mühüm nəticələrindən olan Kəlbəcərin işğaldan azad edilməsi ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində atılmış həlledici addımlardan biridir. 25 noyabr tarixi Azərbaycan xalqının yaddaşına doğma Kəlbəcərin azadlığına qovuşduğu gün kimi həkk olunmuşdur.



    1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal edilməsi bölgənin əhalisi üçün ağır faciələrə səbəb olmuşdur. İşğal nəticəsində 511 dinc sakin həyatını itirmiş, 321 nəfər əsir götürülmüş və ya itkin düşmüşdür. Rayonun əhalisi Azərbaycanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmaq məcburiyyətində qalmışdır.



    Kəlbəcərin işğalı beynəlxalq hüquq müstəvisində də ciddi narahatlıq doğurmuşdur. BMT Təhlükəsizlik Şurasının 1993-cü il aprelin 30-da qəbul etdiyi 822 saylı Qətnamədə işğalçı qüvvələrin Kəlbəcərdən və Azərbaycanın digər işğal olunmuş ərazilərindən dərhal çıxarılması tələb edilmişdir. Lakin qətnamənin tələbləri uzun illər ərzində yerinə yetirilməmiş və münaqişənin həlli istiqamətində aparılan danışıqlar gözlənilən nəticəni verməmişdir.



    İşğal dövründə Kəlbəcərdə yaşayış məntəqələri, məktəblər, kitabxanalar, tibb müəssisələri, tarixi-mədəniyyət abidələri və digər infrastruktur obyektləri dağıdılmışdır. Rayonun təbii sərvətlərinin istismarı və qeyri-qanuni məskunlaşdırma ilə bağlı məsələlər də işğalın ağır nəticələri sırasında yer almışdır.



    2020-ci ildə başlanan 44 günlük Vətən müharibəsi Azərbaycanın hərbi və siyasi tarixində dönüş nöqtəsi oldu. Müharibənin ilk günlərində Kəlbəcərin şimal hissəsində strateji yüksəkliklərin Azərbaycan Ordusunun nəzarətinə keçməsi hərbi əməliyyatların ümumi gedişinə mühüm təsir göstərdi.



    Azərbaycanın döyüş meydanında qazandığı uğurlar və siyasi-diplomatik proseslər nəticəsində 2020-ci il noyabrın 10-da Üçtərəfli Bəyanat imzalandı. Bəyanatın şərtlərinə uyğun olaraq, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Bununla da Kəlbəcər şəhəri daxil olmaqla rayonun 147 yaşayış məntəqəsi işğaldan azad olundu.



    Kəlbəcərin azad edilməsi hərbi gücün, siyasi iradənin, diplomatik fəaliyyətin və strateji planlaşdırmanın birgə nəticəsi kimi qiymətləndirilir. Bu tarixi hadisə Azərbaycan xalqının uzun illər davam edən yurd həsrətinə son qoymaqla yanaşı, regionda yeni inkişaf imkanları yaratdı.



    Kəlbəcərin azad olunmasında iştirak edən hərbi qulluqçuların göstərdikləri igidlik və şücaət dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilmiş, təqdim olunan məlumatlara əsasən, 9455 hərbi qulluqçu bu medalla təltif olunmuşdur.



    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, 25 noyabr Kəlbəcər Şəhəri Günü kimi müəyyən edilmişdir. Bu əlamətdar gün Azərbaycan xalqının tarixi yaddaşında özünəməxsus yer tutur, Vətən uğrunda həyatını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edilməsinə və qazilərimizin xidmətlərinin qiymətləndirilməsinə imkan yaradır.



    Bu gün Kəlbəcərdə dalğalanan Azərbaycan bayrağı ərazi bütövlüyümüzün, milli birliyimizin və dövlət suverenliyimizin rəmzidir. Kəlbəcərin azadlığı xalqımızın tarixi yaddaşında daim yaşayacaq, gələcək nəsillərə Vətənə sədaqət və doğma torpağa bağlılıq nümunəsi kimi ötürüləcəkdir.



    Xocalı rayon gənci Kənan Quliyev.


    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi5 saat öncə
    İzlənib14 dəfə
    Kəlbəcərin azad olunması – hərbi siyasi strategiyanın və tarixi Zəfərin mühüm nəticəsi.
    Maraqlı gələ bilər
    175