20 Sentyabr – Dövlət Suverenliyi Günü xalqımızın tarixi qələbəsinin, müstəqillik yolunda çəkdiyi əzabların və böyük nailiyyətlərinin simvoludur. Bu gün biz fəxrlə deyirik ki, Azərbaycan artıq tam suveren bir dövlətdir. Tarix boyu xalqımız çoxsaylı sınaqlardan keçdi, işğallar, soyqırımları, məcburi köçkünlük kimi faciələr yaşadı, amma müstəqillik arzusu heç vaxt sönmədi. Məhz bu əzmin nəticəsində bu gün müstəqilliyimiz daha da möhkəmlənib, ərazi bütövlüyümüz bərpa olunub.
Azərbaycan Ordusunun 2020-ci ildə qazandığı möhtəşəm Qələbə, ardınca Laçın nəzarət-buraxılış məntəqəsinin qurulması və 2023-cü ilin antiterror əməliyyatı ilə dövlətimizin suverenliyi tam təmin edildi. Bu, sadəcə hərbi uğur deyildi, həm də beynəlxalq hüququn, ədalətin təntənəsi idi. İndi Azərbaycanın bütün sərhədləri boyunca hakimiyyətin aliliyi bərpa olunub, konstitusiya quruluşu təmin edilib.
Prezident İlham Əliyevin 2024-cü ildə imzaladığı Sərəncamla 20 Sentyabrın Dövlət Suverenliyi Günü kimi təsis olunması, həmçinin 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi xüsusi tarixi əhəmiyyət daşıyır. Bu qərarlar sübut edir ki, Azərbaycan dövləti təkcə siyasi və hərbi cəhətdən deyil, həm də hüquqi və ideoloji baxımdan möhkəm təməllər üzərində qurulub. Konstitusiya və suverenlik bir-birini tamamlayan anlayışlardır: biri dövlətin hüquqi əsasını, digəri isə müstəqil varlığını ifadə edir.
Mən bir vətəndaş olaraq qürur duyuram ki, bu dövrdə yaşayıram və bu tarixi nailiyyətlərin şahidiyəm. Bu gün biz yalnız özümüz üçün deyil, həm də gələcək nəsillər üçün suveren Azərbaycanı qorumaq məsuliyyətini daşıyırıq. Dövlətimizin əldə etdiyi bu müstəqillik və bütövlük, xalqımızın ən böyük sərvətidir.
Azərbaycan artıq tam suverenliyi ilə dünyaya öz gücünü, iradəsini və müstəqil siyasətini nümayiş etdirir. Bu, dövlətçiliyimizin zirvəsi, gələcəyimizin ən möhkəm təminatıdır.
Xocalı rayon ziyalısı Mahnur Məmmədova