8 yanvar 2026-cı il tarixində Prezident İlham Əliyevin iştirakı ilə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılışı ölkəmizin enerji sektorunda mühüm və tarixi hadisə kimi yadda qaldı. 240 meqavat gücündə olan bu stansiyanın istismara verilməsi Azərbaycanın enerji potensialının gücləndirilməsi, bərpaolunan enerji mənbələrinin genişləndirilməsi və enerji təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının vurğuladığı kimi, bu gün ölkəmizin həyatında əlamətdar bir gündür və bu stansiya artıq fəaliyyətə başlayaraq ümumi inkişafımıza öz töhfəsini verməkdədir.
Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, 2022-ci ilin yanvar ayında təməli qoyulan bu layihə qısa müddət ərzində uğurla başa çatdırılıb. Bu prosesdə əməyi olan bütün şirkətlərə və mütəxəssislərə təşəkkürünü bildirən dövlət başçısı, xüsusilə investor olan “ACWA Power” şirkətinin rolunu vurğuladı. Bu layihə “ACWA Power” tərəfindən Azərbaycanda inşa edilən ilk bərpaolunan enerji stansiyası olsa da, sonuncu deyil. Şirkətin ölkəmizlə bağlı daha geniş planları mövcuddur və Azərbaycan dövləti bu təşəbbüsləri tam şəkildə dəstəkləyir. Bununla yanaşı, Xəzər dənizinin suyunun duzsuzlaşdırılması kimi strateji əhəmiyyətli layihənin də məhz bu şirkət tərəfindən həyata keçiriləcəyi bildirildi.
Layihənin icrasında baş podratçı kimi çıxış edən “Power China” şirkətinin fəaliyyəti də xüsusi qeyd olundu. Prezident İlham Əliyev bu şirkətin gələcəkdə Azərbaycanda həm podratçı, həm də investor kimi digər iri layihələrdə iştirak edəcəyinə əminliyini ifadə etdi. Eyni zamanda, Azərbaycan energetiklərinin peşəkarlığı ön plana çəkildi. Son illər ərzində yeni generasiya güclərinin istismara verilməsi, xüsusilə bərpaolunan enerji mənbələrinin böyük həcmdə enerji sisteminə inteqrasiyası yüksək bilik, məsuliyyət və böyük maliyyə vəsaiti tələb edir. Qarşıdakı illərdə bu sahədə işlərin daha da genişlənəcəyi nəzərə alınaraq, yerli mütəxəssislərin rolunun daim yüksək səviyyədə qalmasının vacibliyi vurğulandı.
Prezident çıxışında Azərbaycanın enerji sisteminin son 20 ildə demək olar ki, tam yeniləndiyini bildirdi. Generasiya gücləri, yarımstansiyalar və ötürücü xətlər müasirləşdirilib, ümumi generasiya gücü əvvəlki dövrlərlə müqayisədə təxminən üç dəfə artaraq 10 min meqavata çatıb. Bu göstərici ölkə tarixində rekord sayılır. Gələcək illərdə yeni bərpaolunan enerji stansiyalarının inşası ilə bu rəqəmin daha da artacağı və Azərbaycanın həm daxili tələbatı tam ödəyəcəyi, həm də elektrik enerjisi ixracını genişləndirəcəyi qeyd edildi. Dövlət başçısı ənənəvi və bərpaolunan enerji mənbələrinin paralel şəkildə inkişaf etdirilməsinin düzgün strategiya olduğunu vurğulayaraq, Mingəçevirdə istismara verilmiş 2000 meqavatlıq elektrik stansiyasını və son dövrdə istifadəyə verilən Günəş və külək stansiyalarını buna nümunə göstərdi.
Bu gün Azərbaycanın müxtəlif bölgələrində bərpaolunan enerji layihələrinin həyata keçirildiyi, Biləsuvar, Neftçala, Naxçıvan və işğaldan azad edilmiş ərazilərdə yeni stansiyaların planlaşdırıldığı bildirildi. Prezident İlham Əliyev Azərbaycanın coğrafi mövqeyinin bərpaolunan enerji istehsalı üçün çox əlverişli olduğunu, xüsusilə Xəzər dənizinin Azərbaycan sektorunda külək potensialının 157 giqavat səviyyəsində qiymətləndirildiyini diqqətə çatdırdı. Bu potensial ölkəmizin gələcəkdə regionun ən böyük və etibarlı enerji istehsalçılarından birinə çevriləcəyini göstərir. Dövlət başçısı xarici investorları, o cümlədən süni intellekt, data mərkəzləri və böyük enerji tutumlu sahələr üzrə fəaliyyət göstərən şirkətləri Azərbaycana investisiya qoymağa dəvət etdi.
Çıxışda ölkəmizdə mövcud olan əlverişli investisiya mühiti də xüsusi vurğulandı. Azərbaycanın indiyə qədər 300 milyard dollardan artıq xarici sərmayə cəlb etməsi, maliyyə vəziyyətinin sabit və müsbət olması, beynəlxalq reytinq agentlikləri tərəfindən kredit reytinqinin artırılması ölkəyə olan etimadın göstəricisi kimi təqdim edildi. Xarici borcun ÜDM-in cəmi 6 faizindən bir qədər çox olması, valyuta ehtiyatlarının isə borcu 16-17 dəfə üstələməsi Azərbaycanın dünya miqyasında qabaqcıl mövqeyini nümayiş etdirir.
Prezident İlham Əliyev gələcək planlardan danışaraq bərpaolunan enerji potensialının sürətlə artacağını, bu səbəbdən enerji saxlanması üçün yeni infrastrukturun yaradılmasının vacibliyini qeyd etdi. Bu məqsədlə ölkə tarixində ilk dəfə olaraq 250 meqavatlıq Batareya Enerji Saxlanc Sisteminin yaradıldığı və bunun “AzərEnerji” tərəfindən icra edildiyi bildirildi. Eyni zamanda, 2030-cu ilə qədər 6 giqavat, 2032-ci ilə qədər isə 8 giqavat gücündə külək və Günəş elektrik stansiyalarının inşa ediləcəyi vurğulandı. Qarabağ və Şərqi Zəngəzurda son beş ildə tikilən 40-a yaxın kiçik su elektrik stansiyası da Azərbaycanın enerji potensialının artmasında mühüm rol oynayır.
Sonda Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanda bərpaolunan enerji sahəsində həyata keçirilən layihələr əsasən xarici investorlar tərəfindən icra olunur və dövlət bu sərmayələri daim qoruyur. Uzunmüddətli neft və enerji müqavilələrinin dəyişdirilmədən icra olunması Azərbaycanın etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir. Enerji təhlükəsizliyi məsələlərinin qlobal miqyasda daha da aktuallaşdığı bir dövrdə Azərbaycan neft, qaz, elektrik enerjisi və digər enerji məhsullarının ixracı ilə bir çox ölkələr üçün etibarlı mənbə rolunu oynayır. “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılışı isə bu strateji xəttin uğurla davam etdiyini bir daha təsdiqləyir.
Xocalı rayon ziyalısı Məmməd Nağıyev