“Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürülən amnistiya təşəbbüsü cəmiyyətin bütün təbəqələrini əhatə edən sosial-siyasi əhəmiyyətə malikdir. Bu təşəbbüs dövlətin vətəndaşlarına qarşı etimadını, mərhəmətini və sosial məsuliyyətini nümayiş etdirərək milli birliyin möhkəmləndirilməsinə xidmət edir. Amnistiya, cəmiyyətdə qarşılıqlı anlayış və sosial barış mühitinin formalaşmasına töhfə verən mühüm vasitədir.
Amnistiya aktı təkcə hüquqi qərar deyil, eyni zamanda sosial institutların möhkəmlənməsinə yönəlmiş dövlət siyasətidir. Azadlığa qovuşan şəxslərin cəmiyyətə adaptasiyası, onların əmək fəaliyyətinə cəlb olunması və sosial həyatda aktiv iştirakı ölkənin ümumi inkişafına müsbət təsir göstərir. Bu baxımdan amnistiya, sosial rifahın artırılması və ictimai sabitliyin qorunması baxımından strateji əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin təşəbbüsü “Konstitusiya və Suverenlik İli”nin mahiyyətini daha da dərinləşdirir. Bu addım bir daha göstərir ki, Konstitusiya yalnız hüquqi norma toplusu deyil, eyni zamanda cəmiyyətin mənəvi əsaslarını, birlik və humanizm dəyərlərini özündə ehtiva edən canlı sənəddir. Suveren və güclü Azərbaycan dövləti bu təşəbbüs vasitəsilə hüquqi dövlətçilik, sosial barış və milli həmrəylik prinsiplərini ardıcıl şəkildə həyata keçirdiyini nümayiş etdirir.
Xocalı səhər 4 saylı məktəbin müəllimi Şahnaz Əliyeva.