Azərbaycan xalqı əsrlər boyu müstəqillik uğrunda mübarizə aparıb. Çətin dövrlər, işğallar, sınaqlar olsa da, xalqımız heç vaxt azadlıq istəyindən, dövlətçilik arzusundan əl çəkmədi. 1991-ci ildə müstəqilliyimizi bərpa etsək də, torpaqlarımızın bir hissəsi işğal altında qaldı, dövlət suverenliyimiz tam təmin olunmadı. Bu, xalqımız üçün yarımçıq qələbə idi.
2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi tarixi dönüş nöqtəsi oldu. Şanlı Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın dəmir iradəsi nəticəsində torpaqlarımızın böyük hissəsi azad edildi. Həmin günlərdə xalqın birliyi, gücü, həmrəyliyi bütün dünyaya nümunə göstərildi. Lakin qarşıda hələ də görüləcək işlər vardı – dövlətin suverenliyi tam bərpa edilməli idi.
Bu gün qürurla deyirik ki, 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri ilə Azərbaycanın suverenliyi tam təmin olundu. Separatçı rejimin qondarma qurumları birdəfəlik ləğv edildi, dövlətimizin qanunları hər qarış torpaqda tətbiq olunmağa başladı. Xankəndidə, Xocalıda, Əsgəranda, Laçında dalğalanan üçrəngli bayrağımız artıq əbədi olaraq orada qalacaq.
Azərbaycan xalqı bu gün həm azad, həm də suveren dövlətin vətəndaşıdır. Bu, sadəcə siyasi uğur deyil, həm də milli qürur, əsrlərin mübarizəsinin nəticəsidir. Suverenlik – azadlığımızın, müstəqilliyimizin və gələcək inkişafımızın ən böyük təminatıdır.
Artıq Azərbaycan tam gücü ilə yeni bir dövrə qədəm qoyub. Sabitlik, əmin-amanlıq, inkişaf üçün möhkəm zəmin yaradılıb. Bu nailiyyətin qorunması və gələcək nəsillərə ötürülməsi isə hər birimizin müqəddəs vəzifəsidir.
Suverenlik bizim ən böyük Qələbəmiz, ən dəyərli milli sərvətimizdir.
Xocalı rayon ziyalısı Şəhriyar Quliyev