Hüquqi, demokratik və dünyəvi dövlətin əsaslarını yaratmaq məqsədilə müasir müstəqil Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin gərgin əməyi nəticəsində 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikası Konstitusiyası ümumxalq referendumu ilə qəbul edildi. Yeni qəbul edilmiş Konstitusiya humanizm və demokratiya prinsipləri ilə ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsinə, dövlətimizin tərəqqisinə möhkəm zəmin yaratdı, ölkəmizin müstəqillik yolunda daha da inamla addımlamasına, milli, mənəvi dəyərlərimizin qorunmasına geniş imkanlar açdı.
Konstitusiyaya müvafiq olaraq Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Ümummilli Lider Heydər Əliyev Konstitusiyada Azərbaycan xalqının Azərbaycan vətəndaşlarından ibarət olmasını nəzərə alaraq deyirdi: “Konstitusiya xalqın Konstitusiyasıdır, hər bir vətəndaşın Konstitusiyasıdır”.
19 sentyabr 2024-cü il tarixində Prezident İlham Əliyev “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncam imzalamaqla hər il sentyabrın 20-si Dövlət Suverenliyi Günü kimi qeyd ediləcəkdir. Bu addımla Azərbaycanın müasir tarixində daha bir şərəfli günün qeyd olunmasına səbəb olmuşdur. Suverenlik dövlətin daxili və xarici işlərdə müstəqilliyini və tam səlahiyyətə malik olmasını təmin edən fundamental prinsipdir. Azərbaycan xalqının tarixi mübarizəsi nəticəsində suverenliyi bərpa edərək müstəqil dövlət qurulmuşdur. Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra Konstitusiya bu suverenliyi möhkəmləndirmiş və hüquqi əsaslar yaratmışdır. 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunması Azərbaycan dövlətçiliyinin əsaslarını daha dərindən dərk etmək və gələcək nəsillərə ötürmək üçün əhəmiyyətli bir addımdır. Bu il ərzində dövlət suverenliyinin qorunması və inkişaf strategiyasının hazırlanması, Azərbaycan dövlətçiliyinin və müstəqilliyinin əhəmiyyətini vurğulayan maarifləndirmə tədbirləri təşkil ediləcəkdir. Bu il təkcə tarixi hadisələrin qeyd olunması üçün deyil, eyni zamanda Azərbaycanın hüquqi və dövlətçilik inkişafının daha da gücləndirilməsi üçün bir fürsətdir.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi: “Müstəqillik bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir. Biz var gücümüzlə müstəqilliyimizi qoruyuruq və qoruyacağıq”. Azərbaycanın müstəqilliyi əbədidir, çünki onun arxasında xalqın iradəsi, qanı, canı bahasına qorunan torpaqlar və güclü dövlətçilik ənənəsi dayanır.
Konstitusiya və suverenlik Azərbaycan dövlətinin dayaqlarıdır və bu dəyərlərin qorunması ölkənin gələcək inkişafı üçün mühüm rol oynayır. Hər bir vətəndaş konstitusiyanı öyrənməli, onun prinsiplərinə hörmət etməli və dövlətin suverenliyini qorumaq üçün çalışmalıdır. “Konstitusiya və Suverenlik ili” bu dəyərlərin daha da möhkəmlənməsinə və gələcək nəsillərə ötürülməsinə mühüm tövfə verəcəkdir.
Dünyamin Əsədov,
Xocalı rayon Statistika İdarəsinin rəisi