0
Laçın Azərbaycan xalqının yaddaşında həm özünəməxsus təbiəti, həm qədim tarixi, həm də keçdiyi ağır sınaqlarla xüsusi yer tutur. 26 avqustun Laçın şəhəri günü kimi qeyd olunması bu qədim şəhərin tarixini, azadlıq uğrunda mübarizəsini və bu gün yaşadığı böyük inkişaf yolunu bir daha diqqətə çatdırır. Laçın şəhərinin tarixi 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsinin Laçın adlandırılaraq şəhər statusu alması ilə bağlıdır. 1930-cu ildə isə Laçın rayonu inzibati ərazi vahidi kimi yaradılıb.
Laçın uzun illər Azərbaycan torpaqlarının işğal altında qalmasının ağrısını yaşayan bölgələrimizdən biri olub. 18 may 1992-ci ildə rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması nəticəsində Laçın əhalisi öz doğma yurdunu tərk etmək məcburiyyətində qalıb. İşğal illərində rayonun yaşayış məntəqələri dağıdılıb, məktəblər, səhiyyə və mədəniyyət müəssisələri məhv edilib, tarixi abidələrə ciddi ziyan vurulub. Laçınlıların illərlə davam edən yurd həsrəti həmin insanların yaddaşında ağır bir iz buraxıb.
Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbə Laçının taleyində də dönüş nöqtəsi oldu. 1 dekabr 2020-ci ildə Laçın rayonu Azərbaycana qaytarıldı. 26 avqust 2022-ci ildə isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdi. Bununla Laçının azadlığı təmin edildi və uzun illər doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşayan insanların qarşısında yeni bir mərhələ açıldı.
Azadlıqdan sonra Laçında başlayan quruculuq işləri öz miqyasına görə diqqət çəkir. Bu gün şəhərin siması sürətlə dəyişir, yeni yaşayış binaları, fərdi evlər, məktəblər, sosial obyektlər və müasir infrastruktur yaradılır. Laçının 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş Plan şəhərin gələcək inkişafının əsas istiqamətlərini müəyyənləşdirir. Burada insanların rahat yaşaması, işləməsi, təhsil alması və istirahət etməsi üçün bütün zəruri şəraitin yaradılması nəzərdə tutulur.
Laçında quruculuq yalnız şəhər mərkəzi ilə məhdudlaşmır. Rayonun kəndlərində də yeni yaşayış məhəllələri yaradılır, məktəblər, uşaq bağçaları, tibb məntəqələri, inzibati binalar və digər sosial obyektlər inşa olunur. Zabux, Sus və Bəylik kəndlərinin yenidən qurulması Böyük Qayıdış prosesinin mühüm hissəsidir. Bu yaşayış məntəqələrində insanların rahat və təhlükəsiz yaşaması üçün müasir infrastruktur yaradılıb.
Laçının inkişafının ən mühüm istiqamətlərindən biri insanların öz doğma yurdlarına qayıtmasıdır. 28 may 2023-cü ildən laçınlıların şəhərə və rayonun kəndlərinə köçürülməsinə başlanılıb. 2026-cı ilin iyul ayına qədər Laçın şəhərinə 614 ailənin, Zabux kəndinə 217 ailənin, Sus kəndinə 59 ailənin, Bəylik kəndinə isə 89 ailənin daimi məskunlaşması təmin edilib. Bu, Böyük Qayıdışın artıq real həyatda öz nəticələrini göstərdiyinin mühüm göstəricisidir.
Laçının gələcəyi yalnız yaşayış və sosial infrastrukturla məhdudlaşmır. Rayonun iqtisadi potensialının artırılması üçün də mühüm layihələr həyata keçirilir. Sənaye zonasında mebel fabriki yaradılıb, aqro-sənaye parkında müxtəlif istehsal sahələrinin fəaliyyət göstərməsi nəzərdə tutulub. Ayaqqabı və tikiş fabriklərinin istifadəyə verilməsi yeni iş yerlərinin yaradılmasına və yerli əhalinin məşğulluğunun təmin edilməsinə xidmət edir.
Rayonun təbii imkanlarından istifadə etməklə kənd təsərrüfatı və digər sahələrin inkişafı üçün də əlverişli şərait formalaşdırılır. Laçında heyvandarlıq və arıçılıq inkişaf etdirilir, “Həkəri Balıq Təsərrüfatı” fəaliyyət göstərir. Bu layihələr həm yerli iqtisadiyyatın canlanmasına, həm də yeni məşğulluq imkanlarının yaranmasına şərait yaradır.
Laçın həm də Azərbaycanın yaşıl enerji siyasətinin həyata keçirildiyi mühüm bölgələrdən biridir. Rayonun çayları üzərində bir sıra su elektrik stansiyaları tikilib və yeni layihələr davam etdirilir. 2026-cı ilin iyulunda Hoçaz çayı üzərində yerləşən üç su elektrik stansiyasının açılışı keçirilib. Rayonun elektrik tələbatının tam olaraq yaşıl enerji hesabına qarşılanması istiqamətində əldə olunan nəticələr Laçının enerji potensialının nə qədər böyük olduğunu göstərir.
Laçının nəqliyyat imkanlarının genişləndirilməsi də şəhərin gələcək inkişafında mühüm rol oynayır. Kəlbəcər-Laçın avtomobil yolunun inşası, tunellərin və körpülərin yaradılması bölgəyə gediş-gəlişi daha da asanlaşdıracaq. Laçın Beynəlxalq Hava Limanının 28 may 2025-ci ildə istifadəyə verilməsi isə rayonun nəqliyyat imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib və bölgənin turizm potensialının inkişafına yeni imkanlar yaradıb.
Laçının turizm potensialı da olduqca böyükdür. Gözəl dağ mənzərələri, meşələri, çayları və təmiz havası bu ərazini gələcəkdə Azərbaycanın əsas turizm məkanlarından birinə çevirə bilər. Şəhərdə bulvar, istirahət məkanları, kotteclər və kanat yolu kimi layihələrin həyata keçirilməsi həm yerli sakinlərin, həm də ölkənin müxtəlif bölgələrindən gələn insanların istirahəti üçün yeni imkanlar yaradacaq.
Laçının inkişafında mədəniyyət də xüsusi yer tutur. “Hoçazfilm” yaradıcılıq studiyasının yaradılması Qarabağın tarixinin, təbiətinin və müasir həyatının audiovizual şəkildə təqdim olunmasına imkan verəcək. Laçın şəhərinin 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan edilməsi isə şəhərin mədəni əhəmiyyətinin daha geniş miqyasda tanınmasına şərait yaradıb.
11 iyul 2026-cı ildə “Həkəriçay” su anbarının təməlinin qoyulması Laçında həyata keçirilən mühüm layihələr sırasındadır. Layihə Azərbaycanın bir sıra rayonlarının içməli su ilə təminatına, eləcə də regionun sosial-iqtisadi inkişafına töhfə verəcək. Su anbarından qidalanacaq magistral boru kəməri boyunca su elektrik stansiyalarının yaradılması da nəzərdə tutulur.
Bu gün Laçına baxarkən burada yalnız yeni tikililəri deyil, böyük bir tarixi dönüşü görmək mümkündür. Bir zamanlar insanları doğma yurdlarından didərgin salınan Laçında indi ailələr yenidən öz evlərinə qayıdır, uşaqlar məktəblərdə təhsil alır, yeni müəssisələr fəaliyyət göstərir və şəhərin küçələrində həyat canlanır. Bu mənzərə Böyük Qayıdışın ən gözəl nümunələrindən biridir.
Laçın şəhəri günü bizə həm keçmişi xatırladır, həm də gələcəyə baxmağa imkan verir. Bu gün Laçın işğalın deyil, Zəfərin, dağıntının deyil, quruculuğun, həsrətin deyil, qayıdışın simvoludur. Doğma torpaqlarına qayıdan laçınlıların sevincində bütöv Azərbaycanın böyük Zəfərinin əks-sədası duyulur. Laçının yenidən dirçəlməsi göstərir ki, tarix boyu öz torpağına bağlı olan xalq öz yurduna qayıdanda orada yenidən həyat, ümid və gələcək qurmaq mümkündür.
| Bölmə | Qəzet |
| Kateqoriya | Məqalələr |
| Yerləşdirdi | |
| Yerləşdirildi | 22 saat öncə |
| İzlənib | 7 dəfə |