Müasir Azərbaycan dövləti hüquqi və demokratik prinsiplər üzərində qurulmuşdur. Bu prinsiplərin əsasında isə Azərbaycan Respublikasının Konstitusiyası dayanır. 12 Noyabr 1995-ci ildə qəbul edilən bu sənəd ölkəmizin dövlət idarəetmə sisteminin, insan hüquqlarının və sosial ədalətin əsasını təşkil edir.
Konstitusiya müstəqillikdən sonrakı dövrdə ölkənin siyasi, iqtisadi və sosial həyatını tənzimləyən başlıca sənəd olaraq dövlət idarəetməsinin şəffaflığını və sabitliyini təmin etmişdir. Onun sayəsində demokratik təsisatların formalaşması, seçki institutlarının inkişafı, vətəndaşların hüquqi mədəniyyətinin yüksəlməsi mümkün olmuşdur.
Son illərdə Konstitusiyanın müddəaları əsasında həyata keçirilən islahatlar dövlət idarəçiliyinin çevikliyini artırmış, iqtisadi müstəqilliyi möhkəmləndirmiş, vətəndaş cəmiyyəti institutlarının inkişafına təkan vermişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə hüquqi dövlətin möhkəmlənməsi, sosial rifahın artırılması və şəffaf idarəetmə prinsiplərinin tətbiqi Konstitusiyanın ruhuna uyğun şəkildə davam etdirilir.
Bu gün Azərbaycan beynəlxalq aləmdə müstəqil, güclü və hüquqa əsaslanan dövlət kimi tanınırsa, bu, Konstitusiyamızın və onun prinsiplərinə sadiqliyin nəticəsidir.
12 Noyabr – Konstitusiya Günü, həm keçmişimizə hörmətin, həm də gələcəyə inamın bayramıdır. Bu tarix bizə xatırladır ki, dövlətin gücü onun qanunlarına, xalqın birliyi isə ədalətə əsaslanır.
Xocalı rayon 5 saylı tam orta məktəbin müəllimi Mətanət Zamanova.