0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2026-cı il tarixində Qırğızıstan Respublikasına həyata keçirdiyi dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin inkişaf tarixində mühüm siyasi hadisə kimi yadda qaldı. Yüksək səviyyəli görüşlər, imzalanan sənədlər, qəbul edilən qərarlar və dövlət başçılarının mətbuata verdikləri bəyanatlar göstərdi ki, Azərbaycan ilə Qırğızıstan arasında əlaqələr artıq yeni məzmun və keyfiyyət qazanaraq müttəfiqlik səviyyəsinə yüksəlib. Bu səfər təkcə ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, həm də türk dünyasında həmrəyliyin, regional əməkdaşlığın və qarşılıqlı etimadın daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin mətbuata bəyanatı səfərin əsas siyasi mesajlarını özündə əks etdirdi. Dövlətimizin başçısı bildirdi ki, bu gün Azərbaycan ilə Qırğızıstan dövlətlərarası münasibətləri ən yüksək səviyyəyə yüksəldiblər və bu, qarşılıqlı etimadın, dostluğun və siyasi iradənin nəticəsidir. Prezidentin "Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq" fikri iki ölkənin gələcək fəaliyyət istiqamətlərini müəyyən edən əsas prinsip kimi çıxış edir. Bu bəyanat göstərir ki, Azərbaycan və Qırğızıstan bundan sonra da beynəlxalq təşkilatlarda, regional platformalarda, iqtisadi layihələrdə və təhlükəsizlik məsələlərində bir-birini qətiyyətlə dəstəkləyəcək, ortaq maraqlar naminə fəaliyyətlərini əlaqələndirəcəklər.
Son illər Azərbaycan ilə Qırğızıstan arasında siyasi dialoq davamlı şəkildə inkişaf edir. Dövlət başçılarının qarşılıqlı səfərləri, imzalanan sənədlər və həyata keçirilən birgə layihələr münasibətlərin dinamik inkişafını təmin edib. 31 iyul tarixli dövlət səfəri isə bu əməkdaşlığın məntiqi davamı olmaqla yanaşı, onu yeni strateji mərhələyə yüksəltdi. Səfər zamanı imzalanan sənədlər paketi iki ölkənin əməkdaşlığının iqtisadiyyat, investisiya, nəqliyyat, kənd təsərrüfatı, təhsil, mədəniyyət, hüquq və digər sahələri əhatə etdiyini göstərir. Bu sənədlər gələcək illərdə əməkdaşlığın daha da genişlənməsi üçün möhkəm hüquqi baza yaradır.
Səfərin ən mühüm nəticələrindən biri Azərbaycan–Qırğız İnvestisiya Fondunun nizamnamə kapitalının 200 milyon ABŞ dollarına çatdırılması barədə əldə olunan razılaşma oldu. Bu qərar hər iki ölkənin iqtisadi əməkdaşlığının daha da genişləndirilməsi istiqamətində mühüm addımdır. Fond vasitəsilə Qırğızıstanda həyata keçirilən layihələr yeni istehsal sahələrinin yaradılmasına, müasir texnologiyaların tətbiqinə, yeni iş yerlərinin açılmasına və sahibkarlığın inkişafına şərait yaradır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Fondun fəaliyyəti artıq konkret nəticələr verir və gələcəkdə onun imkanlarının daha da artırılması istisna edilmir. Bu isə iqtisadi əməkdaşlığın uzunmüddətli və davamlı inkişafına xidmət edən mühüm strateji qərardır.
Dövlət səfəri çərçivəsində İssık-Kul gölünün sahilində yerləşən "Baku Resort & Spa" mehmanxanasının açılışı da Azərbaycan–Qırğızıstan əməkdaşlığının uğurlu nəticələrindən biri kimi diqqət çəkdi. Azərbaycan dövlətinin vəsaiti hesabına inşa edilən bu beşulduzlu hotel turizm sahəsində əməkdaşlığın genişləndirilməsi ilə yanaşı, ölkələr arasında qarşılıqlı etimadın və dostluğun real ifadəsidir. "Bakı" adını daşıyan bu müasir kompleks Azərbaycan brendinin Qırğızıstanda tanıdılması baxımından da xüsusi əhəmiyyət daşıyır və gələcəkdə yeni investisiya layihələrinin həyata keçirilməsinə stimul verəcək.
Prezident İlham Əliyev çıxışında Qırğızıstanın Qarabağın bərpasına verdiyi töhfəni yüksək qiymətləndirdi. Ağdam rayonunda "Manas" adını daşıyan müasir məktəbin inşası qardaş Qırğızıstanın Azərbaycanın ərazi bütövlüyünə və postmünaqişə dövründə aparılan bərpa-quruculuq işlərinə verdiyi dəstəyin bariz nümunəsidir. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən belə layihələr təkcə sosial əhəmiyyət daşımır, həm də türk dövlətləri arasında həmrəyliyin və qarşılıqlı dəstəyin güclü rəmzinə çevrilir. Bu məktəb gələcək nəsillərin elm və təhsil alacağı müasir mərkəz olmaqla yanaşı, Azərbaycan ilə Qırğızıstan dostluğunun uzun illər yaşayacaq simvoludur.
İki ölkə arasında humanitar əməkdaşlıq da sürətlə inkişaf edir. Çingiz Aytmatovun Bakıda adının əbədiləşdirilməsi, Bişkekdə Azərbaycan–Qırğızıstan Dostluq Parkının yaradılması, hər iki ölkədə keçirilən Mədəniyyət Günləri və digər birgə layihələr xalqlar arasında mənəvi bağların daha da möhkəmlənməsinə xidmət edir. Tarixi köklərin, ortaq dil ailəsinin, mədəni irsin və mənəvi dəyərlərin yaxınlığı Azərbaycan ilə Qırğızıstan arasında münasibətləri digər əməkdaşlıq modellərindən fərqləndirən əsas amillərdəndir. Bu əlaqələr gələcəkdə də xalqlar arasında dostluğun möhkəmlənməsinə və türk dünyasının inteqrasiyasına mühüm töhfə verəcək.
Səfər zamanı qəbul edilən Çolpon-Ata Bəyannaməsi Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın yeni inkişaf mərhələsinin əsasını qoydu. Azərbaycanın Mərkəzi Asiya Məşvərət Görüşlərinə tamhüquqlu üzv kimi qəbul edilməsi ölkəmizin region dövlətləri ilə siyasi dialoqunun daha da genişləndiyini və qarşılıqlı etimadın yüksək səviyyədə olduğunu göstərir. Bu qərar nəqliyyat dəhlizlərinin inkişafı, enerji təhlükəsizliyi, ticarət əlaqələrinin genişləndirilməsi və regional inteqrasiya baxımından da mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın həyata keçirdiyi beynəlxalq nəqliyyat layihələri Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına çıxış imkanlarını genişləndirən etibarlı platforma rolunu oynayır.
Dövlət səfərinin əlamətdar hadisələrindən biri də qarşılıqlı ali dövlət təltiflərinin təqdim olunması oldu. Prezident İlham Əliyevin Qırğız Respublikasının I dərəcəli "Manas" ordeni ilə təltif edilməsi onun Azərbaycan–Qırğızıstan münasibətlərinin inkişafına verdiyi töhfənin yüksək qiymətləndirilməsinin göstəricisidir. Eyni zamanda Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycanın ən ali dövlət təltifi olan "Heydər Əliyev" ordeni ilə təltif edilməsi dövlətlərarası münasibətlərin yüksək səviyyəsinin və qarşılıqlı hörmətin ifadəsi kimi böyük siyasi məna daşıyır. Bu təltiflər iki ölkə arasında dostluğun, etimadın və strateji tərəfdaşlığın möhkəm təməl üzərində qurulduğunu bir daha təsdiqləyir.
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri göstərdi ki, Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər yalnız ortaq tarix və mədəniyyətə deyil, həm də qarşılıqlı etimada, konkret iqtisadi layihələrə, siyasi həmrəyliyə və gələcəyə hesablanmış strateji baxışa əsaslanır. Müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi, Qarabağın bərpasına göstərilən dəstək, humanitar əlaqələrin inkişafı, Mərkəzi Asiya ilə əməkdaşlıq imkanlarının genişlənməsi və imzalanan çoxsaylı sənədlər sübut edir ki, Azərbaycan–Qırğızıstan münasibətləri gələcək illərdə daha da möhkəmlənəcək. Bu əməkdaşlıq yalnız iki qardaş ölkənin maraqlarına deyil, bütövlükdə türk dünyasının birliyinə, regionda sülhün, sabitliyin və davamlı inkişafın təmin olunmasına da mühüm töhfə verəcəkdir.
| Bölmə | Qəzet |
| Kateqoriya | Məqalələr |
| Yerləşdirdi | |
| Yerləşdirildi | 13 saat öncə |
| İzlənib | 21 dəfə |