0
2026-cı il mayın 18-də Bakı şəhərində keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası Azərbaycanın beynəlxalq əməkdaşlıq platformalarında artan rolunu və müasir şəhərsalma sahəsində qazandığı uğurları bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin forumun açılış mərasimində etdiyi çıxış həm şəhərsalma sahəsində görülən işlərin təqdimatı, həm də Azərbaycanın tarixi irsə, davamlı inkişafa və insan amilinə verdiyi önəmin ifadəsi kimi böyük maraq doğurdu. Dövlət başçısının çıxışında səsləndirilən fikirlər Azərbaycanın müasir inkişaf modelinin əsas istiqamətlərini əhatə etdi.
Prezident İlham Əliyev qeyd etdi ki, forumda 182 ölkədən 45 mindən artıq iştirakçının qeydiyyatdan keçməsi tədbirin qlobal əhəmiyyətini göstərir. Bu, Bakının beynəlxalq tədbirlərin keçirildiyi mühüm mərkəzlərdən birinə çevrildiyini təsdiqləyir. COP29-dan sonra Azərbaycanda keçirilən ikinci ən böyük beynəlxalq tədbir olan bu forum ölkəmizin dünyada artan nüfuzunun göstəricisidir. Dövlət başçısı forum iştirakçılarının Azərbaycanda şəhərsalma sahəsində həyata keçirilən layihələri yaxından görmək və ölkəmizi daha yaxşı tanımaq imkanı əldə edəcəklərini vurğuladı.
Çıxış zamanı Prezident İlham Əliyev Azərbaycanın tarixən Şərqlə Qərbin qovuşduğu məkan olduğunu diqqətə çatdırdı. Bu xüsusiyyətin ölkəmizin memarlığında və şəhərsalma ənənələrində də aydın şəkildə əks olunduğunu qeyd edən dövlət başçısı Bakını qədimliklə müasirliyin harmonik şəkildə birləşdiyi şəhər kimi xarakterizə etdi. İçərişəhərin qədim divarları, Şirvanşahlar irsi, XIX əsr Avropa memarlığı nümunələri və müasir urbanistik layihələr Bakının zəngin tarixi ilə inkişaf edən müasir simasını bir araya gətirir. Bakı Bulvarının illər ərzində genişləndirilməsi və şəhərin dənizkənarı hissəsinin müasir istirahət məkanına çevrilməsi şəhərsalma siyasətinin uğurlu nəticələrindən biridir.
Prezident İlham Əliyev 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd etdi. O bildirdi ki, Azərbaycan şəhərsalma məsələlərinə yalnız paytaxt səviyyəsində deyil, bütün ölkə üzrə strateji yanaşır. Son illər Ağdam, Zəngilan və Xankəndidə keçirilən milli şəhərsalma forumları işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına verilən önəmin göstəricisidir. Bu tədbirlər həm də Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığının genişlənməsinə xidmət edir.
Dövlət başçısı çıxışında Azərbaycanın qədim şəhərlərinin tarixi və memarlıq irsindən geniş bəhs etdi. Şamaxı, Naxçıvan, Gəncə, Şəki, Qəbələ və Lahıc kimi qədim yaşayış məskənlərinin memarlıq xüsusiyyətləri xalqımızın yüksək mədəniyyətinin və zəngin tarixinin göstəricisi kimi təqdim edildi. Şamaxıda yerləşən qədim məscid, Naxçıvandakı Möminə xatun türbəsi, Şəkidəki tarixi abidələr və Lahıcın əsrlər öncədən qurulmuş infrastruktur sistemi Azərbaycan memarlıq məktəbinin nadir nümunələridir. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan xalqı yalnız ədəbiyyatı və musiqisi ilə deyil, həm də memarlıq irsi ilə fəxr edir və bu irsin qorunması dövlətin prioritet vəzifələrindən biridir.
Prezident İlham Əliyevin çıxışında Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri xüsusi yer tutdu. Dövlət başçısı işğal dövründə Ermənistan tərəfindən şəhər və kəndlərin tamamilə dağıdıldığını, tarixi abidələrin məhv edildiyini bildirdi. Ağdamın “Qafqazın Xirosiması” adlandırılması həmin ərazilərdə törədilmiş dağıntıların miqyasını açıq şəkildə göstərir. Bununla belə, bu gün azad edilmiş torpaqlarda geniş quruculuq işləri həyata keçirilir. Yeni yollar, tunellər, körpülər, hava limanları, məktəblər, xəstəxanalar və yaşayış kompleksləri inşa edilir. Böyük Qayıdış Proqramı çərçivəsində artıq minlərlə insan doğma yurdlarına qayıdaraq normal həyata başlayıb.
Çıxışda ekoloji məsələlər də xüsusi diqqət mərkəzində oldu. Prezident İlham Əliyev Bakının uzun illər ərzində neft sənayesinin yaratdığı ekoloji problemlərlə üzləşdiyini xatırladaraq son illər həyata keçirilən layihələrin şəhərin simasını tam dəyişdiyini bildirdi. Vaxtilə çirkli sənaye zonası kimi tanınan Qara şəhərin müasir Ağ şəhərə çevrilməsi uğurlu şəhərsalma siyasətinin nümunəsi kimi qeyd edildi. Dövlət başçısı son 20 ildə Bakıda 100-dən artıq park və ictimai məkanın salındığını, ictimai nəqliyyat sisteminin yeniləndiyini və ekoloji cəhətdən dayanıqlı şəhər mühitinin formalaşdırıldığını diqqətə çatdırdı.
Prezident İlham Əliyevin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasındakı çıxışı Azərbaycanın müasir inkişaf fəlsəfəsini, şəhərsalma siyasətini və milli-mədəni irsə münasibətini dolğun şəkildə əks etdirdi. Bu çıxış bir daha göstərdi ki, Azərbaycan sürətli inkişafla tarixi dəyərlərin qorunmasını uzlaşdıran, insan rifahını və davamlı inkişafı əsas prioritet hesab edən müasir dövlət kimi gələcəyə inamla irəliləyir.
Xocalı rayon ziyalısı Ziya Əliyev
| Bölmə | Qəzet |
| Kateqoriya | Məqalələr |
| Yerləşdirdi | |
| Yerləşdirildi | 1 ay öncə |
| İzlənib | 43 dəfə |