8 Mart – Beynəlxalq Qadınlar Günü qadınların hüquq və azadlıqlarının tanındığı, onların cəmiyyət həyatında oynadığı mühüm rolun vurğulandığı xüsusi bir gündür. Bu bayram təkcə qadınlara göstərilən ehtiramın ifadəsi deyil, eyni zamanda, onların sosial, iqtisadi və mədəni sahələrdə qazandıqları uğurların qeyd olunması üçün bir fürsətdir.
Qadınlar təkcə ailənin deyil, eyni zamanda cəmiyyətin ayrılmaz tərkib hissəsidir. Onlar dövlət idarəçiliyində, təhsildə, səhiyyədə, elmdə, incəsənətdə və iqtisadiyyatda mühüm mövqe tutaraq, ölkəmizin inkişafına töhfə verirlər. Azərbaycan qadınları tarixən öz zəhmətkeşliyi, mərdliyi və fədakarlığı ilə seçilmiş, milli-mənəvi dəyərlərimizi qoruyaraq gələcək nəsillərə ötürmüşlər.
Dövlət səviyyəsində qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin edilməsi istiqamətində mühüm addımlar atılmışdır. Azərbaycan Respublikasında qadınların sosial rifahının yüksəldilməsi, onların təhsil və məşğulluq sahələrində geniş imkanlara sahib olması üçün müxtəlif layihə və proqramlar həyata keçirilir.
Bu əlamətdar gün münasibətilə bütün qadınları səmimi qəlbdən təbrik edir, onlara cansağlığı, firavanlıq və peşəkar fəaliyyətlərində uğurlar arzulayırıq. Qoy onların fədakarlığı, zəhməti və sevgisi həmişə layiqincə qiymətləndirilsin!
8 Mart – Beynəlxalq Qadınlar Günü mübarək!
Xocalı rayon gənci Ramil Salahov