Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Qalib Bəyməmmədoğlu: “Həmin gün Xocalıya Günəş doğmuşdu”

0

  • Qalib Quliyev (Bəyməmmədoğlu), “Xocalının səsi” qəzetinin redaktorudur. Həmçinin Xocalı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, Xocalı rayon Kosalar kənd tam orta məktəbin İnformatika müəllimidir.

    Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoyması və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı Qalib bəy də sakinlər arasında olub. Biz də onun təəssüratlarını öyrənmək, ötən günlərdən bugünədək keçən yola bir balaca nəzər salmaq istədik.

    - Xocalı səfərindən sonra əslində təxmin edirəm necə olduğunuzu. Amma bir də özünüzdən soruşmaq istərdim. Qalib bəy, necəsiniz?

    - Xoşbəxtəm... Bütün xocalılılar kimi mən də mənən rahatam. Əslində, bu, mənim və digər sakinlərimiz üçün bir ziyarət idi. Ən müqəddəs, ən əziz ziyarət.. Təbii ki, ürəyimizdə Xocalı ağrısının hələ də göynərtisi var. Xocalı soyqırımı xocalılılar üçün qaysaq bağlamayan yaradır. Ancaq Xocalı soyqırımının 32-ci ildönümünü fərqli duyğularla qeyd etdik. Buna görə ki, azad Xocalımızın səmalarında pərvaz edən şəhidlərimizin ruhları şaddır. Şəhid şəhər olan Xocalımızın artıq daşı-torpağı sevinir. Xocalıda bərpa-quruculuq işləri aparılır.

    - Xocalıdan çıxanda yəqin ki, uşaq olmusunuz. Neçə yaşınız var idi onda?

    - Mən Xocalı rayonunun Kosalar kəndində doğulmuşam. Kəndimizdən didərgin düşəndə 6 yaşımın içində idim.

    - Xatırlayırsınızmı o günü? Nələr qalıb yaddaşınızda?

    - Kəndimizi çox az xatırlayıram. Yadımda qalan evimizin həndəvəri, bir də məktəbimizdən bəzi qaranlıq, kölgəyəbənzər xatirələrdir. Ancaq həyatımın ilk çağlarının - uşaqlıq illərimin yaddaşıma əbədi möhürlənmiş qısa fraqmenti heç vaxt silinməyəcək, mənim üçün son nəfəsimə qədər əziz qalacaq. Kəndimizdə göz yaddaşımın lentə aldığı o ağlı-qaralı, qısa filmin davamı var. Artıq göyqurşağının altından keçməyi bacararaq arzularımıza yetmişik. Həyat filmimin davamı doğma yurdumda al-əlvan olacaq.

    - Biz - I Qarabağ müharibəsi dövrünün uşaqları etiraf edək ki, bir az boynubükük, ürkək idik. O dövrlər yaddaşımıza qorxu ilə həkk olunmuşdu. Məsələn, mən Aprel döyüşlərinədək üzdə etiraf etməsəm də, “müharibə” sözündən çəkinirdim. Amma məhz bu döyüşlərdən sonra hər şeyin tamamilə dəyişdiyinə şahid oldum, ürəkləndim, ordumuzun gücünə, xalqımızın birliyinə inandım. Sonrakı döyüşlər isə məlum... Məcburi köçkün kimi yaşadığınız uşaqlıq illərindən bir az danışmağınızı istərdim. Var idimi qorxularınız? Yoxsa bir gün məhz öz gücümüzlə Xocalıya dönəcəyinizə inanırdınız?

    - Uşaq vaxtı televiziyada gördüyüm dəhşətli kadrlar düşmənə olan nifrətimi artırırdı. Başımıza faciələr gəlsə də, mən Xocalı oğullarının qəhrəmanlıq hekayələrini dinləməklə böyüdüm. Evimizə gələn hər qonağa, müəllimlərimə, döyüşçülərimizə müharibədən danışması üçün suallar verirdim. Ancaq bütün danışıqların sonu köməksiz, sahibsiz qalmağımızla yekunlaşırdı. Azərbaycan xalqı döyüşkən, mübariz, torpağa bağlı xalqdır. Qarabağ bir an olsun yadımızdan çıxmadı. Amalımız, arzumuz bizim yolumuza mayak oldu. Birinci Qarabağ müharibəsinin döyüşçülərinin şərəfli döyüş yolunu indiki nəsillər layiqincə davam etdirdi. Şeirlərimdə, qəzetdə yazdığım hər yazıda Böyük Zəfərimizə inamımızdan yazırdım. Oğlumun adını da Zəfər qoymuşam. Onun 9 yaşı var. İndi mənə deyirlər ki, sən uzaqgörən insansan, uşağa gözəl ad seçmisən. Mənim onlara cavabım budur ki, fəhmimdən, gedişatdan, gücümüzdən bilirdim ki, bizi Böyük Zəfər gözləyir.

    - Xocalını tərk edəndən sonra harada məskunlaşdınız?

    - Didərginlik həyatımızın ilk iki ilində ailəmiz 4-5 rayona köç etdi. Taleyin hökmü ilə Gəncə şəhəri, Hacıkənd qəsəbəsində məskunlaşdıq. Orada məktəbə getdim. Kəndimizdəki o gözəl şəraitli məktəbdə təhsil almaq mənə qismət olmadı. Hal-hazırda Gəncə şəhəri ərazisində salınmış 600 evlik qəsəbədə müvəqqəti məskunlaşmışıq. Bundan sonrakı və əbədi yaşayacağımız yer Xocalıdır. Müəllim işləyirəm. Şagirdlərimizin vətənpərvər ruhda tərbiyə olunması üçün əlimdən gələni edirəm. Şagirdlərimin Vətən müharibəsində iştirak etməsi məni qürurlandırır. Həm də bir jurnalist kimi fəaliyyət göstərirəm.

    - Fevralın 26-da Cənab Prezident Xocalıya səfər etdi. Digər Xocalı sakinləri ilə bərabər siz də orada idiniz. O torpağa ayağınız dəyəndə nə hiss etdiniz?

    - Cənab Prezidentimizin Xocalı Soyqırımı Memorialının təməlqoyma mərasiminə gəlməyini gözləyərkən həyəcanım var idi. Ancaq o müdrik insan gəlişi ilə elə bir səmimi görüş yaratdı ki, mən həyəcanın nə olduğunu unutdum. İlk dəfə 2022-ci il may ayının 12-də əziz Şuşamızda keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalında Müzəffər Ali Baş Komandanımızı görmüşdüm. Ancaq budəfəki görüşdə salamlaşmaq da, xatirə şəkli çəkdirmək də qismətim oldu. Bu mənim üçün böyük xoşbəxtlik, həm də məsuliyyətdir.

    Xocalıya ilk ayağım dəyəndə əlimi göylərə qaldırıb dualar etdim, şəhidlərimizə Allahdan rəhmət dilədim, qazilərimizə cansağlığı arzuladım. Dəmir yumruğu ilə düşmənin başını biryolluq əzən Müzəffər Prezidentimizə minnətdarlıq etdim. Dilimdən şükür sözü əsgilmədi. Düşündüm ki, şəhidlərimizin ruhları bizə halallıq verməlidir, yoxsa bizim o torpaqlara qayıtmağa haqqımız çatmaz. Qarqarçaya, Qaraqayaya, Kətik meşəsinə baxdıqca o müdhiş günü gözlərimdə canlandırmağa çalışdım.

    - Mən Şuşaya ilk dəfə səfər edəndə hər addımda ətrafımda şəhid ruhlarının dolaşdığını hiss edirdim. Bunu başqalarına danışanda bir az çəkinirdim ki, mənim hisslərə çox qapıldığımı düşünərlər. Amma sonra səfər edənlərin demək olar ki, əksəriyyəti bir-birindən xəbərsiz bu fikri təkrarlayanda anladım ki, bu, sadəcə, hisslərə qapılmaq deyil... Bəs Xocalıda necə? Ətrafınızda fərqli səslər, nəfəslər eşitdinizmi?

    - Düzünü deyim ki, ilk ziyarətdə insan donub qalır. Aldığım təəssüratların çoxluğu, qarmaqrışıqlığı sanki mənim fikirlərimin qanadına qurğuşun bağlayırdı. Belə halda ən güclü qələm sahibləri belə çətinlik çəkər. Eşitdiyim isə Zəfər təntənəmizin alqış səsləri idi.

    - Xocalı deyəndə gözümüzün önünə yalnız qırmızı rəng gəlirdi. Bəs indi səfər edərkən Xocalı nə rəngdə görünürdü?

    - Həmin gün Xocalıya günəş doğmuşdu. 32 il bundan əvvəl qan izləri ilə qırmızı rəngə boyanan qarın yerini günəşin al şəfəqləri bürümüşdü. Çox qəribə mənzərə vardı. Ağdamdan Xocalıya baxarkən səhər günəşinin al şəfəqlərinin qarlı Kətik meşəsini, ağ örpəyə bürünmüş yüksək dağların üzərini qırmızı rəngə boyadığını gördük. Biz adətən öyrənmişdik ki, hər il Xocalı soyqırımının ildönümü olanda hava dəyişir, sanki həmin günü göylərdən asılı qalaraq gözləyən qar yerə səpələnir ki, o müdhiş gecənin təəssüratlarını bizə yaşatsın. Bu dəfə isə təbiət gülürdü, sevinirdi. İsti qucaq açmışdı. Çünki 32 ildir görmədiyi, nəfəsinə həsrət qaldığı övladlarını bağrına basırdı.

    - Cənab Prezident Xocalı ərazisində gəzərkən sakinlərin onun ardıyca addımlaması əslində çox möhtəşəm bir mənzərə idi. Oxşar səhnəni “Dolu” filminin sonunda görəndə çox təsirlənirdik. Şəhid ruhları Komandirin ardınca gəlir və onlar işğal altındakı torpaqlara doğru birgə addımlayırlar. Bu dəfə isə məhz şəhid şəhərin içində qalib sərkərdə məğrur şəkildə addımlayır, Xocalı sakinləri onunla birgə gedirdilər. Filmdəkindən fərqli olaraq, bu, xəyal yox, reallıq idi... Xocalıda qalib liderlə birgə addımlamaq necə bir hiss idi?

    - Şanlı Zəfər tariximiz, xalqımızın qəhrəmanlıq salnaməsi dastanlara sığmaz. Sakinlərimizin Cənab Prezidentimizin ardınca addımlaması həm də xalqımızın onun ətrafında sıx birləşməsinin, ona inamının təzahürüdür. Ancaq bu dəfə komandirin arxasınca addımlayanlar şəhidlərin ruhları yox, elə şahidlər idi. O şahidlər ki, Xocalı soyqırımından Xocalı Zəfərinə gedən bir yolda Ulu öndərimiz Heydər Əliyevin ideyalarının yaşadığının, Prezident İlham Əliyevin qətiyyətinin, xalqına məhəbbətinin, dəmir yumruğunun şahidləridir. Birgə addımlar qalib ölkənin qalib vətəndaşlarının timsalında bütün xalqımızın həmrəyliyinin, yeni hədəflərimizə doğru qətiyyətimizin simvolu idi. Şəhidlərimizin ruhları isə azad və abadlaşan Xocalımızın səmalarında şad və rahat pərvaz edirdi.

    - Qalib bəy, səmimi söhbətiniz üçün minnətdarlığımı bildirirəm. Bir daha gözünüz, gözümüz aydın olsun deyirəm.

    - Çox sağ olun, mən də sizə öz minnətdarlığımı bildirirəm. Əlbəttə öz yazım da olacaq. Amma onadək öz təssüratlarımı bölüşməyə imkan yaratdığınız üçün təşəkkür edirəm.

    Söhbətləşdi: Məhsəti MUSA
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi2 ay öncə
    İzlənib123 dəfə
    Qalib Bəyməmmədoğlu: “Həmin gün Xocalıya Günəş doğmuşdu”

    Maraqlı gələ bilər
    60
    25
    146